Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan ilə Zelenski arasında telefon danışığı olub

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski növbəti dəfə telefonla danışaraq, Rusiya- Ukrayna savaşı səbəbindən regionda yaranmış gərgin vəziyyəti və bundan çıxış yollarını müzakirə ediblər. UNİAN agentliyi bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Zelenski Rusiyada saxlanılan ukraynalı hərbi əsirlərin bir neçə gün əvvəl azad olunmaları və onların Türkiyəyə gətirilərək bu ölkənin ərazisində sığınacaq­la təmin edilmələri prosesində Ərdoğanın şəxsi rolunu yüksək dəyərləndirərək ona dərin təşəkkürünü bildirib.

Türkiyə lideri, öz növbəsində həmkarını əmin edib ki, Türkiyədə azad edilmiş hərbi əsirlərin öz sağlamlıqlarını bərpa etmələri üçün hər cür lazımi şərait yaradılıb. Əsirlərin yaxın və doğmaları isə istənilən vaxt onları ziyarət edə bilərlər.

Ukrayna dövlətinin baş­çısı ölkəsinin hazırda işğal altında bir neçə vilayətində keçirilən saxta referendumların nəticələrini tanımadığı və bu məsələdə beynəlxalq hüquqa söykənən prinsipial mövqe nümayiş etdirdiyinə görə rəsmi Ankaraya minnətdarlıq edib. Zelenski bir daha dünya ictimaiyyətini Rusiyanın Ukray­nadakı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləməyə səsləyib.

Telefon bağlantısı zamanı Ukrayna taxılının Qara dəniz li­manlarından gəmilər vasitəsilə dünya bazarına çıxarılmasında Türkiyənin aparıcı rolu yüksək qiymətləndirilib.

Qeyd edək ki, bugünədək Ukrayna limanlarından 235 yük gəmisi vasitəsilə Asiya, Avropa və Afrika ölkələri üçün nəzərdə tutulmuş 5,4 milyon ton taxıl və digər ərzaq məhsulları daşınıb.

Prezidentlər bundan sonra da “taxıl dəhlizi”nin maneəsiz fəaliyyət göstərəcəyinə ümid etdiklərini bildiriblər.

Bundan başqa, Türkiyə Prezidenti hazırda döyüşlərin getdiyi ərazidə yerləşən Zapo­rojye AES-də nüvə partlayışı təhlükəsinin qarşısının alın­ması istiqamətində beynəlxalq səviyyədə göstərilən səylərə hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.

M.HACIXANLI,

“Xalq qəzeti”

1 Oktyabr 2022 00:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə