Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Döyüşlərə intiqam hissi ilə gedirdik”

Azərbaycanın elə bir rayonu, elə bir kəndi yoxdur ki, oranın Vətən uğrunda canından keçmiş şəhidi və ya qazisi olmasın. Belə igid Azərbaycan övladlarından biri də müsahibimiz, 44 günlük Vətən müharibəsi iştirakçısı və qazisi, Qəbələ rayonu Nohurqışlaq kənd sakini Rəfail Nuruyevdir.

– Rəfail bəy, sizi vətənpərvər oğullarımız­dan biri kimi tanıyırıq. Ordumuzda xidmətə nə vaxtdan başlamısınız?

– 1996-cı ildən Azərbaycan Ordusunda hərbi xidmətə başlamışam. 2000-ci ildən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində hərbi xidmətimi davam etdirmişəm. Xidmət göstərdiyimiz dövrdə hər zaman bizə vətənpərvərlik ruhu aşılanmışdır. Bundan başqa, son 30 ildə ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələr düşmənə nifrətimizi şərtləndirən başlıca amillərdən biri ol­muşdur.

Bu gün ərazilərimizin azad olunması uğ­runda döyüşlərimizi fəxarət hissi ilə xatırlayırıq. 44 günlük müharibə Azərbaycan Ordusunun mənfur düşmən üzərində qalibiyyəti ilə başa çat­dı. Biz hərbiçi kimi uzun illər idi ki, həmin günü səbrisizliklə gözləyirdik. Ən əsası isə odur ki, 44 günlük müharibədə Azərbaycan Ordusunun dö­yüş əzmi və ruh yüksəkliyi heyrətamiz idi.

– Sizin döyüş yolunuz haradan başlandı?

– Müharibənin başlandığı ilk gündən Azərbaycan Ordusunun digər bölmələri kimi, biz də verilən tapşırığa uyğun olaraq Kəlbəcər istiqamətində düşmənə qarşı əks-hücumə keç­dik. Mən xidmət göstərdiyim taborun baş çavuşu idim. Taborumuz verilən tapşırığın öhdəsindən layiqincə gəldi. Murovdağ silsiləsində Mu­rov zirvəsini azad etdik. Sonra Füzuli rayonu­na gəldik. Füzulinin azad olunmasında ağır döyüşlərdə iştirak etdik. Bundan sonra Cəbrayıl, Xocavənd və Şuşanın azad olunması üçün verilən döyüş tapşırıqlarını yerinə yetirdik.

– Bizdə olan məlumata görə, siz 44 günlük müharibədə iki dəfə yaralanmısınız. Birinci dəfə yaralananda bütün təkidlərə baxmaya­raq, ilkin tibbi yardım aldıqdan sonra yenə döyüşlərə qatılmısınız və Şuşanın azad olun­masında iştirak etmisiniz.

– İlk dəfə oktyabrın 10-da Xocavənd istiqamətində gedən döyüşlərdə yaralan­dım. Düşmənin atdığı mərminin qəlpəsi diz nayihəmdən aşağıda ayağımı yaraladı. Dö­yüş yoldaşlarım dəfələrlə hərbi hospitala yerləşdirilməyimi və döyüşü dayandırmağımı tələb etsələr də, razılaşmadım. Necə ola bilərdi ki, Vətənin bu çətin anında yoldaşlarım cəbhədə döyüşsünlər, mən hospitalda uzanım? Bir neçə rayonu azad etmişdik. Bunu düşündükcə, daha böyük coşqu ilə döyüşürdük. Ağrıları hiss etmir­dim. Çünki Azərbaycan əsgəri döyüşə intiqam hissi ilə köklənmişdi. Bundan başqa, orada olan hər bir əsgər, zabit ətrafımızda şəhid olan döyüş yoldaşlarımızın ruhu qarşısında özünü borclu hesab edirdi. Qazanacağımız qələbənin onların ruhuna su çiləyəcəyinə inanırdıq. Və bu iradə və qətiyyət bizim haqq işimizə öz töhfəsini verdi. İkinci dəfə isə Şuşa azad olunarkən qapalı kəllə-beyin travması aldım. Lakin, bu gün Qarabağın azad olduğunu düşünəndə bütün ağrı-acılar unudulur.

Müsahibimiz qazi Rəfail Nuruyev zəfərimizin qazanılmasındakı xidmətlərinə görə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Kəlbəcərin, Füzulinin, Cəbrayılın, Xocavəndin, Qubadlının və Şuşanın azad olunmasına görə, “İgidliyə görə” və “Üçüncü dərəcəli hərbi xidmətə görə” medallarına layiq görülüb.

Müsahibəni aldı:Elçin ABBASOV,

“Xalq qəzeti”

2 Oktyabr 2022 00:46 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə