Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 104-cü ildönümü qeyd olunub

Azərbaycan Prokurorluğunun kollektivi müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən, 1998-ci ildən etibarən hər il oktyabrın 1-də peşə bayramını geniş qeyd edir. Builki bayram milli prokurorluq orqanlarının yaradılmasının 104-cü ildönümünə təsadüf edib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

Sonra Azərbaycan Prokurorluğunun kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Baş Prokurorluqda 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 104-cü ildönümü münasibətilə mərasim keçirilib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edib.

Baş prokuror əminliklə bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, öz vəzifələrinə bundan sonra da məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək.

Tədbirdə Prezident İlham Əliyevin 30 sentyabr tarixli Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncamı ilə təltif edilən şəxslərə ali xüsusi rütbələr təqdim edilib.

Tədbirdə, həmçinin prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 104-cü ildönümü münasibətilə videoçarx da nümayiş etdirilib.

1 Oktyabr 2022 18:30 - CƏMİYYƏT
CƏMİYYƏT
6 Dekabr 2022 | 00:57
İnsan fəsillər kimidir...

Köhnə versiyamızdan xəbərləri izlə