Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəndimiz: bağ və tarlalarda bol məhsul var

Bu ilıq payız günlərində bölgələrimizdə kənd təsərrüfatı işlərinin qızğın çağıdır. İlin əvvəlindən minlərlə fermerin, fərdi torpaq istifadəçilərinin gərgin əməyi, təcrübə və səriştəsi sayəsində bağ və tarlalarda, plantasiyalarda bol taxıl, qarğıdalı, meyvə-tərəvəz, digər məhsullar yetişdirilib.

Əkin-biçin adamları min bir zəhmət hesabına araya-ərsəyə gətirdikləri bu nemətləri mümkün qədər tez və itki­siz toplamağa çalışırlar ki, ailələrinin gəlirləri artsın, rifahları daha da yaxşı olsun. Onlar yaxşı bilirlər ki, torpaq heç kəsin halal zəhmətini itirmir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bizimlə söhbətində dedi ki, dövlətin məqsədi də kənd adamlarının torpaqda yax­şı və səmərəli işləmələri üçün əlverişli şərait yaradıb ölkəmizdə əhalinin ərzaq təhlükəsizliyini təmin etməkdir. Bu məqsədlə fermerlərə güzəştli kreditlər verilir ki, onlar çəkdikləri əməyin bəhrəsini görsünlər.

Görülən işlər öz müsbət nəticələrini verir. Bu il Azərbaycanda buğda istehsa­lı ötən ilkinə nisbətən, təxminən, 1,5 faiz artıb. İndi əksər bölgələrimizdə növbəti ilin taxıl məhsulu üçün payızlıq şumu aparılır. Mexanizatorlar bu işi yüksək keyfiyyətlə görməyə çalışırlar ki, gələn ilin məhsulu daha bol olsun.

“Xalq qəzeti”nin bölgə müxbirlərindən aldığımız məlumatlara görə, indi demək olar ki, bütün bölgələrimizdə kənd təsərrüfatı işləri mütəşəkkil qaydada təşkil olunub.

Bu günlər ənənəvi meyvəçilik rayonu olan Qubanın alma bağlarında məhsul yığımının qızğın çağıdır. Təsərrüfatçılar sentyabrın ikinci ongünlüyündən artıq kütləvi yığıma başlayıblar.

İndi rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün qüvvələrini səfərbər ediblər. Toplanan məhsul ilkin mərhələdə elə bağlarda çeşidlənərək qablaşdı­rılır. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır.

Quba rayonunun Birinci Nügədi kəndində bir hektara yaxın alma-ar­mud bağı olan təcrübəli fermer Aslan Yusifov bu il məhsuldarlığın keçən ildəkindən daha yüksək olduğunu bil­dirdi:

– Məhsul boldur. Müştəri sarıdan da çətinliyimiz yoxdur. Əsas narazılığımız keyfiyyətsiz dərmanlardandır. Təsəvvür edin, bağa dəfələrlə dərman çiləmişik. Amma yenə də meyvələrin bir hissəsi qurdludur.

Qubanın Zərdabi qəsəbəsində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi iş­çisi, kənd təsərrüfatı elmləri namizədi. B.Quliyev dedi ki, şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden” və “Simirenko” sortla­rı yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrani smit”, “Fuji” sortlarına üstünlük verirlər.

Qocaman alim-bağbanın sözlərinə görə, təəssüf ki, son illər fermerlərin Qubanın dədə-baba meyvə sortlarına marağı azalıb. Halbuki, Quba almasına şöhrət gətirən məhz köhnə xüsusi ətri, dadı ilə seçilən həmin ənənəvi sortlardır.

Babakişi müəllim sonra bir-bir həmin alma-armud sortlarını sadala­mağa başladı:

– İnanın mənə, Qubanın bir vaxt­lar dillər əzbəri olan “Cırhacı”sının, “Sinab”ının, “Nar armudu”nun dadını, ləzzətini bugünkü meyvələr vermir...

Yəqin ki, qocaman alim bu giley və düşüncələrində haqlıdır. Ümid edək ki, həqiqətən, qubalı fermerlər təkcə yeni meyvə sortlarına aludə olmayacaq, ənənəvi meyvə sortlarını da qoruyub saxlaya biləcək və onların sıradan çıx­masına imkan verməyəcəklər.

Bütövlükdə isə indi Quba rayonun­da 14 min hektara yaxın meyvə bağı var. Hər il bu bağlardan 110-120 min ton məhsul yığılır. Bu il məhsulun ötən illərdən də çox olacağı gözlənilir.

Bu gün əgər qubalı fermerlərin əsas qayğısı meyvə bağlarındakı məhsulu tez toplamaqdırsa, Qax rayonunun dağların ətəyində yerləşən torpaqlarda çalışan fermərlərin əsas məşğuliyyətlərindən biri dən qarğıdalının istehsalı və tədarükünü artırmaqdır.

Bu, kifayət qədər gəlirli sahədir. Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitki­çilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov dedi ki, qaxlı fermerlər bu il 1556 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər.

Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək 920 hektar sahənin məhsulu yığılıb, 6907 ton dən qarğıdalı istehsal olunub. Hər hektarda orta məhsuldarlıq 75 sentner təşkil edir.

Ü.Əzimovun sözlərinə görə, bu il ra­yonun təsərrüfatlarında 317 hektarı dən, 410 hektarı yaşıl yem üçün olmaqla, 727 hektar sahədə təkrar qarğıdalı əkini də aparılıb. İndiyədək yem üçün əkilmiş sahənin 30 hektarı biçilib, 750 ton yaşıl yem istehsal olunub.

Qeyd etmək lazımdır ki, Qaxda bu il barama, taxıl, kartof, eləcə də heyvan­darlıq məhsullarının istehsalı keçən illə müqayisədə xeyli artıb. Hazırda rayonda növbəti ilin taxıl məhsulu üçün payızlıq şumu aparılır.

Mexanizatorlar yaxşı başa düşürlər ki, bol məhsulun əsası, ilk növbədə, keyfiyyətli şumdan başlayır. Buna görə də öz vəzifələrini yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.

Şübhəsiz, Qubanın da, Qaxın da təbiəti gözəldir. Amma bu və başqa dağətəyi rayonlarda ildə bir dəfə məhsul götürmək mümkün olur. Muğanın cənubunda olan Cəlilabad rayonunda isə ildə iki dəfə kartof əkib-becərirlər.

Bu rayonda yazda faraş kartof becərildiyi kimi, payız fəslində də geniş sahələrdə “ikinci çörək” yetişdirilir. Ha­zırda əkin başa çatıb, becərmə işlərinin qızğın çağıdır.

Növbəli əkin prinsipinə uyğun ola­raq, sahələrdən il ərzində 2-3 dəfə məhsul götürən zəhmət adamları, buil­ki payızlıq əkin mövsümündə rayonun ayrı-ayrı kəndlərində əkin sahələrini genişləndiriblər.

Rayonun qabaqcıl fermerlərindən olan Əliheydər Salmanov hər il 10 hek­tardan çox sahədə yazlıq və payızlıq kartof məhsulu yetişdirir. Onun sözlərinə görə, bu il rayonda payızlıq əkin sahələri iki dəfəyədək artırılıb. Məsələn, bir neçə il əvvəl rayonun kəndlərində 500 hektaradək sahədə payızlıq kartof əkilərdisə, bu rəqəm indi 1000 hektara çatıb.

Cəlilabadlı fermer sonra bildirdi ki, o, bu yazda bir hektardan orta hesab­la 30 ton məhsul götürüb, payızda isə məhsuldarlığın azı 15-20 ton olacağını gözləyir.

Bir neçə kəlmə də pambıqçıları­mızdan söz açmaq istərdik. Bu günlər ölkəmizin pambıq tarlalarında da işin qızğın çağıdır. Sentyabrın ilk günlərində fermer təsərrüfatlarının üzvləri məhsulu əl ilə yığırdılarsa, indi əksər rayonlarda sahələrə pambıqyığan maşınlar çıxarı­lıb.

Beyləqan rayonundan olan fermer Təbriz Talıbov dedi ki, bu il rayonda bol ağ qızıl məhsulu yetişdirilib. Onun sözlərinə görə, pambığın satınalma qiymətlərinin artırılması fermerlərin bu sahəyə olan marağını daha da artırıb.

Hazırda Salyan, Neftçala, Ağcabədi, Bərdə və başqa rayonlarda pambıq tar­lalarında məhsulun kütləvi yığımı uğurla təşkil olunub.

Bir sözlə, bu gün bölgələrimizdə bağ və tarlalarda əmək bulaq kimi qaynayır. Əmək adamları hər anın qədrini bilməyə çalışır, havaların xoş keçməsindən istifadə edərək, həvəslə torpağın nemətlərini toplayırlar.

M.HACIXANLI,

“Xalq qəzeti”

1 Oktyabr 2022 02:34 - İQTİSADİYYAT
İQTİSADİYYAT
26 Noyabr 2022 | 11:37
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə