Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər tarixinin xronikası

 30 oktyabr 2020-ci il

Dünya təcrübəsi göstərir ki, səriştəli, qətiyyətli və müba­riz komandan olma­dan müharibədən qalib çıxmaq mümkün deyil. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyyəti məhz belə keyfiyyətlərə malik olduğunu bir daha nüma­yiş etdirdi. Məqsədyönlü təmkin, hər addımın he­sablanması, qüvvələrin düzgün bölüşdürülməsi, bütün xidmət sahələrinin dəqiqliklə uzlaşdırılması, döyüşlərin və hərbi qüvvələrin idarəedilməsinin çevikliyi, dövlətin və xalqın potensialının döyüşən cəbhə ilə düzgün əlaqələndirilməsi tarixi Zəfər üçün əlverişli zəmin yaratdı.

Döyüşlərin getdiyi 44 gün ərzində Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük stra­teq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini bütün dünyaya məharətlə yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübariz­lik, müdriklik rəmzinə çevrildi.

Bütün bunların məntiqi nəticəsi Vətən sa­vaşının dördüncü günündə işğalçı Ermənistana qarşı əks-həmlə əməliyyatları həyata keçirən Azərbaycan Ordusunun uğurlu Zəfər yürüşündə də öz ifadəsini tapıb. Belə ki, həmin gün Prezident İlham Əliyev özünün “Twitter” hesa­bında bildirib: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Ala­din, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmiş­dir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Həmin gün:

Prezidentin köməkçisi – Prezident Administ­rasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün Baş Prokurorluqda təşkil olunan brifinqdə deyib: “Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparıb. Yaxın Şərqdən olan erməni əsilli şəxslər işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırılıb. Bunların hər biri müharibə cinayətləri kimi təsnif edilməlidir”.

–Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən ca­vab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar olub.

Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd av­tomobil texnikası sıradan çıxarılıb.

– Azərbaycan Respublikasının Baş Pro­kuroru Kamran Əliyevin bildirdiyinə əsasən, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 30-dək Azərbaycanın yaşa­yış məntəqələrini, mülki şəxsləri atəşə tutması nəticəsində indiyədək 7 ailə tamamilə məhv olub. Bundan başqa, 4 uşaq hər iki valideynini itirib.

Ermənistan silahlı qüvvələri oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərində dinc əhalini ağır artilleriya və raket atəşinə tut­ması nəticəsində 26 nəfər, o cümlədən 10-qa­dın və 6 uşaq həlak olub, 57-si qadın, 32-si uşaq olmaqla 142 nəfər yaralanıb. Bərdə ra­yonunda isə 27 dinc sakin (8 qadın və 1 uşaq) həlak olub, 101 nəfər, o cümlədən 26 qadın və 14 uşaq xəsarət alıb.

Düşmənin raket və ağır artilleriya atəşləri nəticəsində Tərtər rayonunda 17 (1 uşaq, 1 qa­dın), Goranboy rayonunda 8 (2 qadın, 5 uşaq), Ağdam rayonunda 7 (1 qadın), Füzuli rayonun­da 3 nəfər, Beyləqan rayonunda 2 qadın və Ağcabədi şəhərində 1 uşaq həlak olub.

“Xalq qəzeti”

30 Sentyabr 2022 00:12 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə