Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Revanşistlər də geri çəkilirlər

44 günlük müharibənin nəticələri regionda inkarolunmaz reallıqlar yaradıb. Mövcud reallıqlar Ermənistanda qəbul edilmədikcə, vəziyyət bir az da mürəkkəbləşir. Artıq bütün siyasi kuluarlarda Ermənistanın düşdüyü qeyri-müəyyən vəziyyət, geostrateji proseslərdə Azərbaycan–Türkiyə dostluğu faktorunun danılmaz ağırlığı etiraf edilir. Hətta özünün revanşist siyasi proqramları ilə daha çox gündəmə gələn və Paşinyan hakimiyyətinin ən qatı əleyhdarı olan eks-prezident Robert Köçəryan da məsələnin onlar üçün arzuolunmazlığını etiraf edir.

Əlbəttə, Paşinyan hakimiyyətindən narazı elektoratın yeganə ümidinə çevrilmiş Köçəryan hazırki vəziyyəti sıravi revanşistlərdən daha yaxşı anladığı üçün əvvəlki barışmaz tərzini nisbətən kənara qoymuşdur. O da yaxşı dərk edir ki, hakimiyyətə gəlsə, bütün Ermənistan xalqı arxasında dayansa da, qatar artıq get­mişdir. Ümid bəslədiyi Rusiya və Fransanın proseslərə birbaşa müdaxiləsi mümkünsüz­dür. Köçəryan İrəvanda keçirdiyi mətbuat konfransında açıq şəkildə bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında toqquş­malara yol verməmək üçün əlindən gələni edir və edəcəkdir. Amma Rusiya yalnız diplomati­yadan istfadə edə bilər. Bakıya qarşı Kremlin Ermənistan maraqlarına görə hərbi müdaxilə edəcəyinə inanmaq absurddur.

Sözsüz ki, baş revanşist Rusiyanın Azərbaycanla olan müttəfiqlik müqaviləsinin buna mane olacağını anlayır və yaxşı bilir ki, rusların Ukraynada ağır hərbi əməliyyatlar aparması, tamam başqa geopolitik ma­raqlardan çıxış etməsi günün reallığıdır. Köçəryan yaxın günlərdə baş vermiş sərhəd insidentində də yaxşı gördü ki, Ermənistan–Azərbaycan münaqişəsində digər KTMT ölkələri nəinki neytral mövqe ortaya qoydular, hətta Azərbaycan əleyhinə heç bir müdaxilə üçün əsas olmadığını birmənalı müdafiə etdilər.

Bu məsələdə istər Paşinyan hakimiyyətinin, istərsə də revanşistlərin ən çox ümid bəslədikləri Fransanın NATO blo­kunda bərabər təmsil olunduğu Türkiyə ilə Ermənistana görə qarşı-qarşıya gəlməyəcəyi də bəllidir. Bir sözlə, Köçəryana görə artıq ABŞ və Fransa Azərbaycana təsir rıçaqlarına malik deyil.

Köçəryan xəsisliklə olsa da, Ermənistanın düşdüyü aporiyanı izah etməyə çalışıb. O, bü­tün bunların kökündə səbəb kimi Azərbaycan–Türkiyə birlik tandeminin regionda yeni güc balansının yaratdığını yaxşı anlayır. Və dolayısıyla etiraf edərək deyir ki, Ərdoğan ölkəsinin milli maraqlarının qorunması üzrə ustad dərsi nümayiş etdirir – heç bir təzyiqlərə məhəl qoymur. O, heç bir böyük dövlətin regi­ona müdaxilə edib Ermənistan tərəfini üstün tutmasına imkan verməz. Bizim regionda­kı nüfuzumuz azalıb və düzünü desək, biz özümüz bunu plintus səviyyəsinə çatdırmı­şıq. Biz danışıqlar masasının ətrafında deyil, üzərindəyik.

Revanşistlərin əsas ümid yeri olan Ermənistanın eks-rəhbəri cəmiyyətin onlar­dan qərarlar tələb etdiyini, digər tərəfdən bu qərarların ölkə daxilində iğtişaşlara səbəb ola biləcəyini istisna etmədiyini də açıqlayıb.

Beləliklə, Cənubi Qafqazın siyasi re­allığında Ermənistan adlı dövlətin heç bir rolu qalmayıb. Ermənistanın müharibədə məğlubiyyətinin nəticələri özünü hər gün daha aşkar şəkildə göstərməkdə, yeni dəyişilməz geosiyasi vəziyyətin mənzərəsini açmaqdadır.

Anar TURAN,

“Xalq qəzeti”

2 Oktyabr 2022 01:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə