Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mehriban İmanova: “Elmin İnkişafı Fondu beyin mərkəzləri ilə elmi qurumlar arasında əməkdaşlığın inkişafında lazımi dəstəyi göstərməyə hazırdır”

Xəbər verdiyimiz kimi, sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Mehriban İmanova tədbirlə bağlı fikirlərini “Xalq qəzeti”nin oxucuları ilə bölüşüb:

– Bu gün Azərbaycanda elmin inkişafı dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Elm və texnologiyanın inkişafı, ölkədə qabaqcıl innovasiya sisteminin nəzəri, metodoloji və tətbiqi elmi əsaslar üzərində formalaşdırılması Azərbaycan Respublikasının dövlət siyasətinin strateji məqsədlərindəndir.

Analitik araşdırma mərkəzlərinin dövlətçiliyin inkişafına töhfəsinin artırılması müasir dövrün tələbinə çevrilib. Beyin mərkəzləri dövlətin mühüm məsələləri ilə bağlı problemlərin, əsasən, öncədən sezilməsinə və həllinə yönəlmiş tədqiqatlar aparan, qərar qəbul edən şəxslərə konkret tövsiyələr təklif edən qurumlardır.

Hazırda ölkəmizdə “Türk-İslam” Araşdırma Mərkəzi, Qafqaz Tədqiqat Resurs Mərkəzi, “REGİON” Beynəlxalq Analitik Mərkəz (RBAM), Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) və digər analitik mərkəzləri fəaliyyət göstərir.

Həm beyin mərkəzləri, həm də elmi tədqiqatlarla məşğul olan qurumların Azərbaycanın elmi potensialı və nüfuzunun yüksəlməsinə xidmət edir. Beyin mərkəzlərinin ölkənin elmi-tədqiqat müəssisələri və təşkilatları ilə birgə fəaliyyət göstərməsi bütövlükdə elmin koordinasiyasının təkmilləşdirilməsi istiqamətində vacib məsələlərdəndir.

Forumda səslənən fikirlərdən bu qənaətə gəldim ki, Azərbaycanda beyin mərkəzlərinin inkişafı, səmərəli əməkdaşlıq əlaqələrinin təşkili, ölkədaxili və ölkəxarici siyasətdə baş verən aktual məsələlərin peşəkar dəyərləndirilməsi, analitikanın keyfiyyətini yüksəltmək məqsədilə respublikanın elmi-intellektual potensialından, alim və mütəxəssislərin təcrübələrindən faydalanmaq olduqca vacibdir. Eyni zamanda, beyin mərkəzlərində prioritet istiqamətlərdə aparılan tədqiqatların reallaşdırılması, müasir informasiya texnologiyalarının geniş tətbiqi, elmin maliyyələşdirilməsi və kommersiyalaşdırılması, innovativ biliklərin artırılması son dərəcə aktual məsələlərdir.

İnanıram ki, beyin mərkəzləri ilə elmi-tədqiqat institutları və laboratoriyalar arasında birgə layihələrin həyata keçirilməsini, tədqiqatların aparılmasını dövlət səviyyəsində aktual problemlərin tez bir zamanda həll edilməsinə təkan verəcək. Beyin mərkəzləri arasında elm adamlarının da iştirakı ilə ictimai müzakirələr, konfranslar, seminarlar və digər tədbirlər təşkil etmək də bu yöndə vacib addımlardan hesab edilməlidir.

Elmin İnkişafı Fondu da öz növbəsində beyin mərkəzləri ilə AMEA-nın, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə və təşkilatlar arasında münasibətlərin qurulmasında maraqlıdır və bu kimi əməkdaşlıqların inkişafında lazımi dəstəyi göstərməyi hər zaman hazırdır.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

 

29 Sentyabr 2022 12:22 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə