Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bibiheybətdə əbədi “yaşayan” polyak

Yaxud “Pototski mənim qonşumdur”

Bibiheybətdə dövlət başçısının tapşırığı ilə tikilmiş binada mənzil alan həmkarlarımın hamısının sevincini başa düşürəm. Mənim üçünsə həmin ərazidə ev almaq ikiqat sevinc idi. Çünki ötən əsrin 70-ci illərinin əvvəllərində 26 Bakı Komissarı adına Neft və Qazçıxarma İdarəsində – yəni, mədən fəhləsi kimi işə düzələndə əmək fəaliyyətimə məhz bu yerlərdə başlamışdım. 22–23 yaşlarımda dolaşdığım, əmək təcrübəsi, ali təhsil, müəllimlik stajı, iki otaqlı mənzil (iş yerimdən 30 kilometr uzaqlıqda olsa da), o zamanların tələbinə uyğun ikinci diplom qazandığım Bibiheybətə 62 yaşımda yenidən qayıdırdım. Amma indi həmin İttifaq yox, başı daşdan-daşa dəymiş, SSRİ kimi nəhəng bir dövlətin dağılmasının şahidi olmuş, gənc müstəqil Azərbaycanın həqiqətlərini 20 dəfədən də artıq müxtəlif xarici ölkələrdə səsləndirmiş qələm sahibi, fəxri adlı jurnalist kimi qayıdırdım. Bayıldan başlanan yol məni bumeranqa döndərib buraya qaytarırdı.

Qayıtdım və jurnalistlər binasının ilk sakinlərindən biri olduğum günün sabahı – 2014-cü il dekabrın 28-də gəncliyimin izlərini axtara-axtara yeni mənzilimizdən dənizə, oradan Bayıla, sonra 20-ci sahəyə qədər olan ərazini payi-piyadə, qarış-qarış gəzdim. Köhnə tanışlarımız­dan 2–3 nəfərlə görüşdüm. Bibiheybət buxtasını qurudub azərbaycanlı mədənçilər üçün neft çıxarmaq imkanı yaratmış (o zamanlar hələ dənizdə neft çıxarmaq texnologiyası yox idi) polyak mühəndisin məzarını ziyarət etdim. 70-ci illərdə həmin məzarı yüz dəfələrlə ziyarət etmişdim. Bu adam vəsiyyət edibmiş ki, dünyasını dəyişəndə onu bilavasitə öz yaradıcılığının son hüdudu olan yerdə – qurudulmuş ərazinin dənizlə qovuşan hissəsində dəfn etsinlər. Azərbaycan hökuməti həmin vəsiyyəti yerinə yetirib.

Xatırladaq ki, tanınmış mütəxəssis Pavel Pototski 1879-cu ildə Peterburq şəhərində zadəgan ailəsində anadan ol­muşdur. Gənc Pavel 1901-ci ildə Yollar və Rabitə İnstitutunu bitirmişdir.1910-cu ildə Bakı neft sənayeçiləri torpaq qazma işlərində savadlı və bacarıqlı mühəndis olan Pavel Pototskini Bibiheybət bux­tasının doldurulması işlərinə rəhbərlik etməyə dəvət etmişlər. O vaxta qədər isə dünyanın heç bir yerində sulu ərazinin torpaqla doldurulması işləri aparılma­mışdı.

Məhz bu səbəblərdən körfəzin tor­paqla doldurulması işində Pavel Po­totskinin xidmətlərinin böyük əhəmiyyəti olmuşdur. Ancaq Bakıya gələn Pototoski burada 41 yaşında ikən gözlərinin nuru­nu itirmişdir.

Bibiheybət körfəzində işlərin da­vam etdirilməsi haqqında sərəncam verildikdən sonra “Azneft”in rəhbərliyi Pavel Pototskiyə buxtanın doldurulma işlərinə rəhbərliyi öz üzərinə götürməyi təklif edir. Bu iş uğurla davam etdirilir və 1923-cü il aprel ayının 18-də İliç buxta­sında (3-cü layda) 82,5 metr dərinliyində quyu işə salınır. Yeni ərazidən – tor­paqla örtülmüş sahədən vuran ilk neft fontanı bütün dünyanı heyrətə gətirir, beynəlxalq neft konfranslarında böyük marağa səbəb olur.

Sonra Pototski ikinci bir layihə tərtib edir. Bu layihədə daha 79 hektar ərazinin torpaqla doldurulması nəzərdə tutulmuşdu. İkinci layihə onun müəllifinin ölümünə az müddət qalmış yerinə yetiri­lir. 1930-cu ilin əvvəlində Pavel Pototski­nin layihəsi üzrə dənizin torpaqla örtülən ərazisi 100 hektara çatdırılır.

Məşhur rus yazıçısı Maksim Qorki də Pavel Pototski şəxsiyyətinə pərəstişini gizlədə bilməmiş, Bakıda olarkən öz qeydlərində yazmışdı: “Eşitmişəm Po­totski bir əfsanədir. Gözləri görmədiyi halda Bibiheybəti yaxşı tanıyır, torpaqla doldurulma işlərinin görülən və görüləcək yerini xəritədə düzgün göstərir”.

O, hətta ölümünə bir neçə gün qal­mış belə, körfəzin işlərinin başa çatdırıl­masına rəhbərlik etmişdir. Pavel Niko­layeviç Pototski 1932-ci ildə vəfat edir və öz vəsiyyətinə görə Xəzərdən “zəbt olunmuş” – Bibiheybətin torpaqla doldu­rulmuş sahəsində, dəniz kənarında dəfn edilir. Onun məzarı ulu öndər Heydər Əliyevin göstərişi ilə əcnəbi qonaqlar, xüsusən, polyaklar üçün ziyarət yerinə çevrilmişdir. Ölkəmizə rəsmi səfərə gələn polyak siyasətçilər, polşalı turist və qonaqlar mütləq həmin ərazini ziyarət edirlər. Onun məzarüstü xatirə abidəsi də Heydər Əliyevin tapşırığı ilə hazırlan­mışdır.

Bax belə. Mən yeni binada mənzil alandan dərhal sonra məhz həmin insa­nın məzarını ziyarət edib ruhuna rəhmət oxumuşdum. Çünki onun elmi və əməli olmasaydı, mənim indi yaşadığım bi­nanın yeri hələ də dəniz idi. Ruhu şad olsun.

İttifaq MİRZƏBƏYLİ,

Əməkdar jurnalist

2 Oktyabr 2022 00:26 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə