Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BDU-da akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş beynəlxalq konfransın açılış mərasimi keçirilib

Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın açılışı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımı­zın azadlığı uğrunda şəhid olan soydaş­larımızın əziz xatirəsi bir dəqiqəlik sükut­la yad edilib.

Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına böyük töhfələr verib. Görkəmli alimin dünyanın nü­fuzlu elmi jurnallarında dərc olunmuş məqalələri, fundamental monoqrafiya­ları, mühüm elmi nəticələri kimya elmi sahəsində ölkəmizin adının tanıdılmasın­da müstəsna rol oynayıb. Rəfiqə Əliyeva, eyni zamanda, onu tanıyanların yadda­şına vətənpərvər ziyalı, ölkənin ictimai həyatında fəal iştirak edən, cəsarətli möv­qeyi, xeyirxahlıq missiyası ilə seçilən par­laq bir şəxsiyyət kimi həkk olunub: “Aka­demik Rəfiqə Əliyeva ziyalılığı, kübarlığı, müdrikliyi, xalqına və Vətəninə bağlılığı, dövlətinə sədaqəti ilə onu tanıyanların hər biri üçün insanlıq nümunəsidir”.

Rektor qeyd edib ki, akademik Rəfiqə Əliyeva uzun illər ölkəmizdə kimya sahəsində yüksəkixtisaslı kadrların ha­zırlanmasında mühüm rol oynayıb, onun rəhbərliyi ilə 2 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə edilib. Akademik Rəfiqə Əliyeva 2 monoqrafiya, 33 dərslik və dərs vəsaitinin, 20 patentin və 520-dən çox məqalənin müəllifidir. Moskva Dövlət Universitetinin Analitik kimya kafedrası­nın əməkdaşları tərəfindən nəşr olunmuş 2 cildlik “Analitik kimyanın əsasları” və “Analitik kimyadan məsələ və suallar” ki­tabları məhz akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə Azərbaycan dilinə tərcümə edilib. Onun rəhbərliyi ilə Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat la­boratoriyasında müxtəlif illərdə ətraf mü­hitin çirklənməsi qiymətləndirilib, zərərli və ağır metalların qatılaşdırılaraq ayrıl­masının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodikaları işlənilib hazırlanıb. Akademik Rəfiqə Əliyevanın səmərəli el­mi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Alim 2000-ci ildə Əməkdar elm xadimi adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” orde­ni ilə təltif olunub. Eyni zamanda, görkəmli alim akademik “Yusif Məmmədəliyev adı­na” mükafata layiq görülüb. 2003-2004-cü tədris ilində akademik Rəfiqə Əliyeva Elm və Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunub, O, 2005-ci ildə BDU-nun təsis etdiyi “İlin alimi” fəxri adına layiq gö­rülüb. Alimin müəllifi olduğu “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Həsən Əliyev adına” mükafata layiq bi­linib.

Akademik Rəfiqə Əliyeva yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı kimi hər zaman insanlara yaxşılıq edib. Xeyirxah, nəcib əməllərin sahibi olub. Bütün bu keyfiyyətlər, ilk növbədə, onun mənsub olduğu ailədən, soy-kökdən irəli gəlir. Akademik Rəfiqə Əliyevanın əziz və unudulmaz xatirəsi öz taleyini bağladığı və inkişafına böyük töhfələr verdiyi Bakı Dövlət Universitetində həmişə hörmətlə və ehtiramla yad edilir. Görkəmli alimin elmi məktəbi onun davamçıları tərəfindən daha da inkişaf etdiriləcək.

Rəfiqə Əliyevanın qızı, BDU-nun Eko­loji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva onun əsl pedaqoq, elm fədaisi, gözəl ana, mübariz vətəndaş ol­duğunu bildirib. Qeyd edib ki, ömrünün 60 ilini Bakı Dövlət Universitetinə həsr edən Rəfiqə Əliyeva bütün tələbələrinin sevimli müəllimi olub: “Akademik Rəfiqə Əliyeva analitik kimya elmində böyük məktəb yaradıb. Hazırda onun tələbələri Azərbaycanda və bir çox ölkələrdə uğurla çalışırlar. Rəfiqə Əliyeva qürurlu, məğrur, prinsipial bir şəxsiyyət idi. Rəfiqə Əliyeva ümummilli liderimiz Heydər Əliyevin ba­cısı və silahdaşı kimi bu adı şərəflə da­şıyırdı. O, Azərbaycanda ekoloji kimya elminin təməlini qoyan və inkişaf etdirən böyük alimdir. Mən fəxr edirəm ki, ana­mın yolunu davam etdirirəm”.

Daha sonra türk dünyasının fəxri, dünyaşöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərin konfrans iştirakçılarına məktubu oxunub.

Baş nazirin müavini Əli Əhmədov çıxışında akademik Rəfiqə Əliyevanın universitet alimləri arasında böyük nüfu­za malik olduğunu xatırladıb. Bildirib ki, akademik Rəfiqə Əliyeva Azərbaycan elminin, təhsilinin, BDU-nun inkişafında misilsiz xidmətlər göstərib.

Bakı Şəhər İcra Hakimiyyətinin baş­çısı Eldar Əzizov akademik Rəfiqə Əliyevanın zəngin bioqrafiyasına diqqət çəkərək, onun böyük alim, yüksək intel­lekt sahibi və tələbkar insan olduğunu qeyd edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə akademik Rəfiqə Əliyevanın nümunəvi alim, pedaqoq, ana olduğunu, Azərbaycan elminin, təhsilinin inkişafına böyük töhfələr verdi­yini bildirib. O vurğulayıb ki, ümumtəhsil məktəblərinin “Kimya” dərsliklərinə aka­demik Rəfiqə Əliyevanın tədqiqatlarına dair xüsusi mövzular salınıb.

Ekologiya və Təbii Sərvətlər nazi­ri Muxtar Babayev isə diqqətə çatdırıb ki, akademik Rəfiqə Əliyevanın neft-qazla çirklənmiş ərazilərin ekologiya­sının qorunmasında böyük xidmətləri var: “Rəfiqə Əliyeva neft emalı zavod­larında müasir laboratoriyaların qurul­ması zamanı çox ciddi ekoloji tələblər qoyurdu. Azərbaycanın neft-kimya, qaz-kimya sənayelərinin inkişafında Rəfiqə Əliyevanın töhfələri böyükdür”.

Sonra “Sağlamlıq və Ekologiya” Beynəlxalq Elmlər Akademiyasının prezi­denti akademik Valter Koflerin BDU-nun rektoru Elçin Babayevə təbrik məktubu səsləndirilib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hü­seynova akademik Rəfiqə Əliyevanın görkəmli alim, pedaqoq, nümunəvi ana olmaqla yanaşı, hər zaman ictimai-siyasi proseslərin önündə olduğunu vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının quru­cularından, ümummilli liderimiz Heydər Əliyevin ən yaxın silahdaşlarından biri idi. Rəfiqə Əliyeva müasir Azərbaycan qadın hərəkatının öncül simalarından biri kimi tanınır.

ICESCO Baş direktorunun elm və tex­nologiya üzrə müşaviri Məhəmməd Şərif isə akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olun­muş konfransın kimya elminin inkişafına böyük töhfələr verəcəyinə əminliyini bildi­rib. Qeyd edib ki, ICESCO ilə BDU-nun çox uğurlu əməkdaşlığı var. O, konfrans­da iştirakdan məmnunluğunu qeyd edib.

Professor Dilarə Seyidzadə isə akade­mik Rəfiqə Əliyeva ilə bağlı xatirələrini bö­lüşüb, onun dəyərli alim, elm fədaisi olmaq­la yanaşı, xeyirxah qəlbə sahib gözəl ailə sahibi, əsl dost olduğunu diqqətə çatdırıb.

Akademik Rəfiqə Əliyevanın qızı, do­sent, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova beynəlxalq konfransın təşkilinə görə minnətdarlığını bildirib. O, Rəfiqə Əliyevanın hər zaman ailəsinin qürur mənbəyi, tələbələrinin sevimlisi oldu­ğunu vurğulayıb: “Rəfiqə Əliyeva nəcib, humanist ruha malik şəxsiyyət idi. Onun xatirəsi xalqımızın, tələbələrinin qəlbində əbədi yaşayacaq”.

Qeyd edək ki, iki gün davam edəcək konfransın təşkilində əsas məqsəd mü­asir kimyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif uni­versitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir ara­ya gətirmək, əldə edilmiş ən mühüm nəticələri müzakirə etmək, yeni priori­tet istiqamətləri müəyyənləşdirmək, bu sahədə elmi nailiyyətləri və təcrübələri paylaşmaq, habelə əldə edilən nəticələrin təcrübədə tətbiqinin forma, metod və yol­larını tapmaq və gənclərin elmə olan ma­rağını artırmaqdır.

Türkiyə, Pakistan, Almaniya, Ukray­na, Böyük Britaniya, Belçika, Portuqaliya, Litva, Çin, Hindistan, Vyetnam, Polşa, Özbəkistan, Rusiya, Qazaxıstan, Gürcüs­tan kimi xarici ölkələrdən, ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştira­kı ilə keçirilən konfransda analitik kimya, ekoloji kimya və ətraf mühitin mühafizəsi, kimyanın tədrisi metodikası, perspektivli materialların sintezi, fiziki kimya və qey­ri-üzvi materialşünaslıq kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr apa­rılacaq. Konfransda müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahənin problemləri və alınmış ən son nəticələr üzrə məruzələri də dinləniləcək.

30 Sentyabr 2022 00:30 - ELM
ELM
5 Noyabr 2022 | 02:11
12 yaşlı “Eynşteyn”

Köhnə versiyamızdan xəbərləri izlə