Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nə yaxşı ki, Bakımızın Dənizkənarı bulvarı var...

İki gün bundan əvvəlin söhbətidir. Daha dəqiq desəm, cümə günü idi. Bir tələbə olaraq təcrübə keçdiyim “Xalq qəzeti” redaksiyasında iş günü bitmək üzrəydi.

 

Evə getməyə tələsmirdim. Qəzetin son nömrələrini vərəqləyir, mövzusu və yazı üslubu diqqətimi cəlb edən yazıları gözdən keçirir, bəzi qeydlər edirdim.

Elə bu vaxt praktika rəhbərim dedi ki, Dənizkənarı bulvardan bir reportaj hazır­laya bilsəm, yaxşı olardı.

Beləcə, qəzetin məndən cəmi bir neçə yaş böyük olan gənc fotomüxbiri Elşənlə vaxt itirmədən Dənizkənarı bul­vara yollandıq.

Mən Bakıda böyümüşəm. Hər bir ba­kılı kimi, bura mənim, təbii ki, ən sevimli məkanlarımdan biridir.

Qəribə və maraqlı burası idi ki, mənə və rəfiqələrimə yaxşı tanış və doğ­ma olan bu yerlərə bu dəfə artıq baş­qa gözlə, buradakı insanları yaxından duymaq, hiss etmək, onların arzu və diləklərini öyrənmək istəyən bir müxbir gözü ilə baxırdım.

...Budur, bulvardakı məşhur saat qülləsinə çatmamış, gül-çiçəklə əhatə olunmuş skamyaların birində əyləşən iki qadın bir-birilə nə barədəsə həvəslə danışırdılar.

“Bəlkə təqaüdlərin yeni ildən ar­tırılacağı barədə xəbərlə bir-birlərini müjdələyirlər? Bəlkə də övladlarından, nəvələrindən söz açırlar?! Allah bilir, –deyə düşündüm.

Bu an fotomüxbirin mənə “Onların şəklini artıq çəkmişəm” anlamı verən baxışı nəzərimdən qaçmadı.

Bir qədər də dənizə tərəf getdik. Dəmir məhəccərlərdən aşağıda, dəniz sularının bir neçə metrliyində gənc qız­lar selfi çəkdirirdilər. Üz-gözlərindən, hərəkət və davranışlarından tələbələrə oxşatdım.

İşinin mahir bilicisi olan həmkarım bir anın içindəcə qızların selfi çəkmələrini fotoaparatının yaddaşına həkk etdi.

“Hə, deyəsən, işlər pis getmir. Amma bir qədər aralıda, orta yaşlı bir kişi skam­yada yalqız oturmuşdu. Bir az qayğılı, düşüncəli görünürdü. Gözlərini Xəzərin gömgöy sularına zilləmişdi.

Həmin an yadıma Nəbi Xəzrinin bu misraları düşdü:

“Dənizi verdim ki, sənə hədiyyə,

Gəldiyin sahilə gələsən bir də,

Məni görməyəndə o mənəm deyə,

Mənimlə görüşüb güləsən bir də”.

Sonra dünya şöhrətli müğənni Müs­lüm Maqomayevin heykəlinə tərəf yol­landıq. Hər ikimiz ora, az qala, quş kimi uça-uça gedirdik. Heykəlin önündə bir nəfər yaşlı kişi durmuşdu.

“Bu ki, “Xalq qəzeti”nin əməkdaşı Məsaim müəllimdir!”. Elşən gümanımın düz olduğunu təsdiq etdi. O, bizim bul­vardan yazı hazırladığımızı biləndə, bu ideyanı çox təqdir etdi. Sözarası Mosk­vada tələbə olduğu zaman Müslüm Ma­qomayevin konsertlərində iştirak etdiyini fəxrlə söylədi.

...Axşama doğru bulvara gələnlərin sayı artırdı. Ən çox da gənc qız və oğ­lanlar diqqətimi cəlb edirdi. Təəssüf ki, onların bir çoxu qəzet üçün şəkil şəkdirmələrinə razılıq vermirdilər.

Əlində körpə uşağını tutan bir gənc qadınla tanış oldum. Dedi ki, bura həvəslə və tez-tez gəlir:

– Nə yaxşı ki, Bakıının belə gözəl Dənizkənarı bulvarı var.

Hə, az qala unutmuşdum. Yazının sonunda adımı, soyadımı da yazmalı­yam. Axı, qəzetdə hər şey yerli-yerində olmalıdır:

Leyla HADİYEVA,

Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin II kurs tələbəsi Elşən Ağalar (fotolar),“Xalq qəzeti”

2 Oktyabr 2022 00:01 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə