Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təəssübkeş

Vətənin, ana dilimizin, mətbuatımızın, sözün, sənətin təəssübkeşi olan soydaşlarımızın bəlkə də sayı bilinmir. Çünki qədim tarixə malik olan ulu xalqın gənc müstəqil dövlətinin belə sədaqətli vətəndaşları olduqca çoxdur. Elə bu istiqamətlərdən hansının təəssübkeşinin daha çox olduğu da bilinmir. Çünki bu sətirlərin qəhrəmanı kimi minlərlə insan var ki, həm Vətənin, həm dilimizin, həm mətbuatın, həm sözün, həm doğulub-böyüdüyü məkanın, ... həm də çalışdığı kollektivin təəssübkeşidir. Məhz ona görə də bir adam 10-15 sevgiyə, rəğbətə, bağlılığa imza atmış kimi olur.

Söhbət “Xalq qəzeti”nin məsul ka­tibi, Əməkdar jurnalist, tanınmış söz adamı, bir neçə kitabın müəllifi olan İlqar Gülağa oğlu Rüstəmovdan ge­dir. O, 1962-ci ilin payızında, Lerik rayonunun Çayrud kəndində anadan olmuş, Bakı Dövlət Universitetinin Jur­nalistika fakültəsini bitirmiş, “İdman” qəzetində, Dövlət radiosunda, “Vətən ocağı” qəzetlərində çalışmış, 1991-ci ildən isə taleyini “Xalq qəzeti” redaksi­yasına bağlamışdır.

Tanınmış söz adamı olan Yasin Qaraməmmədli deyirdi ki, jurnalistika­nın ən çətin sahəsi qəzetçilikdir. Ona görə də hansısa qəzetdə çalışandan sonra radioda, televiziyada işləmək ol­duqca asandır. Radioda işləyib qəzetə gedənlər isə xeyli çətinliklə üzləşirlər. Bu baxımdan İlqarın işi yaxşı getmiş­dir.

Bir dəfə həmkarımız İlham Ab­basov dedi ki, İlqar Rüstəmov bitkin adamdır. Soruşdum ki, yetkin, yox­sa bitkin? Dedi, yetkinlik boya-başa çatmaq mənası verir və hər yetkin adam bitkin ola bilmir. İlham Abbaso­vun həmin qənaətinin təsdiqini İlqar Rüstəmovun 1998-ci ildə çap olunmuş “Çevrilişdən çevrilişə” kitabını oxuyan­da görmüşdüm.

... Redaksiyamızın tərcüməçisi, mərhum həmkarımız Ayaz Abba­sov dünya futbolunun ən yaxşı bilicilərindən idi. Onun futbol haqqın­dakı söhbətlərini eşidəndə hamı mat qalırdı. Heç birimiz Ayazın yanında fut­boldan danışmırdıq. Bir dəfə isə İlqarın Braziliya və Argentina futbol məktəbləri haqqında Ayazla mübahisəsinin şa­hidi oldum. Təxminən iyirmi dəqiqəlik mübahisədən sonra Ayaz bəzi məqamları etiraf eləməli oldu. Elə uzun illər “Kino” qəzetinin baş redakto­ru işləmiş Mehdi Mükərrəmoğlu da bir dəfə İtaliya kinorejissorlarından hansı­nınsa filmləri ilə bağlı söhbətdə : “İlqar, sən düz deyirsən” ifadəsini işlətmişdi. Onun əsas peşəsi qəzetçilik olduğuna görə mətbuatın ərsəyə gəlməsi ilə bağ­lı da çox məqamlardan xəbərdardır. Üstəlik, redaksiyanın təəssübünün çəkilməsində də özünəməxsus dəst-xətti var.

O, ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçiləndən sonra ilk xarici təmaslarını reallaşdır­maq üçün getdiyi Fransa səfərində iştirak edən jurnalistlərimizdən biri olanda həm Vətən sevgisini, həm haqqa, ədalətə olan sədaqətini, həm mətbuata bağlığlığını, həm də “Xalq qəzeti”nə olan təəssübkeşliyini nüma­yiş etdirmişdi.

... Yadımdadır, 2001-ci ildə İraq səfərindən sonra hazırladığım “İraq o qədər də iraq deyilmiş...” adlı qəzet materialında belə cümlələr var idi: “Şair İsgəndər Etibarla birlikdə Babi­lin asma bağlar olan ərazisində, uzun əsrlər tarixin küləklərinə tab gətirmiş divarların üstündə turistlər üçün ay­rılmış meydandan uzaqlara baxdıq. “Bəlkə bu yerlərə bir də gəlmədim”, deyə “Xalq qəzeti”nin foto-aparatımı şaqqıldatdım. Bu fotolar alındı”. İlqar Rüstəmov həmin sətirləri oxuyandan sonra dedi: “Ziyarətin qəbul olsun! Təəssüratların zəngindir. Xüsusilə qeyd edilməli məqam isə bütün səfərlərdə fotonu özünün çəkməyindir. Həqiqi jurnalist həm də yaxşı fotoqraf olmalıdır”.

İlqar bunu təkcə mənə demir. Həmkarlarımızın hamısının bu addımı atmasını arzulayır və özü də yazı ha­zırlayanda fotolara müəlliflik edir. Yeri gəlmişkən, bu baxımdan onun adaşı İlqar Həsənovun da çəkdiyi hər foto bir yazı mövzusuna çevrilir.

... 2007-ci ilin may ayında Nijni Novqorod şəhərində yaşayan soy­daşlarımız Bakıdan deputatları, şair və yazıçıları, musiqiçi və jurnalistləri öz şəhərlərinə dəvət etmişdilər. O vaxt Bakının hər küçəsində beş-on yerdə valyutadəyişmə məntəqəsi olsa da, həmin şəhərdə cəmi üç yerdə dolları rus puluna dəyişmək olurdu. “Lokomotiv” stadionunun ətrafındakı milislərin rəhbəri olan bir azərbaycanlı mayor öz maşını ilə biz beş jurna­listi hansısa banka apardı ki, dolla­rı dəyişək. Mənim “Xalq qəzet”ində işlədiyimi biləndə “Orada bizim həmyerlilərimiz də çalışır”, – dedi və İlqar Rüstəmovun atası, mərhum Gülağa müəllim haqqında xeyli müsbət fikirlər səsləndirdikdən sonra sözlərini belə yekunlaşdırdı: “Gülağa müəllim dərs dediyi və demədiyi bütün leriklilərin müəllimi idi”.

Mən orada, Kama çayının Vol­qaya qarışdığı məkanda, “Volqa” avtomobillərinin istehsal edildiyi şəhərdə, “Volqa” maşınında oturub yol gedəndə belə bir qənaətə gəldim ki, İlqarın müsbət keyfiyyətlərinin heç biri onun “öz hünəri deyil”. Onu gen və böyüdüyü mühit bitkin edib.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 

5 Oktyabr 2022 02:08 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə