Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Kredom həmişə yeniliklərə, inkişafa açıq olmaqdır”

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Dünyanın dörd bir yanında bu bayramı Azərbaycan müəllimləri də qeyd edirlər. Bir müddət əvvəl isə ölkənin təhsil ictimaiyyəti və müəllimlərini maraqlandıran məsələlərdən biri – müəllimlərin sertifikasiyası baş tutdu.

Bu məqsədlə, “Ankara məktəbində” ibtidai sinif müəllimi kimi çalışan Sevinc Məmmədova ilə əlaqə saxladıq. Bu gün onun üçün ikiqat bay­ramdır. Müəllimlərin sertifikasiya imtahanından yüksək nəticələr göstərmişdir. 15 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldu. On bir ildir Bakının nüfuzlu təhsil ocaqlarından biri sayılan “Ankara məktəbi” məktəb-liseyində ibtidai siniflərə dərs deyir. Su­allarımıza səmimi cavablar verən Sevinc xanım, söhbət əsnasında bildirdi ki, sertifikasiya imtaha­nı, əslində çoxdan olmalıydı. Ən azı 3-4 il əvvəl.

Sertifikasiya təhsil sferasında atılan çox vacib addımlardan biridir: “Sertifikasiya iki mərhələdən ibarət oldu. Birinci mərhələ test idi və açıq deyim ki, özünə güvənən, daim öz üzərində çalışan müəllim üçün heç də çətin sual­lar deyildi. İkinci mərhələ isə müsahibədən ibarət idi. Burada da müəllimin həm təcrübəsi, həm də bilik səviyyəsi özünü göstərirdi. İlk mərhələdən 57, müsahibədən isə 35 bal topladım”. – deyə S.Məmmədova bildirib.

Sevinc Məmmədovanın sözlərinə görə, onun kredosu bir yerdə qalmamaq, hər zaman inkişaf etmək üçün qarşıya hədəf qoymaqdır: “Qaçış marafonunda necədirsə, bu imtahanlarda da belədir. Özünəinam, yenilikçi, axtarışlarda olmaq zəruri ehtiyacdır. Uşaqlar da hər gün nəsə kəşf edir. Müəllim uşaqların bu istəyini təmin etməli, onların zəkasında yaranan bütün boşluqları dol­durmağa çalışmalıdır.

Pedaqoq qeyd edir ki, sertifikasiya imta­hanında açıq dərslər olsaydı, daha yaxşı olar­dı. Açıq dərsdə müəllim öz pedaqoji ustalığı­nı, nailiyyətlərini göstərmək imkanı əldə edər, bundan digər müəllimlər də öyrənib faydalana bilərlər.

Qeyd edək ki, artıq illərin təcrübəli müəllimi sayılan Sevinc Məmmədova 2014-cü ildə “İlin müəllimi” fəxri adına layiq görülüb. Bundan əlavə, elektron müsabiqədə qalib olub və ən əsası Prezident İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib. Biz də öz növbəmizdə, Sevinc xanımın timsalın­da Azərbaycan təhsilində uğurları ilə seçilən müəllimlərimizi peşə bayramları münasibətilə təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirik.

Anar TURAN,

“Xalq qəzeti”

5 Oktyabr 2022 03:14 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə