Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ürəklərdə və əməllərdə yaşayan Mir Cəlal müəllim

Təqvim yada salır

29 sentyabr 44 ildir ki, Azərbaycan ədəbiyyatı və elminin şərəf tarixinə, milli qədirbilənlik təqviminə görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Əli oğlu Paşayevin xatirə günü kimi yazılıb. 1978-ci ilin həmin hüznlü günündə 70 yaşında dünyasını dəyişmiş, şəxsiyyəti, yaradıcılığı və ictimai fəailiyyəti ilə o tay-bu tay Azərbaycanın ən yaxşı dəyərlərini qovuşdurmuş, ümumxalq məhəbbəti qazanmış sevimli insanın pak və qiymətli varlığını respublika ictimaiyyəti dərin kədər və böyük ehtiramla əbədiyyətə yola salmışdı. 


Müasirlərinin və çoxsaylı pərəstişkarlarının, sadəcə olaraq, “Mir Cəlal müəllim”– deyə çağırıb-xatırladığı bu istedadlı yazıçı-alimin, nurlu ziyalının rəsmi olaraq qazan­dığı, pərəstişkarlarının layiq gördü­yü vəzifə və titulların sırası uzundur: filologiya elmləri doktoru, professor, uzun illər BDU filologiya fakültəsinin əvəzedilməz kafedra müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar elm xadimi, milli-mənəvi dəyərlərin himayədarı, elm-təhsil fədaisi, tələbə və gənclərin dostu, is­tedadlı və milli qeyrətli insanların ar­xa-dayağı... Ən qiymətlisi isə gənclik üçün ədəbi-məfkurəvi “manifest”, geniş oxucu dairəsi üçün “insanlıq fəlsəfəsi” yaratmış yazıçı...
Gənclik illərində redaksiyamızda işləmiş, sonrakı dövrlərdə bir çox is­tedadlı tələbəsi qəzetimizdə müxtəlif vəzifələrdə çalışmış, hətta baş redak­torlar olmuş, bu kollektivdəki fəaliyyəti ilə bağlı ibrətli fakt və hadisələrin bu gün də əməkdaşlarımız arasın­da xatırlandığı Mir Cəlal müəllim “Xalq qəzeti”nin bir əsrlik tarixində iftixar və sevgi ilə xatırlanan say-seçmə simalardan biridir. Redaksi­ya həmişə öz yetirməsi ilə öyünüb. Mir Cəlal müəllim isə davamlı ola­raq qəzetimizlə əməkdaşlıq edib, öz yetirmələri ilə onun fəaliyyətinə sam­ballı töhfə verib.
İllər ötür, nəsillər dəyişir, istedadı, zəkası və əməlləri ilə milli varlığımız­da silinməz izlər qoymuş Mir Cəlal müəllimin zəngin irsi daha çox insa­nın mənəvi sərvətinə çevrilir. Onun milli müdriklik zirvəsində qərarlaşmış mükəmməl obrazı ildən-ilə daha çox insanın qəlbində yuva qurur, işıqlı xatirəsi isə zaman keçdikcə ölməzləşir. Bu həqiqətin sübutu ola­raq hər il doğum və anım günlərində, əlamətdar yubileylərində böyük ədibimizin xatirəsi ölkəmizdə və yaxın-uzaq xaricdə sevgi-sayğılarla qeyd olunur. Anadan olmasının 100 illiyi isə 2008-ci ildə UNESCO səviyyəsində də təntənə ilə keçirildi.
Qəzetimizin fəal oxucu-müəlliflərindən Mirmahmud Kazımovski bugünlərdə redaksiyamızda olarkən Mir Cəlal müəllimin xatirə gününün yaxınlaşdığını xatırlatdı. Sonra o, ailələrində həmişə dostluq məhəbbəti ilə anılan bu insanla bağlı maraqlı bir tarixçədən söz açdı. Bildirək ki, Mir­mahmud müəllim milli teatrımızın ilk cəfakeş aktyorlarından olmuş drama­turq-pedaqoq Mirmahmud Kazımovs­kinin nəvəsi, Azərbaycan radiosu və televiziyasının ilk quruluşçu rejissoru Rauf Kazımovskinin oğlu, tanınmış televiziya və teatr tamaşaları rejissoru mərhum Ələkbər Kazımovskinin qar­daşıdır. Nəvə Mirmahmud Kazımovs­ki milli mədəniyyət tariximizlə bağlı ailələrində yaşayan dəyərli xatirələri vaxtaşırı oxucu, dinləyici və tamaşaçı­ların geniş auditoriyasına çatdırır.
Mirmahmud müəllimin Mir Cəlalla bağlı bu dəfə dedikləri unu­dulmaz yazıçı-alimin ədəbiyyat, jurnalistika və incəsənətimizin inki­şafına göstərmiş olduğu çox sayda xidmətlərin seçilən bir nümunəsi olduğundan oxucularımıza təqdim etməyi gərəkli bildik. Beləliklə, Mir­mahmud müəllimin söylədikləri:
– Azərbaycana 3 nəsil incəsənət xadimi vermiş Kazımovskilər ailəsinin həyatında və taleyində Mir Cəlal müəllimin müstəsna yeri var. Əvvəla, bu böyük ədib XX əsrin 30-cu illərində professional mədəniyyət sahələrinin formalaşmasında fəal iştirakı zama­nı babam Mirmahmud Kazımovski ilə dost-məsləkdaş olub. Mir Cəlal müəllim “Azərbaycanda ədəbi məktəblər” kitabında babamın da ictimai-mədəni fəaliyyəti barədə ətraflı məlumat verib, dəyərli fikirlər söyləyib. Danışacağım hadisə isə atamın və qardaşımın həyat və sənət yolunun müəyyənləşməsində həlledici rol oy­nayıb.
1945-ci ildə atam Rauf Kazımovski Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunanda onun ədəbiyyatdan yazı işi Mir Cəlal müəllimin əlinə düşür. Yazı ona o qədər maraqlı görünür ki, dərslər başlanan­da Raufu çağırıb onunla tanış olur. Biləndə ki, bu tələbə 5 il əvvəl dünya­sını dəyişmiş dostu Mirmahmudun oğ­ludur, mehribanlıqla və qayğıkeşliklə deyir: “Oğlum, yazı işin çox xoşuma gəldi. Hüquqşünas başqası da ola bilər, sən isə sənət sahəsində daha gərəkli ola bilərsən”. Bundan sonra Raufun mətbuatda teatr-sənət barədə bir neçə yazısını oxuyan yazıçı onu çağırıb qəti surətdə deyir: “Rauf, sən teatr üçün doğulmusan, atanın yolunu davam etdirib rejissor olmalısan. Həm də ölkəmizdə mədəniyyət sahəsində bacarıqlı kadrlar çatışmır. Xalqımızı milli mədəniyyətimizi inkişaf etdirmək irəli aparacaq”. 
Bunu eşidən nənəm Teyyubə xa­nım Mir Cəlal müəllimin yanına ge­dib deyir: “Ay Mir Cəlal müəllim, teatr ağır işdir, Mirmahmuddan nə çəkmişik bəsimizdir, qoyun bu uşaq bir az rahat peşədə olsun”. Mir Cəlal müəllim isə seçimi Raufun ixtiyarına buraxır. Onun qənaəti, tövsiyəsi o qədər inandırı­cı və təşviqedici olur ki, atam hüquq fakültəsinin ikinci kursunda yox, Teatr İnstitutunun rejissorluq fakültəsində oxumalı olur. 
Tələbəlik illərində Mehdi Məmmədov, Adil İsgəndərov kimi us­tad rejissor-müəllimlər ölkədə ixtisaslı radio rejissorunun yoxluğunu nəzərə alıb Raufu bu sahədə formalaşdırırlar. Beləliklə, atam Mir Cəlal müəlimin de­diyi yolla gedib Azərbaycan radiosu­nun, sonra isə milli televiziyanın bədii proqramlar üzrə ilk baş rejissoru olur. Rauf Kazımovski rejissor peşəsinə yiyələnəndən sonra Mir Cəlalın milli bestsellerə çevrilmiş “Bir gəncin ma­nifesti” və “Dirilən adam” povestlərinin radiotamaşasını hazırlamışdı. “Bir gəncin manifesti”ni Gənc Tamaşaçılar Teatrının səhnəsinə də ilk dəfə atam çıxartmışdı.
Yadımdadır ki, atam həmişə dərin məmnunluqla deyirdi: “Mənə bu sevdi­yim peşəni Mir Cəlal müəllim verib”. O, sənət uğurlarına, milli radio-televiziya sahəsində ilk rejissor olmaq şərəfinə, gənc yaşlarında böyük şöhrət və hörmət qazandığına görə həmişə Mir Cəlal müəllimə minnətdarlıq edir, onu özünə mənəvi ata sayırdı. 
Tale elə gətirdi ki, atam ömrü­nün və yaradıcılığının çiçəklənən dövründə – 48 yaşında dünyasını dəyişdi. O zaman Mir Cəlal müəllimin ağsaqqal başsağlığı və dost təsəllisi bizə mənəvi dayaq oldu. 2 il sonra isə Mir Cəlal müəllimin özü 70 yaşın­da əbədiyyətə qovuşdu. Atamın vaxt­sız ölümü kimi, bu itkini də ailəmiz dərin kədərlə yaşadı. Çünki, müdrik, sədaqətli və xeyirxah insan olan Mir Cəlal müəllim dostu Mirmahmud Kazı­movskinin nəvələrinin mənəvi babası sayılırdı
Mir Cəlal müəllim Azərbaycan ədəbiyyatının və incəsənətinin yüksəlişini təmin edən, onun şərəfli estafetini layiqincə davam etdirən çox sayda Rauf Kazımovskilərin taleyində bax beləcə həledici rol oynamışdı.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!
Hazırladı: Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

29 Sentyabr 2022 03:08 - CƏMİYYƏT
CƏMİYYƏT
6 Dekabr 2022 | 00:57
İnsan fəsillər kimidir...

Köhnə versiyamızdan xəbərləri izlə