Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Prioritetlər iqtisadi yol xəritəsidir

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi iqtisadi inkişafda keyfiyyətcə yeni bir mərhələnin başlanmasını şərtləndirib, qeyri-neft-qaz sektorunun dinamik inkişafına əsas yaradıb. Bu baxımdan, Milli Prioritetlərdə iki mühüm məsələ – davamlı və yüksək iqtisadi artım, habelə daxili və xarici təsirlərə dayanıqlığın təmin olunması qarşıya mühüm vəzifə kimi qoyulub.

 

Dövlət başçısı “Azərbaycan Respublikası­nın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 22 iyul 2022-ci il tarixli sərəncamı da adıçəkilən Milli Prioritetlərin icrasını həyata keçirmək məqsədilə imzalayıb.

Həmin sərəncamda bildirilir ki, respublikamız dünya miqyasında sabit və dayanıqlı iqtisadiyya­tı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal ener­ji təhlükəsizliyinin təminatında strateji rol oyna­yan dövlətə çevrilib. Azərbaycan ötən illər ərzində beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verib, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilib. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb. Bu layihələrin uğur­la həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyənləşdirən və dünya iqtisa­diyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu gerçəkləşdirib.

Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli inteqrasiya­sı, dövlət investisiyalarının ölkənin suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsinə, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsinə yönəldilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunların nəticəsində isə yüksək iq­tisadi göstəricilər əldə olunub.

Azərbaycanın uğurlu inkişafı ilə bağlı müsbət tendensiya cari ilin 8 ayının nəticələrində də özü­nü aydın göstərib. Belə ki, 8 ayda iqtisadi artım 5,8 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 10,3 faiz artıb, qeyri-neft sənayesində 9 faiz artım qeydə alı­nıb. Xarici ticarət dövriyyəmiz 35 milyard dollar təşkil edib. Təkcə avqustda Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 5 milyard 54,1 milyon ABŞ dolları olub. Ticarət əməliyyatlarının ümumi dəyərinin 1 milyard 374,4 milyon dolları idxalın, 3 milyard 679,6 milyon dolları isə ixracın payına dü­şüb.

Hazırda ölkənin strateji valyuta ehtiyatları 2,7 milyard dollar artaraq təxminən 56 milyard dollara yaxındır və birbaşa xarici dövlət borcunu 7 dəfədən artıq üstələyir.

Cari ilin ötən ayları ərzində əldə edilən bu müsbət göstəricilər hökumət tərəfindən hazırla­nan “Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” layihələrdə də nəzərə alınıb.

Adları çəkilən həmin layihələrdə diqqət çəkən bəzi məqamlara nəzər salaq. İlk növbədə qeyd edək ki, Vətən müharibəsindən sonra da ölkəmizin müdafiə potensialının, eləcə də ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika, silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması hökumətin qarşısında duran prioritet istiqamətdir. Bu istiqamətdə gələn ilin büdcəsində 5,3 milyard manatdan artıq vəsait nəzərdə tutulması qeyd edilən məsələnin bariz ifadəsidir.

Yeri gəlmişkən, bütövlükdə 2023-cü il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inki­şafa dair Milli Prioritetlər”ə uyğun olaraq və dövlət başçımızın 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiqlənən “2022-2026-cı illərdə sosial-iqtisadi in­kişaf Strategiyası”ndakı vəzifələr nəzərə alınmaqla hazırlanıb.

Xatırladaq ki, gələn ilin dövlət büdcəsində “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsait nəzərdə tutulub.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları­nın bərpası, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrast­rukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsait nəzərdə tutulub.

“Xalq qəzeti”

1 Oktyabr 2022 02:43 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Dekabr 2022 | 10:59
Neft bahalaşıb
3 Dekabr 2022 | 10:53
Azərbaycan nefti ucuzlaşıb
3 Dekabr 2022 | 09:51
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə