Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər tarixinin xronologiyası

1 oktyabr 2020-ci il

2020-ci ilin 1 oktyabrı, Vətən müharibəsinin beşinci günüdür. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində başlayan hərbi əməliyyatlar davam edir, cəbhə xətti boyunca şiddətli döyüşlər gedir. Azərbaycan Ordusu­nun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndləri, strateji yüksəkliklər düşməndən təmizlənir, işğalçı çoxsaylı itki verir və mövqeləri tərk etmək məcburiyyətində qalır.

Silahlı Qüvvələrimizin uğurlu əməliyyatları Azərbaycan xalqını yeni qələbələrə daha da ruhlandırır. Prezident İlham Əliyevin qismən səfərbərlik elan olunması ilə bağlı sərəncamından dərhal sonra hərbi vəzifəlilərin böyük ruh yüksəkliyi ilə cəbhə bölgəsinə yola düşməsi, gənclərin könüllü şəkildə ordumuzun sıralarına qoşulmaq istəyi, valideynlərin öz öv­ladlarını həvəslə Vətən uğrunda gedən sava­şa yola salmaları Azərbaycanda mövcud olan Ordu–Xalq birliyini nümayiş etdirir.

Şanlı Silahlı Qüvvələrimizin güclü əks-həmləsi nəticəsində ərazilərimizdə Azərbaycan bayraqları ucaldılır, insanlar arasında yüksək əhval-ruhiyyə yaşanır. Cəbhədən qələbə xəbərləri gəldikcə hamı bir-birini təbrik edir, gö­zaydınlığı verir. Bu xəbərlər el-obanın uşaqlı-bö­yüklü hər bir övladının ürəyində qürura çevrilir.

Bəli, Azərbaycan əsgəri 30 ilə yaxın bir zaman ərzində erməni işğalı altında qalan Vətənimizin ərazi bütövlüyünü bərpa etmək uğrunda müqəddəs savaşa atılıb. Bu, Vətən müharibəsidir! Bu, bizim haqqımızdır və bu haq­qı bizdən kimsə ala bilməz!

***

Həmin gün Belarus Prezidenti Aleksandr Lu­kaşenko dövlətimizin başçısı İlham Əliyevə te­lefonla zəng edərək, Ermənistan–Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranan vəziyyətlə maraqlanıb. Ölkə rəhbəri Ermənistanın sentyabrın 27-də səhər saatlarında başladığı hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli ağır artilleriya atəşinə məruz qoyduğunu bildirib. Eyni zamanda, təcavüz nəticəsində həmin günə kimi hərbi qulluqçularımızın, 17 mülki şəxsin həlak olduğunu, 50-dən çox mülki şəxsin yaralandı­ğını, 200-dən çox evin dağıdıldığını və buna cavab olaraq Azərbaycan tərəfinin əks-hücum əməliyyatlarını həyata keçirdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev daha sonra qeyd edib ki, artıq Ermənistan ərazisindən də Azərbaycan mövqeləri atəşə tutulur ki, bu da qəti şəkildə yolverilməzdir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təcavüzünə son qoyul­malı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Dövlətimizin başçısı onu da bildirib ki, Ermənistan tərəfi şüurlu şəkildə danışıqlar pro­sesini pozur və bu ölkə hərbi təxribatlara rəvac verməklə yanaşı, danışıqlar prosesinə də böyük zərbə vurur.

***

Prezident Rəcəb Tayyib Ərdoğan həmin gün Türkiyə Böyük Millət Məclisində çıxış edərək bil­dirib ki, bölgədə uzunmüddətli sülhün yaranma­sının yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsidir.

Rəcəb Tayyib Ərdoğan daha sonra vurğula­yıb ki, Ermənistan rəhbərliyi Türkiyəyə böhtan atmaqla məşğuldur. Dövlət başçısı Ermənistana dəstək olanları da qınayıb.

Oktyabrın 1-də Türkiyənin Xarici İşlər nazi­ri Mövlud Çavuşoğlu ilə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali ko­missarı Cozep Borrell arasında telefon danışı­ğında Ermənistanın Azərbaycana qarşı hərbi hücumları nəticəsində bölgədə gərginləşən vəziyyət müzakirə edilib. Eyni zamanda, Möv­lud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lav­rov arasında telefon danışığında Ermənistanın Azərbaycana qarşı hərbi hücumları nəticəsində bölgədə vəziyyətin getdikcə gərginləşdiyi bildiri­lib.

***

Cəbhədə uğurlarımız, üstünlüyümüz göz önündədir. Bu, Müdafiə Nazirliyinin məlumatında da aydın görünür:

– Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdəki düşmən mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib;

– əməliyyatın beşinci gününün sonunadək düşmən canlı qüvvə, hərbi və döyüş texnikası baxımından xeyli sayda itki verib. İşğalçı bütün cəbhə boyunca tutduğu mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilib. Ermənistan or­dusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib;

– ötən müddət ərzində düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artil­leriya, yaylım atəşli raket sistemi, minaatanı, 30 ədəd hava hücumundan müdafiə vasitəsi, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb.

– Ermənistan ordusunun alay komandiri və onun müavini ordumuzun bölmələrinin dəqiq artilleriya atəşi nəticəsində məhv edilib. Alayın köməyinə gələn düşmənin əlahiddə həmlə ta­borunun döyüş bayrağı və sənədləri ələ keçi­rilib. Əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını döyüş meydanında atıb qaçan düşmən bir daha acizliyini nümayiş etdirib.

Nəhayət, Ermənistanın hərbi məqsədlər üçün istifadə olunması niyyətilə yaratdığı “kö­nüllü silahlılar”dan – Yaxın Şərq bölgəsindən Ermənistana köçürülən terror qruplaşmaların­dan, həmçinin muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar üzə çıxır.

“Xalq qəzeti”

1 Oktyabr 2022 03:13 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə