Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də olacaq

 Sanki rəsmi sənədlərin də bəxti olur. Elə olmasaydı, bəzi sənədlər xalqın bü­tün fərdləri tərəfindən alqışlanmazdı. Məsələn, təhsilin inkişafını təmin edəcək sərəncamın imzalanması əsasən həmin sahənin təmsilçiləri tərəfindən sevinclə qarşılanır. Təqaüdlərin artırılması ilə bağlı təsdiqlənən hansısa bir sənəd məhz yaşlı nəslin nümayəndələrinin məmnunluğuna səbəb olur. Eləcə də, digər sahələrlə bağlı dövlət sənədlərini qeyd etmək olar.

Ancaq Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti, möhtərəm Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış “Şuşa Bəyannaməsi”ni bəlkə də dünyanın müxtəlif ölkələrində yaşayan 50 mil­yonluq soydaşlarımızın hamısı alqışlamışdı. O zaman redaksiyamıza göndərilən məktubların birində həmin bəyannamə “XXI əsrin uğuru” adlandırılmışdı. Hamı həmin bəyannamə haq­qında olan ürək sözlərinin qəzet vasitəsi ilə daha böyük auditoriyada eşidilməsini istəyirdi.

Məmnunuq ki, dövlət başçımızın sentyab­rın 29-da imzaladığı “Azərbaycan Respubli­kasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı” da eləcə bütün soydaşlarımız tərəfindən böyük məmnunluq və razılıqla qarşılandı. Ümummilli liderin ana­dan olmasının 100 illiyi ərəfəsində imzalanmış bu sənədin preambulasında Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri tu­tarlı arqumentlərlə xarakterizə edilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardı­cıl mübarizə apararaq, onu müstəqilliyə qo­vuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Bu sənəd yayılan kimi Xalq artisti, pro­fessor, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar, Prezident təqaüdçüsü Tofiq Bakıxanov redak­siyamıza zəng etdi: “Əziz dostum Mirzəbəyli, cənab Prezidentin həmin sərəncamı barədə qəzetdə ölkə ictimaiyyətinin rəylərini verəcəksinizsə, onda mənim bu fikrlərimi də yada salın. Fikirlərim bundan ibarətdir: 2003- cü ilin dekabrında həm ölkə daxilindəki qa­ragüruhçular, həm də beynəlxalq aləmdəki bədxahlarımız, daha doğrusu, dövlətimizin tərəqqisinə xor baxanlar demişdilər ki, Azərbaycanda Heydər Əliyev epoxası bit­di. Mən o zaman da həmin bədnam fikir sahiblərinə cavab vermişdim. İndi də deyirəm: nə qədər ki, Azərbaycan var, Heydər Əliyev epoxası bitməyəcək. Biz mədəniyyət xadimləri cənab Prezidentin həmin sərəncamını elliklə bəyənir və alqışlayırıq”.

(

O böyük şəxsiyyətin xalqımız və milli dövlətçiliyimiz qarşısındakı xidmətlərinin miqya­sını göstərmək üçün bizim də öz arqumentlərimiz var. Mən onu ilk dəfə 1970-ci illərin əvvəllərində–Azərbaycan komsomolunun 29-cu qurultayında görmüşdüm. Biz gənclərlə Azərbaycan dilində danışmışdı. Həmin fakta hamıdan çox mən se­vinmişdim. Çünki o zaman kənddə yaşadığıma görə rus dilini bilmirdim.

Sonra iş elə gətirdi ki, üç il dövlət radiosunun Xəbərlər Baş Redaksiyasında çalışdığım dövrdə, dörd il isə “Xalq qəzeti” Baş redaktorunun yanında xüsusi müxbir vəzifəsində işlədiyim zaman onun digər siyasətçilər üçün nə qədər əlçatmaz zirvə olduğunun şahidinə çevrildim. Bir çox dövlət baş­çıları, baş nazirlər, siyasətçi və diplomatlar onun yanında özlərini tələbə kimi aparanda mənim ürəyim qürurdan partlamaq dərəcəsinə gəlirdi.

… Heydər Əliyev Bakı yaxınlığındakı hərbi hissələrdən birində keçirilən təlimə baxandan sonra jurnalistlərin suallarını da cavablandırmış­dı. Yadımdadır, ulu öndər orada təlim qumba­rasını əsgərin əlindən alaraq uzaqdakı “rəqib”ə tərəf atanda nəinki əsgər və zabitlər, hətta biz mətbuat təmsilçiləri də böyük həyəcan keçirirdik ki, göstərici pis ola bilər. Ancaq o, qumbaranı “rəqib”in üstünə qədər ata bildi və heç birimizi “sındırmadı.” Əsgərlərin o andakı alqışlarını heç zaman unuda bilməyəcəyəm.

Həmin tədbirdə mən dövlət radiosunu təmsil edirdim. Çiynimdəki ağır səsyazanın çox uzun saplağı olan mikrofonunu böyük həvəslə danı­şan dövlət başçımıza tərəf uzatdım. Müdafiə na­ziri Məmmədrəfi Məmmədov mənə mane olmaq istədi. Heydər Əliyev heç nə olmayıbmış kimi sakitcə dedi: Dəymə, yazsın. Yazdım.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ümummilli liderimizə dediyi sözlər də eşitdiyim ən yüksək qiymətləndirmələrdən idi: “Heydər Əliyeviç, siz məni Azərbaycana dəvət edəndə, işlərimin çox olduğuna görə gəlmək istəmirdim. Sonra gəldim. Amma yaxşı ki, gəldim. Mən sizdən siyasətlə bağlı çox şey öyrəndim”.

… Hər qəzet bir rəqəmdən söz açdı, hər mənbə bir say göstərdi… Ancaq mən hələ də bilmirəm ki, o gün həmin “hüznlü və kədərli yürüş”də nə qədər insan iştirak edirdi. Bildiyim o idi ki, Bakı heç zaman o miqyasda izdiham görməmişdi. Xalq öz ulu öndərini son mənzilə yola salmaq üçün misilsiz bir səfərbərlik elan etmiş, ümummilli vida mərasiminə toplaşmışdı.

Biz – həmkarlarım Mahir Nəbili, Nazim Mus­tafa və mən Respublika Sarayının lap qabağın­dakı izdihamın içərisindəydik. Mahir Nəbili nə qədər nikbin və kədərdən uzaq adam olsa da, sanki çiyninə ağır bir qayanı götürmüş adam kimi dayanmışdı: “Bizim düşmənlərimiz çoxdur. Onsuz ölkəmizə təzyiqlər çox olacaq”.

Nazim Mustafa Mahirin fikrini yayındırmaq üçün soruşdu:

– Bu sarayı kim tikdirib?

Mahirdən tez mən cavab verdim:

– Heydər Əliyev.

Sonra izdiham Fəxri xiyabana çatana qədər Nazim Mustafa müxtəlif ünvanları – parlament binasını, “Moskva” mehmanxanasını, Fəxri xiya­banla üz-üzə olan möhtəşəm tikililəri göstərərək dəfələrlə soruşdu ki, bu binanı kim tikdirib? Bütün suallarına Mahir cavab verdi: – Heydər Əliyev.

Nazim növbəti sualı verdi:

– Bəs belə kişi ölər?

Artıq Mahirin gözündən hüzn silinmişdi:

– Yox, ölməz!

Bəli, Heydər Əliyev həmin gün dəfn olunsa da ölmədi. O, xilaskarı olduğu xalqın ürəyində, qur­tuluş gətirdiyi ölkənin hər qarış torpağında, yarat­dığı qüdrətli Azərbaycan dövlətində, tamamilə yenidən qurduğu Azərbaycan Ordusunda, daim güvəndiyi ölkə gəncliyində, himayədarı olduğu elm, təhsil, səhiyyə, ədəbiyyat, incəsənət adam­larının yazılarında və söhbətlərində yaşayır. Xoşbəxtəm ki, onunla bağlı çoxsaylı xatirələr sadə vətəndaş, bir fərd kimi mənim yaddaşıma da ömürlük yazılıb.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

1 Oktyabr 2022 03:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə