Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mühüm strateji tərəfdaşlıqda növbəti addım

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Bolqa­rıstanla sıx əlaqələr qurub. Bu münasibətlər son onilliklər ərzində getdikcə möhkəmlənib. Siyasi, iqtisadi, elmi, tex­niki və mədəni sahələrdə münasibətlər sürətlə inkişaf edib. Hər iki respublikanın dövlət başçısı tərəfindən qarşılıqlı əlaqələrin genişlənməsinə xüsusi önəm verilib.

Yeri gəlmişkən, Bolqarıstan Res­publikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplo­matik münasibətlər isə həmin ilin iyu­nunda yaradılıb. 1999-cu ilin dekab­rında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə ölkəmizin Bolqarıstanda səfirliyi fəaliyyətə baş­layıb.

İki dövlət arasında əməkdaşlıq münasibətləri ulu öndərimiz Heydər Əliyevin 1995-ci il iyunun 29–30-da Bolqarıstan Prezidenti Jelyu Jelye­vin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib. Ümummilli liderimiz və Jelyu Jelyev tərəfindən bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imza­lanıb.

Sonrakı dövrdə də bu əlaqələrin inkişafı diqqət mərkəzində saxlanılıb. 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Azərbaycan–Bolqarıs­tan münasibətlərinin genişlənməsinə xüsusi önəm verib. Sentyabrın 30-da dövlətimizin başçısının bu ölkəyə səfəri də böyük əhəmiyyət daşıyır.

Azərbaycanla Bolqarıstan ara­sında strateji əməkdaşlıq bir çox istiqamətləri, o cümlədən, enerji təhlükəsizliyini əhatə edir. Belə ki, iki ölkə arasında enerji sahəsi ilə bağlı məsələlər mühüm önəm daşıyır. Bu, ilk növbədə, Cənub Qaz Dəhlizinin istismarı ilə bağlıdır. Belə ki, hazırda bu ölkəni adıçəkilən dəhlizlə birbaşa xətt bağlayır. Belə bir kommunikasiya isə gələcəkdə böyük potensialı olacaq uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir.

Cənub Qaz Dəhlizi çox say­da müxtəlif maraqlı tərəfləri özündə əhatə edən mürəkkəb bir layihədir. Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu layihə dün­yada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarı­na daşımaqla dünyanın enerji xəritəsini dəyişir.

Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Dost ölkəyə il ərzində 1 mil­yard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulub.

Xatırladaq ki, bir müddət bun­dan əvvəl Yunanıstanın Komotini bölgəsində Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıs­tan–Bolqarıstan İnterkonnektoru­nun (IGB) açılış mərasimi keçirilib. Ekspertlər tərəfindən IGB-nin reallaş­masını TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı, Cənub Qaz Dəhlizinin yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirilib.

IGB-nin açılışı Bolqarıstanın, ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyətli hadisədir.

Azərbaycan Bolqarıstan da da­xil olmaqla Avropa ölkələri üçün şaxələndirilmiş qaz təchizatının sabit və strateji mənbəyi, həm də etibarlı tərəfdaşdır. Bir ildən artıq müddətdə Avropaya 13,5 milyard kubmetr qaz tədarük olunub. Bunun 440 milyon kub­metri Bolqarıstanın payına düşüb.

Bolqarıstana ilk 6 ayda 160 milyon kubmetr olan qaz ixracının ilin sonuna 600 milyon kubmetrə çatacağı planlaş­dırılır. İyulun 1-dən Bolqarıstana tam həcmdə – gündəlik 2,6 milyon kub­metr qaz ixrac edilir ki, bu da gündəlik tədarükdə 1,7 milyon kubmetr artım deməkdir.

Azərbaycan enerji istiqamətində əməkdaşlıqla bərabər, həm də nəqliyyat, ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi digər sahələr də münasibətlərin daha da güclənməsini diqqətdə saxlayır. Məsələn, dost ölkə respublikamızla birlikdə 1998-ci ildən Avrasiya nəqliyyat dəhlizi layihəsində (TRASECA) iştirak edir. İki dövlət arasında həmçinin regi­onal təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx münasibətlər mövcuddur. Bütün bunlarla bərabər, Azərbaycanla Bol­qarıstan arasında indiyədək iqtisadi sahələri əhatə edən bir sıra önəmli sənədlər imzalanıb.

Ümumiyyətlə, nəqliyyat sahəsinin inkişafı da hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada Bakı– Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi hər iki respublika üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına gi­riş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış im­kanı kimi rolunu daha da artırır.

Azərbaycanla Bolqarıstan arasın­da mədəni əlaqələr də uğurla inkişaf etməkdədir. Bakı Slavyan Universi­teti ilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imza­lanması, Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlaması, Bakı Slavyan Universitetində bolqar dilinin tədris olunması, paytaxtımızda tanın­mış bolqar rəssamı Emil Stoyçevin fərdi sərgisinin açılması da bunun par­laq ifadəsidir.

Prezident İlham Əliyev çıxışlarının birində Bolqarıstanla siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğur­lu inkişafından danışarkən, bu gün iki ölkə arasında fəal əməkdaşlığın möv­cudluğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğula­yıb. Ölkə rəhbəri, həmçinin Bolqarıs­tan və Azərbaycanın iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəyinə əminliyini bildirib. Eyni zamanda, tərəflər arasında iqtisadi sahədə ticarət dövriyyəsinin həcminin artırılması zəruriliyi də diqqətə çatdırıb.

“Xalq qəzeti”

1 Oktyabr 2022 03:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə