Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şuşa mədəniyyətinin inciləri” layhəsi davam edir

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa ili” elan olunub. Dövlət başçısının mədəniyyət paytaxtımızla bağlı bu sərəncamı Mədəniyyət Nazirliyinin də üzərinə müəyyən öhdəliklər və ciddi vəzifələr qoyub. Bu mötəbər hadisəni rəhbər tutaraq, Mədəniyyət Nazirliyi qədim şəhərimizin zəngin mədəni ir­sini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verib.

Şuşa şəhəri Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə ma­likdir. Şuşanın zəngin mədəniyyətini daha ge­niş əhatə etmək üçün layihə yeddi bölmədən ibarət olacaq: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Mu­ğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın sima­ları”, “Şuşa milli geyim üslubu”.

Layihənin “Şuşanın simaları” bölməsi üzrə ilk təqdimatı bu il 190 illiyi qeyd edilən tanın­mış şair, ictimai xadim, xeyriyyəçi Xurşidbanu Natəvana həsr olunmuşdu.“Azərbaycan musiqi­sinin məbədi – Şuşa” bölməsi üzrə layihə “Şu­şanın dağları” mahnısını təqdim etdi. Şuşada musiqi onun hər daşına, qalasına, ab-havasına hopub. Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət pay­taxtı elan edilən Şuşa şəhəri haqqında ilk mahnı məhz Xan Şuşinski tərəfindən bəstələnib.

“Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Mamay məscidinə həsr olunub.

Muğam-sənət beşiyi Şuşada ədəbiyyatın inkişafında mühüm rol oynayan məşhur po­etik məclislərdən “Məclisi-üns” və “Məclisi-fəramuşan” da xatırlanıb.

Layihənin son bölməsi Şuşanın qadın geyim nümunəsi olan Baharıya həsr edilib. Qarabağ bölgəsi qadın geyimləri dəstində çiyin geyimləri özünün rəng seçimi, estetik gözəlliyi, biçim mütənasibliyi və çoxçeşidliliyi ilə diqqəti daha çox cəlb edir. XX əsrin əvvəllərində Şuşanın qadın geyimləri kompleksində çəpkən, arxalıq, baharı, kürdü, nimtənə, pullu çəpkən və başqa geyim tipləri daha çox istifadə olunurdu. Şuşa­da geniş yayılmış qadın üst geyim növlərindən biri də baharıdır. Biçim üsuluna və tikiş texni­kasına görə küləcə ilə eyni olan baharı bəzən yaxa kəsiyinin quruluşuna (düzbucaqlı və oval), qol kəsiyinə (adətən yarımqol olurdu) və ətək biçiminə görə (ətək küləcədən qısa, arxalıqdan isə uzun olurdu) fərqlənirdi. Astarlı və sırıqlı olan baharı bahalı parçalardan (məxmər, tirmə) hazır­lanır, ətək yanları, yaxa və qol kəsikləri küləcədə olduğu kimi bəzədilirdi.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

1 Oktyabr 2022 23:40 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə