Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən müharibəsində sərhədçilərin taktika və strategiyası, tətbiq edilən vasitələri

2020-ci ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri ilə bərabər, Dövlət Sərhəd Xidmətinin (DSX) çevik qüvvələri cənub istiqamətindən döyüşlərə qatıldı. Döyüş əmrini alan DSX dərhal bütün qüvvə və vasitələrini döyüşə tam səfərbər etdi.

Müharibənin ilk günündən Ermənistan ordusunun kabusu­na çevirilən, düşməni qorxuya salan DSX-nin çevik qüvvələri Füzuli ra­yonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək bö­yük bir ərazinin işğaldan azad olunma­sında yüksək şücaət göstərdilər. DSX rəisi, general-polkovnik Elçin Quliyev mətbuata müsahibəsində sərhədçilərin Vətən müharibəsindəki ilk əməliyyat planlarını açıqlayarkən bildirmişdi ki, ilkin olaraq, Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər: “Döyüşlər başladıq­dan sonra Prezident İlham Əliyev ke­çirdiyi xidməti-döyüş müşavirəsində DSX-nin hücum istiqaməti sərhədyanı və Araz çayı boyu dəyişildi. Bununla, DSX-nin hərbçiləri tərəfindən Füzu­li rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi işğaldan azad edildi. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdı­cı zərbələr endirildi, düşmənin yüzlərlə canlı qüvvəsi məhv edildi”.

1994–2020-ci illərdə, Ermənistanın keçmiş müdafiə naziri olmuş Seyran Ohanyanın birbaşa rəhbərliyi altın­da qurulan və sonrakı dövrlərdə də gücləndirilən “Ohanyan səddi” artıq geridə qalmışdı. DSX hərbçilərindən şad xəbərlər gəlməyə başlamışdı: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan! Əmrinizə uyğun olaraq, məruzə edirəm ki, Xudafərin körpüsü və ərazisi işğaldan azad edil­mişdir”. Beləliklə, qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət Bayrağı ucaldıldı, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəklikləri azad edildi. Füzuli, Cəbrayıl, Zəngilan və Qu­badlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər.

Vətən müharibəsində ən müa­sir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş apa­ratlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Azərbaycan sərhədçilərinin uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bü­tün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi pilotsuz uçuş aparat­larının (PUA) intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldı. PUA-lar düşmən üzərində hərbi üstünlüyümüzü şərtləndirən əsas amillərdən biri olmaqla yanaşı, həqiqi döyüş şəraitində effektiv tətbiq olunması peşəkar vərdişlərin forma­laşdırılmasının nəticəsi idi. DSX-nin çevik hərəkət qüvvələrinin formalaş­dırılması və xüsusi hazırlıqlı peşəkar heyətlə komplektləşdirilməsi, ən yüksək səviyyədə silahlar, döyüş sursatları və hərbi ləvazimatla təchizatlandırılması, real döyüş təcrübəsi əldə etmələrinə xüsusilə ciddi önəm verilməsi də əsas məqamlardan idi.

Vətən müharibəsində DSX-nin in­ventarında yer alan “Harop”, “Quz­ğun” və “Hermes” PUA-larının peşəkar tətbiqi nəticəsində düşmənin strate­ji əhəmiyyətli döyüş texnikaları, ze­nit-raket kompleksləri, o cümlədən, 8 ədəd “S-300” raket kompleksi, tankla­rı, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri böyük məharətlə zərərsizləşdirilib. Zəngilan rayonunda Bartaz yüksəkliyinin düşməndən azad edilməsi zamanı DSX çevikçilərinin atı­cı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin Su-25 hərbi təyyarəsi məhv edildi. Hava­da və döyüş meydanında üstünlüyü tam ələ alan PUA-lar sayəsində düşmənin illər boyu güvəndiyi hərbi güc dəmir tul­lantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı “Harop” və “Bayraktar-TB2” PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı. Eyni zamanda, DSX-nin inventarında yer alan və istismar müddətini başa vurmuş “AN-2” təyyarələrinin PUA-lar kimi modernləşdirilməsi nəticəsində yanlış hədəf qismində düşmənin hava hücumundan müdafiə sistemini aşkar­lamaq və zərurət olduqda dəqiq zərbə endirmək imkanı qazandırdı. Düşmənin qürurlandığı ən müasir texnikaları­nın “AN-2” təyyarələri vasitəsilə məhv edilməsi dünya hərb tarixində ancaq təəccüb doğura bilər. Burada sərhədçi bacarığı, sərhədçi məntiqi və savadı da­nılmaz idi.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında gerçəkləşdirilən mühüm ideya və yanaşmalar Azərbaycan sərhədçilərinin düşmən üzərində böyük zəfərin əldə olunma­sında yüksəksəviyyəli iştirakına zəmin yaratdı. Belə ki, 44 günlük Vətən müharibəsi ərəfəsində DSX-nin şəxsi heyəti 290 düşmən hədəfini, yüzlərlə canlı qüvvəsini darmadağın etdi.

Vətən müharibəsində DSX-nin 47 hərbi qulluqçusu şəhid oldu, 197 nəfər yaralandı və ya müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Vətən müharibəsi çərçivəsində rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlar­dan 4 nəfəri ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq gö­rüldü, 176 nəfəri ordenlərlə, 5 203 nəfəri isə müxtəlif medallarla təltif olunub.

Şəhid ailələrinə dövlət bayramların­da, şəhidlərin doğum və anım günlərində DSX-nin ali hərbi rütbəli zabitləri tərəfindən qayğı və diqqət göstərilir. Onların məzarlarının yad edilməsi təcrübəsi formalaşdırılıb, qazilərin müalicəsinə, onlara müharibə vetera­nı adının, sığorta və digər ödənişlərin alınması üzrə sənədləşmə işlərinin görülməsinə xüsusi diqqət göstərilib, şəhid ailəsi üzvlərinin DSX-də hərbi xidmətə və işə qəbul edilmələrinə, şəhid övladlarının DSX-nin Xüsusi Məktəbinə qəbul olunmalarına tam şərait yaradılıb. Bu günədək 12 nəfər şəhid ailəsi üzvü DSX-yə həqiqi hərbi xidmətə, işə, yaxud təhsil müəssisəsinə qəbul olunub.

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

1 Oktyabr 2022 03:22 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə