Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Strateji tərəfdaşlığa əsaslanan münasibətlər

Bolqarıstan ilə Azərbaycan arasında yüksək səviyyəli strateji əməkdaşlıq mövcuddur. Əlbəttə, bu əməkdaşlıq bir çox sahələri, o cümlədən, enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 Azərbaycan–Bolqarıstan strateji əməkdaşlığı bir çox istiqamətləri, o cümlədən, enerji təhlükəsizliyini əhatə edir. Belə ki, iki ölkə arasında enerji sahəsi ilə bağlı məsələlər mühüm önəm daşıyır. Bu, ilk növbədə, Cənub Qaz Dəhlizinin istismarı ilə bağlıdır. Hazırda bu ölkəni adı çəkilən dəhlizlə birbaşa xətt bağlayır. Belə bir əhəmiyyətli kommunikasiya isə gələcəkdə böyük potensialı olacaq uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir.

Prezident İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə bu ölkə ilə siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurlu inkişafından danışarkən, bu gün iki dövlət arasında fəal əməkdaşlığın mövcudluğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulayıb. Ölkə rəhbəri, həmçinin Bolqarıstan və Azərbaycanın iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəyinə əminliyini bildirib.

Dövlətimizin başçısının Bolqarıstan Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşündə də bu barədə ətraflı söhbəti olub. Bolqarıstan rəhbəri dövlətimizin başçısının bu səfərini yüksək dəyərləndirirərək, gələcək əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib. Prezident Rumen Radev daha sonra deyib: “Biz Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikik. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. Əminəm, bizim qarşılıqlı marağımız var ki, bütün sahələr üzrə praqmatik və səmərəli münasibətlərimizi inkişaf etdirək”.

Bolqarıstan Prezidentinin vurğuladı­ğı kimi, ölkəsi ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulduğu 30 il ərzində hər iki dövlətin əməkdaşlığı di­namik inkişaf edib. Bir çox istiqamətlərdə, xüsusilə neft-qaz sahəsində həyata keçirilən səmərəli dialoq uğurlu nəticələrlə yekunlaşıb. Məsələn, Yuna­nıstan–Bolqarıstan Qaz İnterkonnekto­runun həm Bolqarıstan, həm də Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihənin olacağı əvvəlcədən proqnoz­laşdırılıb. Artıq bununla Avropanın enerji xəritəsinin yenidən cızıldığı qənaəti tam təsdiqini tapıb.

Burada Prezident İlham Əliyevin Bol­qarıstana səfəri çərçivəsində mətbuata bəyanatında səsləndirdiyi bir məqamı da xatırlatmaq yerinə düşər. Dövlətimizin başçısı Azərbaycanın Avropanın ener­ji təhlükəsizliyində oynadığı rol barədə fikir bildirərək, deyib: “Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlar­da enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz eh­tiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir”.

Yeri gəlmişkən, Yunanıstan–Bolqarıs­tan Qaz İnterkonnektoru kimi bir strateji layihə həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox mühüm önəm daşıyır. Bu interkonnektor Bolqarıstana ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək, həmçinin təkcə Bolqarıstanla deyil, həmçinin bütün region dövlətləri ilə iqtisadi əməkdaşlığın inkişafını şərtləndirəcək.

Xatırladaq ki, ekspertlər tərəfindən Yunanıstanın Komotini bölgəsində Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan–Bolqarıstan İnterkonnektorunun reallaşması TAP-ın inkişafında mühüm bir mərhələnin baş­lanğıcı, Cənub Qaz Dəhlizinin isə yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirilib.

Cənub Qaz Dəhlizinin, onun yeni qolu Yunanıstan–Bolqarıstan İnterkon­nektorunun ərsəyə gəlməsi, Azərbaycan qazının ən çox ehtiyac olan vaxtda Av­ropaya tədarükünün mümkün olması ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın, həmrəyliyin, qarşılıqlı eti­mad və dəstəyin nəticəsidir. Əgər tarixi İstanbul Sazişi imzalanmasaydı, Cənub Qaz Dəhlizi gerçəkləşməyəcəkdi. 2015-ci ildən etibarən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası formatında ölkələrimiz arasında mütəmadi sıx təmaslar, yüksək əlaqələndirmə, məsuliyyətli davranış və məqsədyönlü əməkdaşlıq yaranmasaydı, ardıcıl nailiyyətlərə də imza atmaq müm­kün deyildi.

Sözügedən interkonnektor barədə onu da deyək ki, 2013-cü ilin sentyab­rında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alınması ilə bağlı 25 illik saziş imzalayıb. 2019-cu ilin mayında isə Bolqarıstanın Kirkovo bölgəsində Yunanıstan–Bolqa­rıstan İnterkonnektorunun təməlqoyma mərasimi keçirilib.

İnterkonnektorun işə salınması Bolqarıstanın, ümumən, Cənub-Şərqi Avropanın şaxələndirilmiş ener­ji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyətli hadisədir.

Bir sözlə, bu qaz interkonnektorunun işə salınması Azərbaycan–Bolqarıstan strateji tərəfdaşlığını yeni bir mərhələyə qaldıracaq və Strateji Tərəfdaşlıq haq­qında 2015-ci il tarixli Bəyannamə əsasında qurulan münasibətləri daha da dərinləşdirəcək.

Azərbaycanla Bolqarıstan arasın­da münasibətlərin genişləndirilməsi ilə bağlı o da qeyd edilməlidir ki, hər iki ölkə hazırda bir sıra innovativ sahələrdə də əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Məsələn, informasiya texnologiyaları və süni intellekt sahəsi araşdırılır. Əlbəttə, bu istiqamətdə qarşıda “yaşıl enerji”, kar­bon neytrallığı ilə bağlı müəyyən çağırış­lar var. Hazırda bu məsələlər üzərində fikir mübadiləsi aparılır. Eyni zamanda, Bolqarıstan gübrə istehsalını nəzərdən keçirir. Bütün bunlarla yanaşı, avto­mobil və ehtiyat hissələrinin istehsalı, kənd təsərrüfatı, qida istehsalı, əczaçılıq sahələrində böyük potensialın reallaşdı­rılması da diqqət mərkəzində saxlanılır.

Nəqliyyat sahəsinin inkişafı da hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada Bakı–Tbilisi–Qars dəmir yolu­nun istifadəyə verilməsi hər iki respublika üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarısta­nın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına giriş kimi, Azərbaycanın isə Bol­qarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırır.

Coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün ölkəmizin həyata keçir­diyi layihələri, respublikamızdan keçən yüklərin artan həcmi nəzərə alınsa, da­şımalar sahəsində də böyük potensial mövcuddur. Yalnız bu ilin ilk yarısında Azərbaycandan tranzit 30 faizdən çox artıb.

Sonda qeyd edək ki, Bolqarıstan Azərbaycanla birlikdə 1998-ci ildən Avrasiya nəqliyyat dəhlizi layihəsində (TRASECA) də iştirak edir. İki dövlət arasında həmçinin, regional təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx münasibətlər mövcuddur. Bütün bunlarla bərabər, Azərbaycanla Bolqarıstan arasında indiyədək iqtisadi sahələri əhatə edən bir sıra önəmli sənədlər imzalanıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

2 Oktyabr 2022 01:53 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
25 Noyabr 2022 | 00:56
B İ L D İ R İ Ş
23 Noyabr 2022 | 00:15
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə