Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alimlərimiz Fransada Azərbaycan həqiqətlərini təbliğ edirlər

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi və bu qurumdakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatı, eləcə də bu mövzuya həsr olunmuş konfrans keçirilib.

Bu barədə "Xalq qəzeti"nə AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

Öncə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və Fransadakı səfirimiz Rəhman Mustafayev çıxış edərək konfransın mövzusunun əhəmiyyətindən bəhs ediblər.

Sonra konfransda hüquqşünas, politoloq, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Ermənistanın Azərbaycanlı İcmasının üzvü Zaur Sadıqbəyli, AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, Strateji Kommunikasiyalar Mərkəzi Assosiasiyası direktorunun köməkçisi Əli Abdullayev, UNESCO-nun insan hüquqları və informasiya hüququ kafedrasının rəhbəri, hüquq elmləri doktoru Əmir Əliyev çıxış edərək Ermənistandan azərbaycanlıların mərhələli şəkildə qovulmasından, soydaşlarımıza qarşı aparılan etnik təmizləmədən, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması, tarixi izlərin silinməsi istiqamətində aparılan erməni siyasəti haqqında ətraflı məlumat veriblər. Natiqlər müzakirə olunan mövzu ilə bağlı aparılan tədqiqat işlərindən, arxivlərdən söz açaraq, dərc edilmiş kitab və materialları təqdim ediblər.

Tədbirdə, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində, eləcə də Ermənistanda xalqımıza məxsus tarixi, mədəni abidələrin yerlə-yeksan edilməsindən, mandatı mədəni irsi qorumaq olan UNESCO-nun buna laqeyd münasibətindən danışılıb.

Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” kitabı haqqında məlumat verərək, araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi, eləcə də Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatların əldə olunduğunu diqqətə çatdırıb.

Alim kitabın Azərbaycanın milli-mədəni və tarixi irsinin qorunması və beynəlxalq səviyyədə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Ermənilərə hər zaman himayədarlıq edən Fransanın vətəndaşlarına ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər və Azərbaycan həqiqətləri tarixi faktlarla, beynəlxalq hüquq kontekstində çatdırılıb. Dövlətimizin apardığı siyasətin əsas məqsədinin ərazi bütövlüyümüzün təmin olunması, milli-mədəni irsimizin qorunması və regionda sülhün bərpa edilməsindən ibarət olduğu qeyd edilib, çoxsaylı suallar cavablandırılıb.

Tədqiqatçı, tarixçi Səbuhi Hüseynovun müəllifi olduğu kitabın Azərbaycan və ingilis dillərində çap olunduğu bildirilib. Materialların hazırlanmasında Azərbaycan Respublikasının Milli Arxivində, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının Nadir Əlyazmalar Kolleksiyasında, Türkiyə Respublikasındakı Osmanlı Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan sənədlərdən istifadə olunduğu və üçüncü dövlətlərin arxivlərində saxlanılan Ermənistan Arxivindən götürülmüş mikrofilmlərin tədqiqata cəlb edildiyi qeyd olunub.

Konfransda Ermənistanın Azərbaycana qarşı apardığı urbisid, kultursid və ekosid siyasətindən danışılıb. Ermənistanın urbisid, kultursid və ekosid siyasətini əks etdirən müvafiq videolar nümayiş olunub.

Sonda natiqlər konfrans dinləyicilərinin suallarını cavablandırıblar.

Həmçinin tədbir çərçivəsində Ermənistanda dağıdılmış Azərbaycan tarixi və mədəni irs abidələrinin fotolarından ibarət sərgi də təşkil olunub.

Qeyd edək ki, “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” kitabının təqdimatı və bu mövzuda konfrans keçirilməsi haqqında məlumat almış Nor seround erməni radikal qrupu konfransa mane olmağa cəhd etsələr də, Fransa polisi onların qarşısını alıb.

1 Oktyabr 2022 16:52 - CƏMİYYƏT
CƏMİYYƏT
6 Dekabr 2022 | 00:57
İnsan fəsillər kimidir...

Köhnə versiyamızdan xəbərləri izlə