Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Yaponiya

Birgə təlimlər

ABŞ, Yaponiya və Cənubi Koreya Yapon dənizində birgə hərbi təlimlərə başlayıb. Bu barədə ölkənin Özünümüdafiə Dəniz Qüvvələrinin Qərargahından bildirilib. Təlimlərdə ABŞ-ın “Ronald Reagan” atom aviadaşıyıcı gəmisi də iştirak edəcək. Üçtərəfli təlimlər qarşılıqlı hərbi fəaliyyəti gücləndirmək, “Azad və açıq Hind-Sakit okean regionu” konsepsiyasını həyata keçirmək məqsədilə keçirilir.

Xəbəri TASS verib.

Suriya

Vəbaya yoluxanların sayı artır

Suriyada vəba infeksiyasına 426 yoluxma halı aşkarlanıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ən çox yoluxma ölkənin şimalında – Hələbdə qeydə alınıb. Orada 28 nəfər vəbadan dünyasını dəyişib. Ümumilikdə, ölkədə vəbadan 33 ölüm faktı qeydə alınıb. Xatırladaq ki, BMT-nin Suriya üzrə humanitar koordinatoru İmran Rza daha əvvəl bildirmişdi ki, vəba xəstəliyinin yayılmasına səbəb isti yay dövründə təhlükəli mənbələrdən, xüsusən də Fərat çayı və suvarma kanallarından istifadə edilməsidir.

Məlumatı SANA yayıb.

ABŞ

Qocalma ilə bağlı yeni iddia

Qocalığı sürətləndirən gözlənilməz faktor açıqlanıb. Yalqızlıq və özünü bədbəxt hiss etmək, erkən qocalmanı siqaretdən daha çox sürətləndirə bilər. Amerikalı və çin­li alimlər bu qənaətə gəliblər. On­ların tədqiqatları “Aging-US” jur­nalında dərc olunub. Tədqiqatçılar 11 mindən artıq yetkin insanda tənhalıq, narahat yuxu və ya tənhalıq hisslərinin qocalma sürətinə təsirini ölçüblər. Məlum olub ki, adıçəkilən psixoloji faktorlar bioloji yaşa olduqca mənfi təsir göstərir. Alimlər bu qənaətə gəliblər ki, istənilən qocalma əleyhinə terapiya təkcə fiziki deyil, həm də psixi sağlamlığa yönəlməlidir.

Məlumatı “Gazeta.ru” yayıb.

Dəyəri 3 trilyon dolları keçən ilk şirkət

ABŞ-ın “Apple” şirkətinin səhmləri təxminən 3 faizə yaxın artaraq 3 trilyon dolları ötüb. Beləliklə, tarixdə ilk dəfə ola­raq bir şirkət belə görünməmiş uğurlu göstəriciyə nail olub. Bunu hərrac məlumatları da əks etdirir. Bildirilir ki, “Apple” səhmlərinin qiyməti sürətlə yüksələrək, bir səhm üçün 182,73 dollar təşkil edir.

Xəbəri “Euronews” verib.

Fransa

Daha bir məscid bağlanıb

Fransa Daxili İşlər Nazirliyi Bas-Rin bölgəsindəki Obernai məscidinin bağlanmasına qərar verib. Bu barədə ölkənin Daxi­li işlər naziri Jerald Darmanin “Twitter” hesabında yazıb: “İs­lam separatizmi ilə mübarizə ölkə başçısının tələbi ilə davam edir”. Nazirlik məscidin imamını radikal təbliğat fəaliyyəti aparmaqda, Fransa cəmiyyətinə düşmən münasibət bəsləməkdə, cümhuriyyət dəyərlərinə qarşı təxribat xarakterli şərhlər verməkdə ittiham edib. Daxili işlər naziri deyib ki, son 2 ildə 23 ibadət yeri bağlanıb.

Xəbəri “Le Figaro” verib.

İngiltərə

Favorit Braziliyadır

İngiltərənin “The Guardian” nəşri noyabrda Qətərdə keçiriləcək dünya çempionatında işti­rak edəcək komandaların turnirdə qalib olmaq şanslarını qiymətləndirərək sıralayıb. Siyahıya Braziliya başçılıq edir. Siyahıda ikinci yeri Argentina tutur. Üçün­cü pillədə İspaniya qərarlaşıb. İlk onluqda həmçinin Hollandiya, Almaniya, Danimarka, Fransa, Xorvatiya, İngiltərə və Serbiya komandaları yer alıb. Qeyd edək ki, Qətər dünya çempionatına ev sahibliyi etmək üçün 200 milyard funt-sterlinq xərcləyib.

Məlumatı “Anadolu” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

1 Oktyabr 2022 00:02 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə