Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı AMEA-da komissiya yaradılıb

Sentyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-dan qəzetimizə verilən məlumata görə, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Rəyasət Heyətinin üzvlərinə iclasın gündəliyi barədə məlumat verib.

Müzakirəyə çıxarılan birinci məsələ Prezi­dent İlham Əliyen imzaladığı “Azərbaycan Res­publikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli sərəncamın icrasından irəli gələn məsələlər haq­qında olub.Mövzu ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyətinin üzvləri bildiriblər ki, Heydər Əliyev XX əsrdə ümummilli ideyaları və həmin ideyaların gerçəkləşdirilməsinə nail olma baca­rığı ilə xalqımızın tarixi taleyində müstəsna rol oynamış ən böyük tarixi şəxsiyyətlərdən biri olub.

Qeyd olunub ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ulu öndər Heydər Əliyev elmimizin inkişafında da mühüm xidmətlər göstərib, onun həyata keçirdiyi elmi potensia­lın qorunması və inkişaf etdirilməsi siyasətinin nəticəsi olaraq Azərbaycan elmi bir sıra uğur­lara imza atıb. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin fəaliyyətində milli elmi kadrların hazırlanmasının da xüsusi yer tutduğunu deyən Rəyasət Heyətinin üzvləri bu gün ölkəmizin dövlət idarəetmə orqanlarında, iqtisadi struktur­larında, elm-təhsil müəssisələrində ulu öndərin yetişdirdiyi həmin kadrların uğurla fəaliyyət göstərdiklərini bildiriblər.

Vurğulanıb ki, müstəqillik illərində Heydər Əliyev Azərbaycan elminin inkişafı məqsədilə bir sıra mühüm fərman və sərəncamlar imza­layıb. Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli lider Heydər Əliyevin ənənələrini davam etdirdiyini deyən çıxışçılar qeyd ediblər ki, hazırda elmi potensialın inkişafı və on­dan milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması, xüsusən “elm-təhsil-iqtisadiyyat” münasibətlərinin müasir dövrün tələbləri baxımından yenidən qurulması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısın­da duran əsas vəzifələrdən biridir.

Ölkə başçısının sərəncamının icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-da Komissiya yaradılıb və Akademiyanın geniş tədbirlər planının hazırlanması qərara alınıb.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabat­lar haqqında olub. Rəyasət Heyəti tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyasının 2022-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinin 2023-cü il fevralın 25-dək nəşrə hazırlanması və məcmuədə AMEA-da və respublikanın digər elm və ali təhsil müəssisələrində 2022-ci ildə apa­rılmış elmi tədqiqat işlərinin mühüm nəticələri, həyata keçirilmiş əsas elmi-təşkilati işlər, AMEA-nın fəaliyyətinin digər aspektləri və göstəriciləri haqqında ətraflı məlumatların daxil edilməsi barədə qərar verilib.

“Xalq qəzeti”

1 Oktyabr 2022 00:40 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə