Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gülnaz Dadaşova: Şəhid ailələrinə və qazilərə xidmət borcumuzdur

Ölkəmizin hər yerində 27 sentyabr – Anım Günü ilə bağlı idarə, təşkilat və müəssisələrdə şəhid ailələri ilə görüşlər təşkil olunur, onların problemləri dinlənilir.  Akademik C.M. Abdullayev adına Elmi –Tədqiqat Kardiologiya İnstitutunda da anım günü ilə bağlı şəhid və qazi ailələrinin üzvləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə tibbi aksiya keçirilmişdir.

Bakı, Abşeron, Sumqayıt, həmçinin ölkə rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 150- dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa – diaqnostika və nevroloji müayinələrdən keçmişlər. Onlara EKQ, ExoKQ və USM müayinəsi və muasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparılmışdır.

Bu barədə institutun mətbuat xidmətindən aldığımız məlumatda  deyilir. Məlumatda, həmçinin bildirilir ki, müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilmiş, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmişdir.

Elmi – Tədqiqat Kardiologiya İnstitutunda keçirilən tibbi aksiya yüksək səviyyədə baş tutmuş və vətəndaşlar tərəfindən məmnunluqıa qarşılanmışdır.

   Onu da qeyd edək ki, son illərdə Azərbaycanda səhiyyə yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə humanist siyasət aparılır, vətəndaşlara bütün sahələrdə olduğu kimi və sosial yönümlü siyasətin mühüm tərkib hissəsi kimi, ölkənin dövlət tibb ocaqlarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xətti ilə ödənişsiz xidmət göstərilməsinə başlanmışdır. Elmi – Tədqiqat Kardiologiya İnstitutu qeyd edilən siyasətə dəstək olaraq 2022-ci ilin aprel ayından başlayaraq Bakı şəhəri və ətraf rayonlarda, həmçinin Şamaxı, Cəlilabadda, Zaqatalada, Gədəbəydə 600 – dən artıq şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirmişdir.

Mətbuat xidmətindən aldığımız xəbər E.T.Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru Gülnaz xanım Dadaşovanın bu fikirləri ilə bitir: “Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik!”

 

Hazırladı:

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

30 Sentyabr 2022 16:51 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə