Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın yeni reallıqları – dünyada, ölkəmizdə və mənim həyatımda

Son 30 ildə Avrasiyanın 60-dan çox şəhərində olsam da, Şuşaya ayağım dəyməmişdi

Azərbaycanın torpaqları­nı işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan son­ra çox fərqli cəbhələrdə davam edəcəkdir.

Rəcəb Tayyib ƏRDOĞAN

Bakı, Azadlıq meydanı, 10 dekabr 2020-ci il

 

Bəli, müharibə 2020-ci ilin noyabrında bitib. Mübarizə isə hər an, hər gün və hər ay davam edir. Azərbaycan əsgərinin rəşadəti, xalq – ordu, xalq – iqtidar birliyi və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti nəticəsində ölkəmizin tarixi Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi təkcə ölkəmizdə və regionda deyil, bütün böyük ölkələrdə yeni reallıqlar yaradıb. Yəni mübarizə artıq başqa müstəvilərdə, yeni mərhələdə davam etdirilir.

Moskva, Vaşinqton və Brüsseldən çağırışlar

Hamının yadındadır. Otuz ilə yaxın idi ki, dünyanın bütün güc mərkəzləri və aparıcı beynəlxalq təşkilatların rəhbərləri ayda bir dəfə bəyanat yayırdı­lar ki, biz münaqişənin həllinə müdaxilə etmək istəmirik, tərəflər öz aralarında kompromisə gəlsinlər. Bu, sadəcə iki­üzlülük və riyakarlıq idi. Çünki mənim ölkəmin ərazisinin 20 faizi on illər boyu işğal altındadırsa, bir milyondan artıq soydaşımın bütün hüquqları ayaq altı­na atılaraq qaçqın-köçkünə çevrilibsə, mənim xalqım Xocalı soyqırımına məruz qalıbsa, onda işğalçı, terrorçu, təxribatçı, vandal və qarətçi ölkə ilə necə kompromisə gedə bilərəm?

İndi isə Azərbaycan rəsmilərinə Moskvadan, Vaşinqtondan, Brüsseldən gələn telefon zənglərinin sayını bilən yoxdur. Hamı çalışır ki, münaqişənin tam həll edilməsi prosesində iştirak et­sin və imzalanacaq tarixi sənəddə onun da adı çəkilsin. Bunun isə bir adı var: Azərbaycanın yaratdığı yeni reallıqlar. Yəni, mübarizə yeni mərhələdə davam edir.

Yurdum, yuvam, məskənim olmayan... Vətənim

Ər-Riyad Ciddədən də isti idi. Termometrlər, az qala, əlli dərəcəni göstərirdi. Bələdçi dedi ki, üç dəqiqəyə Azərbaycan səfirliyinə çatırıq. Allah bilir nə qədər sevinirdim. Diplomatiya­nın əlifbasını bilənlərə də məlumdur ki, hansısa şəhərdəki səfirliklərin ərazisi artıq həmin ölkənin deyil, səfirlik açmış ölkənin ərazisidir.

Səudiyyə Ərəbistanı Krallığı Qara­bağ münaqişəsinə görə Ermənistanla heç bir siyasi-diplomatik əlaqə qur­mayan Türkiyə və Pakistandan sonra üçüncü ölkədir. Həmin ölkənin əhalisi də bizə həddən artıq xoş münasibət göstərirdi. Bütün bunlara baxmaya­yaq, səfirlikdə özümü Qəbələdəki kimi hiss edirdim. Orada olduğumuz sa­atları qələmə alarkən yazıya belə bir sərlövhə vermişdim: “Yurdum, yuvam, məskənim olmayan... Vətənim”. Bu ya­zını “Xalq qəzeti”ndə oxuyan akademik Budaq Budaqov şöbə müdirimiz Tel­man Heydərova zəng edərək demişdi: “Kəlbəcər də, Laçın da, Şuşa, Ağdam, Zəngilan da, Qubadlı da sizin müxbiri­nizin yurdu, yuvası, məskəni olmayan Vətənidir. Bu dərdin ağırlığından da ya­zın”.

... Bu gün mərhum akademikin xa­tırlatdığı ünvanların hamısı artıq mənim məhz yurdum, yuvam, məskənim olan Vətənimdir. Bu, Azərbaycanın yaratdığı yeni reallıqlardır.

Bir oğlum Şuşaya, biri Ağdama...

Yuxarıda qeyd etdiyim kimi, son otuz ildə Avrasiyanın 60-dan çox şəhərində səfərdə olsam da, buradan-buraya – Şuşaya ayağım dəyməmişdi. Hər dəfə uşaqlara deyirdim ki, bizdən ötdü, Alllah Şuşanı, Ağdamı görməyi sizə qismət eləsin. Sən demə, bizdən hələ tam ötməyibmiş. Allaha şükür ki, mən getməsəm də, övladlarımdan ikisi işğal­dan azad edilmiş ərazilərdə olublar.

Mətbuat vasitələri bu yay Təhsil Nazirliyinə istinadən xəbər verirdilər ki, iyulun 31-də bu nazirliyin təşkilatçılığı ilə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Hökumətlərarası Təqaüd Proqramları” çərçivəsində dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil almış bir qrup məzunun işğaldan azad olunmuş Ağ­dam rayonuna səfəri təşkil olunub. Səfərdə iştirak edən 71 nəfər məzunun siyahısında mənim övladım – Təhsil Na­zirliyinin əməkdaşı Sadiq Qaçayev də var idi.

Başqa bir xəbərdə isə bildirilirdi ki, Şuşada keçirilən mədəniyyət tədbirini işıqlandırmaq üçün bu qədim diyarımıza 50-dən çox mətbuat təmsilçisi getmişdir. Həmin 50 nəfərin sırasında isə mənim televiziya operatoru işləyən oğlum Ca­vid Qaçayevin də adı var idi və o, Şu­şadan çox böyük təəssüratlarla qayıtsa da, “Zəfər yolu”ndan və yol boyu rastlaş­dıqları bərpa-quruculuq işlərindən daha çox danışır.

Bu, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun yaratdığı yeni reallıqların daha bir nümunəsidir. Həmin nümunələr beynəlxalq aləmdə də göz önündədir, ölkəmizdə də, hər birimizin həyatında da.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

2 Oktyabr 2022 01:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə