Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal İnnovasiya İndeksinə bu il də diqqət azalmayıb

Kornell Universitetinin (ABŞ), INSEAD Biznes məktəbinin (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan “Qlobal İnnovasiya İndeksi-2022” (Qİİ-2022) açıqlanıb. 2022-ci il indeksi 132 ölkəni əhatə edir və bütün dünya ölkələri inkişaf, innovasiya və istehsal qabiliyyəti baxımından qiymətləndirilir. Reytinqdə ilk üçlüyə İsveçrə, ABŞ və İsveç daxildir. Onları Böyük Britaniya, Hollandiya, Cənubi Koreya, Sinqapur, Almaniya, Finlandiya, Danimarka izləyir. Dünyanın ikinci iqtisadiyyatı hesab edilən Çin Xalq Respiblikası isə cədvəldə 11-ci yerdə qərarlaşıb. Azərbaycanda da innovativ investisiyalar üçün əlverişli şərait yaradılıb və bu proses uğurla davam etdirilir.

Ümumiyyətlə, Qİİ 2007-ci ildən hazırlanır və hazırda dünyanın müxtəlif ölkələrində inno­vativ inkişafın ən dolğun göstəricilərini əks etdi­rir. Reytinq innovasiya fəaliyyətinin potensialı, səmərəliliyi və çərçivə şərtlərini əhatə edən 80 göstərici əsasında tərtib olunur. Təhlil edilən göstəricilər qanunvericilik, elm və təhsildən tutmuş bazar, biznes, infrastruktur və digər məsələlərin inkişafına qədər geniş məlumatlar spektrini ehtiva edir. Qİİ-nin nəşr edilməsinin əsas məqsədi ölkələrin innovasiya mexanizmlərinin səmərəliliyinin qiymətləndirməsinə imkan yarat­maqdır. Tədqiqatın müəllifləri hesab edirlər ki, iqtisadiyyatın uğuru həm innovativ potensialın mövcudluğu, həm də onun həyata keçirilməsi üçün şəraitlə bağlıdır. Buna görə də, Qİİ iki göstərici qrupunun ballarının ümumi cəmi kimi hesablanır: mövcud resurslar və innovasi­ya üçün şərait, habelə innovasiyaların həyata keçirilməsində əldə edilmiş praktiki nəticələr. Beləliklə, yekun indeks müəyyən bir ölkədə in­novasiyanın inkişafı üçün səylərin səmərəliliyini obyektiv qiymətləndirməyə imkan verən xərc–səmərəlilik nisbətidir.

Ekspertlər qeyd edirlər ki, innovasiyaların in­kişaf səviyyəsinin ən yaxşı göstəricilərinə malik olan ölkələr sabitlik nümayiş etdirirlər. İnnovasi­yaların inkişafı baxımından ilk 25 ölkəyə nəzər salsaq, reytinqlər göstərir ki, ayrı-ayrı dövlətlər müvafiq qruplar daxilində yerlərini dəyişirlər, la­kin eyni zamanda onların heç biri öz qrupundan çıxmır. Bu, digər məsələlərlə yanaşı, uğurlu inno­vasiyanın bir növ qapalı dairəyə gətirib çıxarma­sı ilə izah oluna bilər: müəyyən kritik səviyyəyə çatdıqdan sonra investisiya kapital cəlb edir, istedad istedadı cəlb edir, innovasiya isə yeni­lik yaradır. Tədqiqatın müəllifləri qeyd edirlər ki, əlverişsiz iqtisadi vəziyyətə baxmayaraq, dünya­da innovasiya fəaliyyəti inkişaf etməkdə davam edir. Əksər ölkələrdə elmi-tədqiqat və inkişaf xərcləri əvvəlki illərə nisbətən daha yüksəkdir və uğurlu yerli innovasiya mərkəzləri inkişaf edir. Qeyd etmək yerinə düşər ki, yekun reytinq iki alt indeksin − innovasiya resursları (qurumlar, insan kapitalı və elm, infrastruktur, bazar və biznesin inkişafı) və onların nəticələri (texnologiyaların və bilik iqtisadiyyatının inkişafı, yaradıcı fəaliyyətin nəticələri) üzrə orta qiymət kimi hesablanır.

132 iqtisadiyyatın innovasiya fəaliyyəti qiymətləndirilən hesabatda ölkələrin müvafiq güclü və zəif tərəfləri açıqlanır, innovasiya me­yarlarında boşluqlar müəyyən edilir. Qİİ-2022 buraxılışında gələcək onilliklərdə innovasiyaların məhsuldarlığa və ictimai rifaha proqnozlaşdırı­lan təsirinə də diqqət yetirilir. Qeyd edək ki, inno­vasiya − texnika və texnologiyanın yeni növlərini təmin edəcək bir proses kimi vəsaitlərin iqtisadiy­yatda yerləşdirilməsi deməkdir. Geniş mənada innovasiya elmi-texniki, intellektual potensialı səfərbər edərək səmərəliliyi və digər iqtisadi fərqlənmələrə nail olmanı əhatə edən tədbirlər sistemidir. Xatırladaq ki, ilk dəfə innovasiya terminindən amerikalı iqtisadçı Yozef Şumpeter 1912-ci ildə yazdığı “Texniki inkişaf nəzəriyyəsi” əsərində istifadə etmişdi. Amerikalı alim kita­bında innovasiyanı texniki dəyişikliyin iqtisadi təsiri kimi nəzərdən keçirmişdi. Y.Şumpeterin fikrincə, texniki inkişaf nəticəsində yeni insan−innovasiya və ixtira arasında əlaqələndirici olan yenilikçi bir sahibkar meydana çıxır. İnnovasiya­ların təhlili göstərir ki, o sosial-iqtisadi xarakter­li funksiyaları yerinə yetirir. Qeyd etmək yerinə düşər ki, innovasiya əvvəllər yalnız texnologiya sferası ilə məhdudlaşırdısa, hazırda istehsal idarəetməsinin təşkilatı metodlarını da əhatə dairəsinə qatıb.

Amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Cozef Stiqlitsin fikrincə, innovasiya bütövlükdə müasir dünya üçün sərvətin artırılmasının yeganə real mənbəyidir. Buna görə də, təsadüfi deyil ki, müasir şəraitdə müxtəlif ölkələrin hökumətləri tədqiqat və innovasiyalara böyük sərmayələr qoyurlar. Məsələn, Almaniya ÜDM-in təqribən 2,7 faizini, ABŞ 2,8 faizini, Yaponiya təxminən 3,5 faizini tədqiqat və inkişafa sərf edirlər. Son zamanlar innovativ ölkələr sırasında liderliyi ələ keçirmiş ölkələrdən bir də İsveçrədir. İki ildir Qİİ reytinqinə liderlik edən İsveçrə biliklərin yaradıl­ması və ya siyasi mühit kimi göstəricilərə görə digər ölkələrdən fərqlənir. İsveçrənin yüksək inno­vasiya səmərəlilik əmsalı ölkəni güclü innovasiya potensialına görə ön sıraya qoyur və resursları yüksək innovasiya nəticələrinə çevirməyə kömək edir. Yeri gəlmişkən, İsveçrə universitetləri təhsil müəssisələrinin dünya reytinqində mütəmadi olaraq ilk yerləri tuturlar. Mütəxəssislərin fikrincə, İsveçrə federalizmi ilə bütün ölkədə tədqiqat və inkişaf mərkəzləri və “texnoparklar”ın inkişafına imkan yaradır və bu, universitetlər, hakimiyyət or­qanları, maliyyə institutları və biznes arasında sıx əməkdaşlıq əsasında baş verir.

Bir sözlə, bu gün innovasiya həyati bir vasitədir, bunsuz ölkələrin öz inkişaflarında hədəflədikləri səviyyəyə çata bilməyəcəkləri şübhə doğurmur. Azərbaycanda innovativ in­vestisiyalar üçün əlverişli şərait yaradılıb və bu proses uğurla davam etdirilir. Aparılmış təhlillər də onu göstərir ki, Azərbaycanda müasir inno­vasiya siyasətinin davam etdirilməsi ölkənin iqtisadi inkişafına müsbət təsir edir. Xüsusilə qeyd etmək lazımdır ki, innovasiyanın vacibli­yini həmişə vurğulayan Prezident İlham Əliyev Qarabağın yenidən qurulmasında texnologiya­ları əsas vasitələrdən biri kimi müəyyənləşdirib. Azad edilmiş ərazilərdə yaşayış üçün lazım olan infrastruktur qurulduqdan sonra innovasiya infrastrukturunun formalaşması və İKT-nın bü­tün sahələrdə tətbiq olunması ilə bu ərazilərin yüksək texnologiya və innovasiyalar məkanına çevrilməsi nəzərdə tutulur.

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

1 Oktyabr 2022 01:29 - İQTİSADİYYAT
İQTİSADİYYAT
3 Dekabr 2022 | 10:53
Azərbaycan nefti ucuzlaşıb
3 Dekabr 2022 | 09:51
Neft ucuzlaşıb
2 Dekabr 2022 | 09:42
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə