Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Heydər Əliyev İli” Azərbaycanın müstəqil dövlətçilik ideallarının təntənəsi ilidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan etməsi haqqında xüsusi bir Sərəncam imzalaması bu dahi şəxsiyyətin dünya tarixindəki yeri və mövqeyinə, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinə dövlət səviyyəsində göstərilən yüksək münasibətin, verilmiş böyük qiymətin əməli ifadəsidir. Azərbaycan döləti və xalqımız 1969-cu ildən başlayaraq, 53 ildir ki, Heydər Əliyev epoxasında qurub yaradır və ölkəmiz bu uzaqgörən dahi şəxsiyyətin ideallarının işğında hərtərəfli şəkildə inkişaf edir. Bu tarixi epoxanın bütün parlaq hadisələri və nailiyyətləri Heydər Əliyevin ölməz adı və ideyaları ilə üzvi surətdə əlaqədardır. XXI əsrin dünya liderlərindən biri olan Prezident İlham Əliyev Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi ilə Heydər Əliyev epoxasının yeni bir erasını yaratmışdır.

Bu mənada dövlət başçımız İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqındakı tarixi Sərəncamı çoxəsrlik Azərbaycan tarixində xüsusi mərhələ olan Heydər Əliyev epoxasının mahiyyətini, hadisələrini və nailiyyətlərini daha əsaslı və sistemli şəkildə dərk etməyə və şərh etməyə, xalqımıza və dünyaya çatdırılmasına şərait yaradır.

“Heydər Əliyev İli” bu dahi şəxsiyyətin həyatı, fəaliyyəti, mübarizəsi və idealları ilə əlaqədar bir çox mühüm məsələlərə yenidən və əsaslı qayıdışa şərait yaradacaqdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin dünya dövlətçilik tarixində ilk dəfə olaraq qazandığı Ümummilli Liderlik statusunun elmi, siyasi-fəlsəfi əsaslarının sisatemli və hərtərəfli şəkildə araşdırılıb öyrənilməsi dünya elmi fikrində mühüm bir elmi yenilik ola bilər.

Fikrimizcə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi dünya miqyasında dövlət rəhbəri etalonu miqyasında elmi şəkildə təqdim etmək müasir dünyanın ehtiyacı olduğu tarixdə şəxsiyyətin rolu və missiyası kimi böyük siyasi-tarixi dəyərlərin parlaq bir modelini yaratmağa xidmət edər.

Haqqında çox yazılmasına baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin dünya dövlətçilik tarixində və Azərbaycan xalqının milli intibahındakı yeri və rolunu real şəkildə əks etdirən fundamental və sistemli elmi əsərlərin, dahi şəxsiyyətin elmi bioqrafiyasının, müxtəlif janrlarda yazılmış parlaq ədəbiyyat və incəsənət əsərlərinin yazılmasına ehtiyac vardır.

Azərbaycanın elmi-intellektual potensialı, yaradıcı ziyalılarımız və alimlərimiz “Heydər Əliyev İli”nin çağırışlarına Heydər Əliyevin ömür və mübarizə yolunun dərslərini, müstəqil dövlətçilik və azərbaycançılıq ideallarını dərindən və əsaslı şəkildə əks etdirən fundamental elmi və parlaq bədii əsərlərin xalqımıza və xarici dillərdə dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlarını səfərbər edəcəklər.

“Heydər Əliyev İli” müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin ideallarının işığında qazandığı parlaq nailiyyətlərin bütün dünya qarşısında möhtəşəm hesabatı ili olacaqdır. Bu mənada “Heydər Əliyev İli” Azərbaycanda müstəqil dövlətçilik ideallarının təntənəsi ilinə çevriləcəkdir. Bu, həm də Ümummilli Lider Heydər Əliyevin əbədiyaşarlığının təntənəsi deməkdir.

“Heydər Əliyev İli” müasir nəsillər üçün görkəmli dövlət xadiminin adına və ideallarına layiq şəkildə yaşamaq və işləməyə çağırış kimi də mühüm əhəmiyyətə malikdir.

İsa HƏBİBBƏYLİ, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

3 Oktyabr 2022 16:48 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə