Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məsuliyyəti şərəfindən az olmayan 44 gün

Azərbaycan Respublikasında Anım günləridir. Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları, xalqımızın vəfalı qardaşları, könül dostları şəhidlərimizi yalnız 27 sentyabrda anmır. Millət olaraq bütün günlərdəki hiss-həyəcanımızı, duyğu – düşüncəmizi, fikir və hərəkətimizi, xarakter və taleyimizi bu günə istinad edir, bu günlə ifadə edir, dünyaya çatdırırıq. 27 sentyabr – hər təqvim ilimizdəki 365 günün ümumiləşməsi, sözün ən müsbət anlamında, bir günə yerləşdirilməsi olub, məntiqli olaraq seçilmiş rəmzi günüdür. Çünki 2 il öncənin bu günü bir dönəm bitir, yeni dönəm başlayırdı. Hər xalq, hər dövlət belə yekun və başlanğıclar edə bilmir.

Müharibə, əks-hücum qərarı vermək bu dünyada ən çətin qərarlardandır. Ondan da çətini, baş­lanmış müharibəni ən az itkilərlə apar­maq, ən uyğun zamanda, ən uyğun nəticə ilə sona çatdırmağı bacarmaq­dır. Elə günümüzdə müharibə aparan və çox da uzaq olmayan ölkələrin misalında görürük ki, nə qiyamətlər qopur, (onlar üçün) etirafı necə çətin olan peşmanlıqlar baş verir, necə gərginliklər yaşanır... Ali Baş Koman­danımızın əks - hücum əmrini ədalətin bərpası məqsədi ilə verməsi, onun siyasi iradəsi, qətiyyəti, dərin biliyi və öz şanlı Ordusuna, vətəncanlı xalqı­na inamı xarüqələr yaratdı! Biz bunu 44 gün müddətində dəfələrlə yaşadıq, gördük, dərk etdik.

Müharibənin qızğın çağlarında canlı (yaxud onlayn rejimdə) götü­rülmüş müsahibələrdə Azərbaycan Prezidentinə ünvanlanan bir çox su­allar, dünyanın dörd tərəfindən gəlmiş jurnalistlərdən bəzisinin özünü “istintaq­çı” kimi aparması, bizə qarşı bəslənən gərəksiz və əsassız kin-küdurəti, ikili standartları açıqca göstərirdi. Biz yalnız döyüş meydanında deyil, siyasi – diplo­matik meydanda da əks-hücumdaydıq. Və düşmən, dünya erməniliyi, şər havadarları bizimlə ləyaqətli savaş aparmırdı. Zatən, haqsız tərəf necə ləyaqət nümayiş etdirə bilərdi ki?! Müharibənin gedişində Ermənistan Gəncə, Bərdə, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Qəbələ, Xızı, Nax­çıvan... istiqamətlərində raketlər atdı və biz, Atatürkün məşhur sözləri ilə desək, xətti müdafiə deyil, səthi müdafiə ilə məşğul olmaq məcburiyyətində qal­dıq... Çox şükür, bacardıq! Xalq ru­hunun cəsarəti, öz dövlətinə, dövlət başçısına inam bütün kəsafətləri kəsdi, doğradı. Hər kəs bircə söz dedi: İRƏLİ!

Beləliklə, yaxın-uzaq ölkələrdə baş verənlər fonunda 27 sentyabrın – 27 sentyabrda verilmiş məsuliyyətli qərarın dəyəri daha da artır. Qürur du­yuruq! Azərbaycan Respublikasında Anım Günündə şəhidlərimizi qürurla anırıq. Çünki biz ədalətli idik, bizim işi­miz haqq işi idi və biz Zəfər qazandıq! Ədaləti bərpa etməyə, haqqın nazilsə də, üzülməsinə imkan verməyən qüdrət sahibi olduğumuzu sübut et­dik! Qürurluyuq! Bütün dövrlərdəki şəhidlərimizin qanı yerdə qalmadı, düşməndən ağır intiqam alındı.

***

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-də başlanan hərbi təcavüzü nə ilkdi, nə də son olacaqdı. Bu, necə deyərlər, növbəti təcavüz aktı idi. Tovuz döyüşləri, ar­dınca Goranboy istiqamətindən diver­siya cəhdi, Rusiyadan Ermənistana tonlarla silah daşınması, Ermənistanın cəbhə xəttinə əlavə qoşun yığması və 27 sentyabr təcavüzkarlığı! Bunlar müharibəöncəsi son 3 ay ərzində baş vermişdi. Düşmən tam həyasızlaşmış, rəsmən qudurmuşdu. 2020-ci ilin 27 sentyabrında, səhər saat 06.00-da atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtəri, Ağdam, Fü­zuli və Cəbrayılın işğalda olmayan ya­şayış məntəqələrini artilleriya atəşinə tutdu. Hərbi qulluqçularımızla yana­şı, 11 dinc sakinimiz, o cümlədən 2 məsum uşaq həlak oldu. Bardaq artıq daşmışdı! Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi! O mübarək əmr bir dönəmi qapatdı, yeni bir dönəm başlatdı–tariximizin yeni qızıl səhifəsi açıldı, Azərbaycanın çağdaş intibah dönəmi başladı!

27 sentyabr Azərbaycanda dövlət – xalq birliyinin gücünü, təntənəsini təcəssüm etdirir! Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında 2020-ci il 2 dekabr tarixli sərəncamında respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrun­da gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizlə ya­naşı, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız göz önündə tutulmuş, onların əzmi, iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirməsi xüsusi vurğulanmışdır.

Qələbə bizə asan başa gəlməyib. Qəhrəman şəhidlərimiz, əsgər və zabitlərimiz öz əziz canı, qanı ba­hasına torpaqlarımızı işğaldan azad ediblər. Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olub, 6 hərbçimiz hələ də itkin sayılır, ya­ralanmış mindən çox əsgərimizdən müalicəsinə hələ də davam edənlər var, sağlamlığının bir hissəsini ömür­lük itirmiş qazilərimiz var.

Bəli, dövlət başçımızın sözlərilə desək, “Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inki­şaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”.

Əkbər QOŞALI

2 Oktyabr 2022 00:36 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə