Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Türkiyə

İxrac 13,1 faiz artıb

Türkiyənin ixrac həcmi cari ilin avqust ayında ötən ilin mü­vafiq dövrü ilə müqayisədə 13,1 faiz artıb. Bu barədə Türkiyə Dövlət Statistika Komitəsi və Ticarət Nazirliyinin birgə he­sabatında bildirilib. Məlumata görə, avqust ayında 21 milyard 337 milyon dollarlıq ixracat re­allaşdırılıb. Hesabatda qeyd edilib ki, avqust ayında ən çox ixrac reallaşdırılan ölkə 1 milyard 664 milyon dollarla Almaniya olub.

Məlumatı “Anadolu” yayıb.

ABŞ

Qızıl bahalaşıb

Dünya birjalarında qızılın qiyməti yenidən bahalaşıb. Bildiri­lir ki, Nyu-Yorkun “Comex” əmtəə birjasında qızılın 1 unsiyasının (31 qram) qiyməti 0,36 faiz və ya 6 ABŞ dolları bahalaşaraq 1674,6 dollara satılıb. Gümüşün qiyməti isə 1,1 faiz artaraq bir unsiya üçün 18,915 ABŞ dolları təşkil edib. Buna ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələrini artırması və dolların bahalaşması səbəb olub.

Xəbəri CNN verib.

Böyük Britaniya

Unikal avtomobil satılıb

Ceyms Bond haqqında çəkilən “Ölməyə vaxt yoxdur” filmində istifadə olunan “Aston Martin” markalı avtomobil “Christie's” hərrac evi tərəfindən 2,9 milyon funt-sterlinqə satılıb. Məlumat üçün deyək ki, kaskadyor avtomo­bil həmin film üçün xüsusi olaraq hazırlanmış və dizayn edilmiş səkkiz avtomobildən biridir. Uni­kal avtomobil fırlanan rəqəmsal nömrə nişanı, geri çəkilə bilən fənərlər, pulemyotlar və atəş bombaları kimi cihazlarla təchiz edi­lib. Avtomobil filmin 60 illiyi şərəfinə satışa çıxarılıb.

Xəbəri “Autonews” verib.

Çin

Dünyanın ən sürətli dronu

Çin hərbçiləri Çandunq şəhərindəki aviaşouda dün­yanın ən sürətli pilotsuz uçan aparatını (PUA) nümayiş etdiriblər. “Wuzhen-8” adlı dron düşmən texnikasının və hədəfin məhv edilməsi üçün olduqca ideal vasitə sayılır. Belə ki, yeni cihaz qırıcı təyyarə ölçüsündədir və saatda təxminən 3700 kilometr sürət yığır. PUA lazım gələrsə, dron qırıcıları və ya hərbi gəmiləri məhv etmək üçün kamikadze raketinə də çevrilə bilir.

Xəbəri “Sinxua” verib.

Avstraliya

Qəhvə ömrü uzadır

Qəhvə insan ömrünü uzatma­ğa kömək edir. Bu, “Beyker” Uni­versiteti alimlərinin araşdırması nəticəsində bəlli olub. Tədqiqatda 40-70 yaş arası 450 min nəfər iş­tirak edib. Tədqiqat nəticəsində bəlli olub ki, daim qəhvə içənlər içməyənlərdən 12 faiz daha çox ya­şayırlar. Üstəlik, insult və ürək-damar xəstəlikləri riski də qəhvə içənlərdə içməyənlərə nisbətən təxminən 20 faiz az olub. Onların fikrincə, qəhvənin bu faydaları yalnız üyüdülmüş forması üçün keçərlidir. Eyni zamanda, qəhvə xərçəng, diabet və demensiya (yaddaşsızlıq) riskini azaltmaqda təsirli olan minerallar və anti­oksidantlarla zəngindir. Lakin mütəxəssislər gün ərzində 2-3 fin­candan artıq qəhvə içməyi məsləhət görmürlər.

Xəbəri Reuters verib.

Almaniya

Toni Kross karyerasını bitirə bilər

Almaniya millisinin və Madri­din “Real” klubunun təcrübəli fut­bolçusu Toni Kross mövsümün so­nunda karyerasını başa vura bilər. 32 yaşlı yarımmüdafiəçi futbolla vidalaşmağı düşünür. İstedadlı futbolçu meydanın mərkəzində gənclərin oynamasının tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, Toni Kross 2014-cü ildən “Real”da çıxış edir. Onun “kral klubu” ilə müqaviləsi 2023-cü ilin yayında başa ça­tacaq.

Xəbəri “Bild” verib.

Hazırladı: Elçin ABBASOV,

“Xalq qəzeti”

1 Oktyabr 2022 23:07 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2022 | 03:21
100 milyard dollar ziyan
25 Noyabr 2022 | 03:22
BMT-də Ukrayna müzakirəsi
25 Noyabr 2022 | 02:47
Süni ətin satışına icazə

Köhnə versiyamızdan xəbərləri izlə