Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda “yaşıl iqtisadiyyat”– müasir inkişafın təməl prinsipi

Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında çıxışında səsləndirdiyi “xoşluqla verilməyən, ancaq qanla möhürlənib, zorla alınan torpaqlarımız” – erməni faşizminin 30 il ərzində xarabalığa çevirdiyi qədim yurd yerlərimiz artıq iki ildir ki, doğmalarının nəfəsi ilə isinir, Qarabağ və Zəngəzurun qaməti dikəldilir. Yeni yaşayış sahələri salınır, yeni yollar tikilir, ot-alaf basmış cığırlara əzizlərinin izi düşür, elektrik enerjisi və içməli su təchizatı problemi aradan qaldırılır. Ağalı kəndinə ailələrin hissə-hissə köçürülməsi davam etdirilir. Bir sözlə, qəhrəman Ordumuzun düşmən əsarətindən xilas etdiyi yurd yerlərimiz yenə də sevincli-fərəhli günlərini yaşayır…

Prezident İlham Əliyevin vurğuladı­ğı kimi, keçmiş məcburi köçkünlərimizi ləyaqətli həyat şəraiti ilə təmin etmək üçün düşməndən təmizlənən ərazilərimizdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası uğurla həyata keçirilir. Əhalinin daya­nıqlı məskunlaşması məqsədilə həmin torpaqlarda nəqliyyat, sosial və biznes infrastrukturlarının yaradılması hazırda dövlət siyasətinin prioritetləri sırasın­da yer alır. Azərbaycan dövləti bütün bu layihələri öz gücü ilə, öz maliyyə hesabına gerçəkləşdirir. Bu baxımdan 2021-2022-ci illərdə bir sıra layihələrin icrasının başa çatdırılması, o cümlədən, Şuşaya gedən Zəfər yolunun salınma­sı, Füzuli və Zəngilan beynəlxalq hava limanlarının istifadəyə hazırlanması, Zəngilanda Ağalı kəndinin bərpası, bölgədə ən müasir texnologiyalara və idarəetməyə əsaslanan yarımstansiya­ların inşası, dağ çayları üzərində elekt­rik stansiyalarının tikilməsi Azərbaycan dövlətinin iqtisadi gücünü göstərir. Təbii ki, Qarabağ və Şərqi Zəngəzurda sürətlə icra olunan bu genişmiqyaslı bərpa layihələri müasir inkişafın təməl prinsipinə-“yaşıl iqtisadiyyat”a əsaslanır. Bütün bunlar dövlətimizin başçısının qəsbkardan xilas olunan rayonlara səfərləri ilə bir daha öz təsdiqini tapır.

Bu məqamda onu da deyək ki, Qa­rabağ və Şərqi Zəngəzurun bərpasına başlanan vaxtdan bu ərazilər “Ya­şıl enerji zonası” elan edilib. Bunun üçün qlobal çağırışlara və müasir in­kişaf tendensiyalarına uyğun strateji yanaşma qarşıya mühüm vəzifə kimi qoyulub. Prezident İlham Əliyev çıxış­larında dəfələrlə bu torpaqların enerji təminatında “yaşıl enerji”dən-bərpa olu­nan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq oluna­cağı barədə qəti mövqeyini ifadə edib: “Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan trans­formasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik fira­vanlıq məkanına çevirəcək.”

Bu məqsədlə Yaponiyanın TEPS­CO şirkəti cəlb edilməklə “Yaşıl enerji zonası”nın yaradılması üzrə müfəssəl konsepsiya hazırlanıb. Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb. Eyni zamanda, bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpa olunan enerji potensia­lının öyrənilməsi, mövcud resurslardan yararlanmaqla külək və günəş enerji stansiyalarının, həmçinin su anbarların­da, kiçik çaylarda su-elektrik stansiya­larının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılıb.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları 7200 meqa­vat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur.

Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidro enerji potensi­alına malikdir. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kub­metr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Yuxarıda vurğuladığımız kimi, Qa­rabağ və Şərqi Zəngəzurun bərpasına başlanan vaxtdan bu ərazilər “Yaşıl ener­ji zonası” sayılır. Yeri gəlmişkən, belə bir zona - enerji tələbatı yaşıl enerjidən (bərpa olunan enerji mənbələrindən) maksimum istifadə edilməklə reallaşdı­rılan və enerji dəyər zəncirində ekoloji təmiz, eyni zamanda, enerji baxımın­dan səmərəli “yaşıl” texnologiyalardan istifadə edilən ərazidir. Təsadüfi deyil­dir ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlanır. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qar­şıya qoyulan konkret tapşırıqlar diqqət çəkir.

Sonda xatırladaq ki, hazırda “Ya­şıl enerji” zonası layihəsinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılması­nı potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimul­laşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, adları çəkilən bölgələrin bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas gö­türülür. Başqa sözlə, “Yaşıl enerji” zona­sı kimi bərpa olunması nəzərdə tutulan Qarabağ və Şərqi Zəngəzurun dünya­nın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

1 Oktyabr 2022 01:41 - İQTİSADİYYAT
İQTİSADİYYAT
3 Dekabr 2022 | 10:53
Azərbaycan nefti ucuzlaşıb
3 Dekabr 2022 | 09:51
Neft ucuzlaşıb
2 Dekabr 2022 | 09:42
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə