Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Budapeştdə “Şuşa İli” çərçivəsində sərgi və konsert təşkil edilib

Azərbaycanın Macarıstandakı səfirliyində “Şuşa ili” çərçivəsində “Qəlbim Qarabağdadır” adlı sərgi və klassik musiqi konserti təşkil olunub.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi və “Arts Council Azerbaijan” təşkilatının əməkdaşlığı ilə baş tutub.

Tədbirdə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə hər iki ölkə arasında mövcud strateji tərəfdaşlıq əlaqələri, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq barədə tədbir iştirakçılarına məlumat verib.

Səfir ölkəmizin 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi tarixi Zəfər və Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşa şəhərinin 30 il sonra erməni işğalından azad edilməsinin ölkəmizin tarixində dönüş nöqtələrindən sayıldığını vurğulayıb. O, qarşı tərəfin təxribatlarına baxmayaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinə başladığını və Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu qeyd edib.

T.Tağızadə 2023-cü ildə Türk Dünyasının mədəniyyət paytaxtı olacaq Şuşa və Avropanın mədəniyyət paytaxtı olacaq Vesprem şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulduğunu, növbəti ildə birgə tədbirlərin təşkili barədə razılığa gəlindiyini diqqətə çatdırıb.

Daha sonra, tədbir iştirakçılarına “Qəlbim Qarabağdadır” adlı sərgi çərçivəsində 8-15 yaşlı uşaqların Şuşa şəhəri və Qarabağla bağlı rəsm əsərləri təqdim edilib. Həmçinin, məşhur pianoçu, beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadə Azərbaycan klassik musiqisi nümunələrini ifa edib.

Tədbirdə Macarıstanın dövlət qurumları, mətbuat, ictimai-siyasi, elmi və mədəni dairələrinin, Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eyni zamanda Pakistan, Gürcüstan, Moldova, Qazaxıstan, Qırğızıstan diplomatik nümayəndəliklərinin rəhbərləri, Macarıstandakı Azərbaycan diasporunun təmsilçiləri, Budapeşt şəhərində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr daxil olmaqla 70-dən artıq qonaq iştirak edib.

29 Sentyabr 2022 09:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə