Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Heydər Əliyev İli” ulu öndərə ümumxalq məhəbbətinin ifadəsidir

Heydər Əliyev — 100

“Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması şərəfinə qarşıdakı ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi xəbəri cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanmışdır.

Ötən günlərdə siyasi partiya və vətəndaş cəmiyyəti qurumlarından, ayrı-ayrı kollektivlərdən aldığımız xəbərlərdə, redaksiyamıza ünvanla­nan zənglərdə, göndərilən məktub və rəylərdə bu qərar dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadıl­ması və bərpa edilməsi sahəsində mi­silsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xal­qımızın və dövlətimizin qədirbilən münasibətinin növbəti parlaq təcəssümü kimi qiymətləndirilir.

Prezident sərəncamının doğurduğu böyük məmnunluğun əks-sədası ola­raq bu açıqlama, rəy və mülahizələrdə bildirilir ki, sənəddə dahi şəxsiyyətin müstəqil Azərbaycan Respublikasının bugünkü tərəqqisində, ən əsası, qalib ölkə kimi beynəlxalq aləmdə tanınma­sında rolu və xidmətləri sevgi-sayğı ilə əksini tapmışdır. Qeyd edilir ki, ulu öndərin dövlətimiz, xalqımız qarşısın­dakı xidmətləri hər an, hər gün gözümü­zün önündədir. Bugünkü Azərbaycanın reallıqları Heydər Əliyev siyasətinin təntənəsidir. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi isə bu dahi şəxsiyyətin fəaliyyətinin ay­rı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.

Doğrudan da, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, ideya-siyasi və idarəçilik irsi çox zəngindir. Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir. Hələ bundan son­ra neçə-neçə nəsillər bu məktəbdən bəhrələnəcək, Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək. Bö­yük rəhbərin istər Azərbaycanda hakimiyyətinin birinci mərthələsi (1969--1982), istər Naxçıvan dövrü (1990--1993), istərsə də müstəqilliyimizin bərpasından sonrakı illəri ayrı-ayrılıq­da çağdaş siyasi tariximizin parlaq və zəngin səhifələrini təşkil edir. Ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə əzəmətli bir abidə ucal­dıb. O abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir. Heydər Əliyev və Azərbaycan məfhumlarının birgə ifadə olunması xalqımızın qüdrətli oğ­lunun bənzərsiz həyatının və titanik fəaliyyətinin aydın mənzərəsini yaradır.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə isə sərəncamla bağlı qəzetimizə müsahibəsində aşağıdakıları söylədi:

– 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında dövlət başçı­sının sərəncamında da vurğulandığı kimi, ulu öndər Heydər Əliyev öz xal­qını zamanın mürəkkəb tarixi-siyasi sı­naqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qo­vuşdurmuş qüdrətli şəxsiyyətdir: “Da­vamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir”. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün bö­yük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ulu öndərin xalqın yaradı­cılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindәatdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan ulu öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi is­tedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli lider bütün varlığı ilə sev­diyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün im­kanlardan onun inkişafı üçün istifadə etmişdir. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bü­tün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür.

Üzümüzə gələn 3 oktyabr ulu öndər Heydər Əliyevin 1993-cü ildə ilk dəfə müstəqil Azərbaycan dövlətinə Pre­zident seçildiyi gündür. Artıq həmin tarixdən bizləri 29 illik zaman ayırır. 29 ildə Azərbaycanın keçdiyi inkişaf yolu­na nəzər salsaq görərik ki, hər bir ad­dım torpağa, Vətənə bağlılığın fonun­da dövlətimizin, xalqımızın gələcəyinə xidmət edən qərarlarla zəngindir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən qu­ruldu. Dövlətçiliyin əsasları yaradıldı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demok­ratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.

Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev son 19 ildə ulu öndərin siyasi kursu­nu bütün istiqamətlərdə uğurla davam etdirir. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Heydər Əliyevin şah əsəri olan güclü Azərbaycan dövləti ərazi bütövlüyünü qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısın­da yeni imkanlar yaradır.

YAP Xətai rayon təşkilatının sədri sonda qeyd etdi ki, dahi şəxsiyyətin irsinin təbliği məqsədilə yaradılmış Heydər Əliyev Fondunun görəcəyi işlərə, gerçəkləşdirəcəyi layihələrə, önəmli hədəflərə “Heydər Əliyev İli” layiqli töhfəsini verəcək: “Ümumiyyətlə, çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə öz töhfələrini verən Heydər Əliyev Fondunun ölkə daxilində, eyni zamanda, xaricində həyata keçir­diyi layihələr ictimaiyyət tərəfindən bö­yük rəğbətlə qarşılanır. Heydər Əliyev yolu isə bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq”.

Hazırladı: Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

2 Oktyabr 2022 01:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə