Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüz illik örnək ömür

Həm cəmiyyətimizdə, həm də milli mentalitetimizdə ahıllara hörmət insani borc sayılır. Azərbaycanın uzunömürlülər diyarı olmasının bir səbəbi də elə ahılların urvatda saxlanması, məclislərin başına keçirilməsi və onların sözünün mötəbər tutulması ilə bağlıdır.

2009-cu ildə aparılan əhali si­yahıyaalmasının nəticələrinə görə, Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı 1143 nəfər olub. İki ay əvvəl lənkəranlı Kamal Kələntərli də bu sıraya qoşulub.

Cənub bölgəsinin “dan ulduzu” sa­yılan Lənkəran şəhərindəki Qala xiya­banında bir “Ağsaqqallar” abidəsi var. Şəhərin ziyalı ağsaqqalları Mirhaşım Talışlı və Kamal Kələntərlinin obraz­ları yaradılıb. Baxırsan, sanki oturub söhbət edirlər. Abidənin fonunda şəkil çəkdirənlər çoxdur. Filologiya elmləri namizədi, dosent, Əməkdar müəllim M.Talışlı 4 il əvvəl 92 yaşında vəfat edib. Dostu Kamal müəllimsə ömür marafonu­nu davam etdirir, necə deyərlər, 100-cü aşırımı geridə qoyub. Rayon Ağsaqqal­lar Şurasının fəxri sədridir. Lənkəranın ictimai həyatında həmişə fəal iştirak edib. İnişil oktyabrda, Vətən müharibəsi dövründə Kamal Kələntərli bir aylıq təqaüdünü Silahlı Qüvvələr Fonduna köçürüb.

Bu ilin mayında AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin və Fiziologi­ya İnstitutunun əməkdaşları 100 illiyi ilə bağlı ona baş çəkiblər. Yeddi ilə yaxın­dır ki, institut tərəfindən Kamal müəllim uzunömürlü kimi tədqiq olunur. Lənkəran Regional Elm Mərkəzinin herontoloji tədqiqatlar şöbəsi də bu təşəbbüsə qo­şulub. Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova yubilyarla görüşdən sonra müşahidələrini belə ifadə edib: Hazırda uzunömürlünün fiziki göstəriciləri yaşına görə normal­dır, əllərində tremor yoxdur, yaxşı eşi­dir, yaddaşı mükəmməl, nitqi səlisdir. Hərəkətlidir, arterial qan təzyiqi normal­dır. Verilən suallara aydın və əhatəli ca­vabları diqqəti cəlb edir.

İyulun 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov el ağsaqqalı Kamal Kələntərlini evində ziyarət edib. Onu 100 yaşı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Görüş zamanı birgə yubiley tortu kəsiblər. Yu­bilyara fəxri-fərman və qiymətli hədiyyə verilib, xatirə şəkli çəkdirilib. Kamal müəllim göstərilən diqqətdən kövrəlib, təşəkkürünü bildirib.

Ağsaqqalın dediyinə görə, atasının əmisi Əhəd bəy Kələntərli 114 yaşına qədər yaşayıb. Ailəlikcə çox yaşama­ğın sirlərini yaxşı bilirlər. Atası İsrafil bəy Kələntərli uzun illər daxili işlər or­qanlarında çalışıb və əgər 1937-ci ildə repressiya qurbanı olmasaydı, yəqin ki, o da xeyli yaşayardı. O zaman 15 yaşı olan Kamal və qardaş-bacıları “xalq düşməni”nin övladları kimi çox əziyyətlər çəkiblər. Amma əyilməyiblər. Kamal Kələntərli Lənkəran Pedaqoji Məktəbini bitirib, müəllimlik edib, ucqar dağ kəndlərində savadsızlığın ləğvində gərgin əmək sərf edib. Sonra Ümumit­tifaq Sovet Ticarəti İnstitutunun Bakı fili­alında ticarətin iqtisadiyyatı ixtisası üzrə ali təhsil alıb, kooperasiya sahəsində çalışıb. 1991-ci ildən təqaüddədir. Respublika Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayında Şuranın Məclis üzvü seçilib.

– Çox yaşamaq həm Allahın lütfü­dür, həm də insanın özündən asılıdır, – deyə o, bildirir. – Gənclik yaşlarından fəallığa vərdişkar olmalı, açıq havada çox gəzməli, vaxtında yatıb-durmalı, torpaqda bəslənən təbii qidalar qəbul etməlisən. Bizə hər zaman dağlardan yaxşı pendir, göy-göyərti gətiriblər. Bun­lar da insanın ömrünün uzun olmasına bir dayaqdır. Bir də ki, gərək paxıl olma­yasan, hamıya bacardığın qədər yaxşı­lıq edəsən.

1 oktyabr – Beynəlxalq Ahıllar Günündə onu təbrikə gələnlər çox olub. Çünki Lənkəranda böyük hörmətə, nü­fuza malik olan el ağsaqqalı Kamal Kələntərlinin bir əsrlik ömür yolu gözəl örnəkdir, nəsillərə nümunədir.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

2 Oktyabr 2022 00:19 - ELM
ELM
5 Noyabr 2022 | 02:11
12 yaşlı “Eynşteyn”

Köhnə versiyamızdan xəbərləri izlə