Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzulidən Şuşaya qədər uzanan döyüş yolu

İkinci Qarabağ döyüşlərinin qızğın vaxtı idi. Silahlı Qüvvələrimiz düşmənə ağır zərbələr vururdu. Belə bir vaxtda axşam tərəfi Saat­lı rayonunun Genişkənd kəndinə kədərli bir xəbər yayıldı: “Hikmət ağır yaralanıb. Deyirlər ki, Füzuli hərbi hospitalındadır”. Hətta, bəziləri xısın-xısın deyirdi ki, deyəsən, şəhid olub. Atası cavan ya­şında dünyasını dəyişmişdi. Həmin axşam qohum-əqraba yığışıb Füzuli rayonundakı hərbi hospitala yollandı. Sonra məlum oldu ki, Hikmət ağır yaralanıb və komadadır. Həkimlərin deməsinə görə, sa­ğalmağına ümid var...

Əliyev Hikmət Fikrət oğlu hərbi xidmətdə tankçı olub. O, xidmətdən eh­tiyata buraxılanda da təcrübəli tankçı kimi tanınmışdı. İşğalçı Ermənistan or­dusu sərhədboyu ərazilərdə təxribatlar törədən zaman Hikmət də təcrübəli tankçı kimi diqqətdə saxlanılmışdı. O , 2020-ci sentyabrın 21-də Beyləqan rayonundakı “N” saylı hərbi hissəyə çağırılıb. Sentyabrın 27-də Hikmətin ilk döyüş yolu Füzuli rayonundan baş­layaraq, Cəbrayıl, Zəngilan Qubadlı , Xocavənd və nəhayət, Şuşa rayo­nuna qədər uzandı. Hikmət Əliyev müharibəyə gizir, döyüş maşını ko­mandiri və şəxsi heyət üzrə rəis kimi qatılıb.

Hikmətlə söhbət zamanı dedi ki, ilk dəfə səfərbərliyə çağırılan­da Ermənistanın müharibə etmək fikrindən xəbəri olmayıb: “Onsuz da erməni silahlı birləşmələri tez-tez atəşkəsi pozurdu. Buna adət etmiş­dik. Ancaq bir gənc kimi, mən də tor­paqlarımızın işğal altında qalmasına dözə bilmirdim. Hərbi xidmətdə olan zaman təcrübəli tankçı kimi tanınmış­dım. Müharibəyə də tankçı kimi qatıl­dım. Döyüşçü yoldaşlarımın hamısı ermənilərdən intiqam almaq üçün fürsət gözləyirdi. Artıq həmin fürsət yetişmişdi. Söz yox ki, buna qədər üç dəfə işğalçıların burnunu ovmuş­duq. 2016-cı ilin Aprel döyüşlərində, Naxçıvanın Günnüt əməliyyatında və Tovuz hadisələrində qəhrəman ordumuz ermənilərə öz gücünü göstərmişdi. Mən Aprel döyüşləri za­manı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə müraciət etmişdim. Demişdim ki, hərbi xidmətdə tankçı olmuşam, yaxşı təcrübəm var. Könül­lü olaraq cəbhəyə getmək istədiyimi bildirmişdim. Fikirləşirdim ki, köməyim dəyər. Həmin vaxt mənə təşəkkür etdilər və dedilər ki, lazım olsa, çağı­rarıq. Aprel döyüşlərində düşmən cəmi dörd gün tab gətirə bildi. Sonra silah-sursatını atıb qaçdı. 2020-ci il sentyab­rın 27-də isə düşmən genişmiqyaslı hücuma keçmişdi. Ancaq bu dəfə də məğlub oldu”.

Qubadlı uğrunda gedən döyüşlərdə Hikmət ağır yaralanır. Hətta onun şəhid olması barədə xəbər yayılır. Onu Füzuli Hospita­lına gətirirlər. Hikmət həmin günü xatırlayarkən deyir ki, 3 gündən sonra özümə gəldim. Gözlərimi açanda hiss etdim ki, xəstəxanadayam. Özümə gəldiyimi hiss edən tibb bacıları mənə təsəlli verərək dedilər ki, qorxma, yara­lanmısan, sağalacaqsan. Ermənilərə qan uddurmusan. Mənə dedilər ki, narahat olma, qolların və qıçların yerindədi. İnşallah, sağalıb yenidən tankına minərsən.

Elə də olur. On bir gün sonra Hikmət yenidən ayağa qalxır. Hərbçi yoldaşlarını soruşur və yenidən onla­rın yanına – döyüş meydanına qayı­dır. Deyir ki, düşmənin “əl-ayağını bir yerə yığmışdıq”. Hər gün irəliləyirdik. Əsgər yoldaşlarım sanki qurd ürəyi yemişdilər. Ermənilərin gülləsindən qorxan yox idi. Erməni kəşfiyyatçıları mənim idarə etdiyim tankı gözaltı etmişdilər. Ancaq onu və hərbçi dost­larımı sanki İlahi bir qüvvə qoruyurdu. Hikmət deyir ki, Şuşaya qədər getdik. Ermənilər bizi Şuşanın girəcəyində ağır artilleriya silahları ilə gözləyirdilər. Ancaq, sanki nağıllarda olduğu kimi, qayalardan kəndirlər vasitəsilə dırma­şıb Şuşaya daxil olan Xüsusi Təyinatlı Qüvvələr düşmənə necə divan tutdu­larsa, onlar bizim Şuşaya girməyimizə mane ola bilmədilər. Qələbə gününü Şuşada qeyd etdik. Mənim döyüş yo­lum Şuşaya qədər uzandı.

Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra Hikmət Əliyev 62 gün əlavə olaraq Laçında qulluq edib. 2021-ci il yanvarın 11-də isə hərbi xidmətdən tərxis olunub.

Gizir Hikmət Əliyevin döyüşdə göstərdiyi igidlik Ali Baş Komandan və Müdafiə Nazirliyinin diqqətindən yayınmayıb. Prezident İlham Əliyevin sərəncamları ilə gizir Əliyev Hikmət Fikrət oğlu “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” me­dalları ilə təltif olunub.

Hikmət deyir ki, son vaxtlar ermənilər yenə də təxribatlar törədirlər. Onlar qorxaqdırlar. Bundan sonra bizimlə müharibə etməyə cəsarətləri çatmaz. Bir el məsəlimiz var. Deyirlər ki, “hürəyən olsa da, tutağan deyil”. Artıq ordumuzun gücünə bələddirlər. Bilirlər ki, Ali Baş Komandanımızın “dəmir yumruğ”u başlarının üstündədir. Allah şəhidlərimizə rəhmət eləsin, ya­ralılarımıza cansağlığı versin. Bundan sonra da Vətənimizin müdafiəsinə həmişə hazıram!

Söhbəti qələmə aldı:

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

2 Oktyabr 2022 00:55 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə