Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial dəstək paketi 118 min müharibə iştirakçısını əhatə edib

Bugünlər Azərbaycanın hər bölgəsində möhtəşəm Qələbəmizin əldə edildiyi Vətən müharibəsində torpaqların işğaldan azad edilməsi yolunda canlarını qurban verib, şəhidlik məqamına yüksələn oğullar elliklə anılır, ruhlarına dualar oxunur, onların ailə üzvləri ilə görüşlər təşkil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ümumilikdə 334 şəhid ailəsi üzvü və müharibə iştirakçısı çalışır. 
Xalqımızın şanlı qəhrəmanlıq ta­rixi olan, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm tarixi Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin baş­lanmasının ikinci ildönümü ilə bağlı görüşdə çıxışına bu fikirlərlə başla­yan nazir Sahil Babayev bildirib ki, Vətən müharibəsində hərbçilərimiz dünya hərb tarixinə həkk olunan mi­silsiz döyüş qabiliyyəti nümayiş etdir­di və 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızı azad etdi. Nazirliyin 92 əməkdaşının ailə üzvlərinin şəhidlik zirvəsinə ucaldığını bildirən S.Babayev bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib.
Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışan 170 əməkdaş Vətən müharibəsində iştirak edərək Qələbəmizə öz töhfələrini veriblər. Eyni zamanda, qurumun müxtəlif vəzifələrdə çalışan 72 əməkdaşı Bi­rinci Qarabağ müharibəsinin iştirakçı­sıdır.
Görüş zamanı, həmçinin diqqətə çatdırılıb ki, Vətən müharibəsində iştirak edən əməkdaşların böyük əksəriyyəti Prezident İlham Əliyevin sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və digər medallar­la təltif olunublar. Onlardan bir qis­mi hətta 2–3 medala, bəziləri isə 5 və daha artıq medala layiq görülüb. Vətən müharibəsində iştirak edən nazirlik əməkdaşları ümumilikdə 418 medalla təltif ediliblər.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Noçuyevin atası, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Əbdül Noçuyev, şəhid Murad Məmmədovun həyat yol­daşı, DOST Agentliyinin əməkdaşı Aysel Məmmədova çıxış edərək, onlara dövlət tərəfindən göstərilən qayğıdan razılıqlarını bildiriblər. Vətən müharibəsi iştirakçısı, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Vüsal Hətəmov və başqaları doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirak etməkdən sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar. Qeyd edək ki, anım günündə nazirlik əməkdaşları, həmçinin II Şəhidlər xi­yabanını ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar.
Onu da demək yerinə düşər ki, müharibədən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən ƏƏSMN tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə veteranlarından ibarət 101 min şəxsə 113 min aylıq sosial ödəniş (pensiya, müavinət, təqaüd) təyinatı aparılıb, 2 minə yaxın şəxsə sığorta ödənişi edilib. Ötən dövrdə olduğu kimi, postmüharibə dövründə də şəhid ailələri və müharibə əlillərinə sosial ödənişlərin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması təmin edilib. 2021-ci ilin əvvəlindən şəhid ailə üzvlərinin, müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022- ci ilin əvvəlindən isə sosial müavinətlər orta hesabla 60 faiz artırılıb.
Sosial ödənişlərdən söz açan­da, dövlət başçısının tapşırığı ilə icra olunan yeni sosial dəstək proqramı çərçivəsində hərbçilərin birdəfəlik ödəmə ilə təmin olunmalarını da xatırlatmalıyıq.1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələri ilə bağlı yeni sosi­al dəstək proqramı çərçivəsində artıq 15 mindən çox şəxs birdəfəlik ödəmə ilə təmin olunub.
Postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, 3 min 800 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə, 264 avtomobil müharibə əlillərinə verilib. Ümumilikdə ötən dövrdə 12 min 800 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7 min 500 müharibə əlili avtomobillə təmin edilib.
Həmçinin 11 min nəfərə 34 min sosial-psixoloji dəstək və reabilitasi­ya xidməti göstərilib. O cümlədən, I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxs 367 yüksək texnologi­yalı müasir protez, 1605 müharibə əlili 25 min reabilitasiya vasitəsi ilə təmin olunub. Həmçinin 13 min 400 şəhid ailəsi üzvü və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Ötən ilin iyun ayında yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçu­lar və müharibə əlillərindən ibarət 56 mindən çox şəxsə xidmətlər göstərilib. Ümumilikdə postmüharibə dövründə şəhidlərin ailə üzvləri, müharibə iş­tirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi 118 min şəxsi əhatə edib, onlara 237 min sosial dəstək xidməti göstərilib.
Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

29 Sentyabr 2022 02:57 - CƏMİYYƏT
CƏMİYYƏT
6 Dekabr 2022 | 00:57
İnsan fəsillər kimidir...

Köhnə versiyamızdan xəbərləri izlə