Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir

Rusiya–Ukrayna qarşıdurması fonunda Ukraynanın təcili surətdə Şimali At­lantika Alyansı – NATO üzvlüyünə qəbul olunması məsələsi gündəmə gəlib. Bu arada məlum olub ki, alyansın aparıcı dövlətlərindən sayılan Kanada hökuməti Ukraynanın sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq istəyini dəstəkləyir. Məlumatı “Associated Press” agentliyi yayıb.

Agentliyin yaydığı xəbərdə deylir ki, bu barədə Kanadanın Xarici İşlər naziri Melani Coli Vaşinqtonda keçirdiyi mətbuat konfran­sında bildirib.

“Biz NATO-nun açıq qapı siyasətinə inanı­rıq və NATO-da həmişə Ukraynanın yanında olmuşuq. Hesab edirik ki, Ukrayna NATO-nun bir hissəsi olmalıdır", – deyə nazir vurğulayıb.

M.Coli, həmçinin bildirib ki, rəsmi Ottava Kiyevi silahla təmin etməyə və Ukrayna qo­şunlarına təlim keçməyə, o cümlədən Böyük Britaniya ilə əməkdaşlıqda davam edəcək.

Qeyd etmək yerinə düşər ki, Kanada ABŞ və Böyük Britaniya ilə bərabər, Rusiya–Uk­rayna müharibəsi başlanan ilk günlərdən Uk­raynaya ən çox hərbi və maliyyə yardımları göstərən ölkələrdəndir.

Belə bir məqamı da unutmaq olmaz ki, Ka­nadada kifayət qədər yüksək maliyyə imkan­ları olan Ukrayna diasporu fəaliyyət göstərir. Bu ölkənin iki milyona yaxın vətəndaşının Ukrayna kökənli olduğu ehtimal olunur.

Xatırladaq ki, bu günlərdə Ukrayna Pre­zidenti Volodimir Zelenski ölkənin NATO-ya sürətləndirilmiş şəkildə daxil olması üçün ərizə imzalayıb.

NATO-nun Baş katibi Yens Stolten­berq Ukraynanın alyansa üzv qəbul edilib-edilməyəcəyi barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, bu məsələ quru­mun üzvlərinin qəbul edəcəyi qərardan asılı­dır.

Bir çox siyasi təhlilçilər Ukrayna proble­minin Rusiya–Ukrayna münaqişəsindən Ru­siya–NATO qarşıdurması mərhələsinə keçə biləcəyini və bunun böyük fəsadlar törədə biləcəyini ehtimal edirlər. Hər halda vəziyyətin günbəgün gərginləşdiyi göz qabağındadır.

M.HACIXANLI,

“Xalq qəzeti”

1 Oktyabr 2022 23:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2022 | 03:21
100 milyard dollar ziyan
25 Noyabr 2022 | 03:22
BMT-də Ukrayna müzakirəsi
25 Noyabr 2022 | 02:47
Süni ətin satışına icazə

Köhnə versiyamızdan xəbərləri izlə