Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sən yenə gözəl və güclü olacaqsan, Qarabağ!

Ermənistan uzun illər davam edən işğal nəticəsində şəhər və kəndlərimizi tamamilə dağıdıb, hər addımda çağlayan bulaqların gözünü bağlayıb. Bağ-bağçalar quruyub-sovulub. Çaylar çaylığından çıxıb–murdarlanıb, zəhərlənib. Yol-rizi ot-ələf basıb. Meşələrə divan tutulub, xalqımıza məxsus tarix və mədəniyyət nümunələri yerlə-yeksan edilib. İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri xarabalığa çevrilib. Məscidlərin içərisində ev heyvanları saxlanılıb. Bir sözlə, Qarabağdan, Şərqi Zəngəzurdan əsər-əlamət qalmayıb. 

…Ağdam və Şuşaya səfərlərimdə də bütün bunların şahidi olmuşam. Bir vaxtlar 30-40 min insan yaşayan Ağdam şəhərinin yerində bu gün xarabalıqdan başqa heç nə gözə çarpmır, evlərin daşları daşınaraq satılıb, məzarlıqlarda başda­şıları sındırılıb, qəbirlər təhqir olunub. Düşmənin qəddarlığı o həddə çatıb ki, işğalçı minaları təkcə yaşayış sahələrinə deyil, eyni zamanda, qəbiristanlıqlara da basdırıb. Bununla da misli görünməyən, ağlasığmayan miqyasda vandallıq törədilib. Təəssüf ki, belə vəhşiliklər beynəlxalq ictimaiyyətdən gizlədilib. Əfsuslar olsun ki, işğal altındakı ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu bu dəhşətli vəziyyəti görməməyi üstün tutub. Amma Vətən müharibəsindən son­ra beynəlxalq aləm, nüfuzlu təşkilatlar, dün­ya dövlətləri, o cümlədən, Avropa Parlamenti erməni faşizminin dəhşətlərindən xəbərdar olub. Təəssüf ki, bu dəfə də bu barbarlıqlar susqun­luqla qarşılanıb.
Özlərini “sivil, mədəni xalq” adlandıran erməni vandalları tərəfindən Qarabağda bü­tün dağıntılar məqsədli şəkildə həyata keçirilib. Düşmən Ermənistan ərazisindəki tarixi torpaq­larımızla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda azərbaycanlılara aid tarixi mirasları viran qoy­maqla azərbaycanlıların bu ərazilərdəki mədəni kimliyini itirmək məqsədi güdüb.
Halbuki erməni mifologiyasının biri də odur ki, “erməni xalqı qədim tarixə, mədəniyyətə malikdir” və burada “vəhşi müsəlmanlar” arasın­da yaşayır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Ermənistan guya ki, Qafqazda mədəniyyət ocağıdır, beşiyidir, yaxud da son məntəqəsidir. Onların mədəniyyəti, bax, budur. Bax, bu dağı­dılan binalardır, qazılan qəbirlərdir, təhqir edilən məscidlərdir.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çı­xışlarının birində dediyi sözlər də erməni faşiz­minin iç üzünü açır: “44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşiz­minin başını əzdik. Bu gün azad edilmiş tor­paqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarı­dağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz sax­layırdı. Mən əminəm ki, dünya müsəlmanları buna adekvat reaksiya verəcəklər... Qələbəmiz qeyd etdiyim kimi, erməni faşizmi üzərində əldə edilmiş qələbədir”.
* * * 
Erməni faşizminin izini belə itirdiyi qəbiristanlıqlar təkcə ulularımızın uyuduqları məbədgah deyildi. Həm də bir elin, bir obanın soy-kökünün tarixi idi. Bu tarix sənduqələrdə, qoç və at heykəllərində (fiqurlarında), başdaşlarında və sinədaşlarındakı rəsmlərdə yaşayırdı. Bu ta­rix daşlar üzərindəki oymalarla, həkketmələrlə babalarımızın İslama qədərki və İslamdan son­rakı mədəniyyətini, məişətini, adət-ənənələrini yaşadırdı...
...Qəbiristanlıqlar bütün zamanlarda, bü­tün dövrlərdə müqəddəs yer sayılıb. Fatehlər, hökmdarlar ayaq basdıqları torpaqlarda nəyə əl vursalar da, nəyi dağıtsalar, xaraba qoysalar da qəbiristanlıqlara xətər yetirməyiblər. Onlar dünyanın əbədiliyinin, başdaşlarındakı yazı­larla, rəsmlərlə isə ömrün vəfasızlığının, çərxi-dövranın amansızlığının göstəricisi olan bu dilsiz, səssiz-səmirsiz məkanın nizamına toxun­mayıblar. Amma mənəviyyatsız ermənilər üçün bunun heç bir fərqi yoxdur.
* * * 
Erməni faşizmi bu əzəli-əbədi yurd yerlərimizə bəlkə də nə vaxtsa qayıdacağımıza, Qarabağın yaralarına məlhəm çəkəcəyimizə inanmırdı. Amma 1993-cü ilin payız günlərinin birində öm­rünün ahıl çağını yaşayan Oruc dayımın evlərinin yaxınlığındakı sal daşın üstündə oturub əlindəki əsanın ucu ilə xırda mamırlı daşları döyəcləyib, gözləmədiyim halda qəfildən hönkürtü ilə dediklərini xatırlayanda Qarabağa dönəcəyimiz əminliyi şüurumda özünə kök salmışdı: “Oğul, bax, bu daşların hər biri bir tarixdir-kökümüzün, soyumuzun bu kəndə, bu yurda bağlılığının mö­hürüdür. Bu daşlar, bu çınqıllar uzaq əsrlərin ar­xasından bizə baxan gözlərdir - bu baxışlarda bizə məzəmmət var: “Ermənidən qoxub hara baş götürüb qaçırsınız, ay etibarsızlar?!. Vallah, ata-babalarınızın qəbirləri od tutub yanacaq... Vətən həsrətindən qovurğa kimi qovrulacaqsınız...”
...1993-dən bəri didərgin insanların neçəsi o həsrətin ağırlığını, yükünü çəkə bilməyib haqq dünyasına qovuşdu, qalanlarsa hansısa zülmət gecələrdən sonra nə vaxtsa nurlu sabahların açılacağına inanırdı… 
* * * 
Çox-çox uzaq ölkələrdən həftələrlə yol qət edərək uçub gələn elə quşlar var ki, yazağzı köçün saldığı yerdə bala çıxarır və o balala­rı ilə birgə payızın sazaqlı günləri başlayana kimi orada yaşayır. Elə ki, doğma yurda qayıt­maq məqamı çatanda ana (ata) quşlar tələf ol­salar da, balalar Vətənə üz tutmaq qərarından çəkinmir – heç vaxt görmədikləri, bələd olmadıq­ları səma yolları ilə çaşmadan, səhv etmədən “doğma ocaqlarına” dönür... 
Gələn ildə də, o biri ildə də quş ömrü belə davam edir – böyüklər (valideynlər) qürbətdə dünyayla vidalaşır, balalarsa bir müddət sonra Vətənlə salamlaşır.
Bu nədir, bu nə möcüzədir, sirr-sehrdir, ya rəbbim?!. Doğma yuva cazibəsi quşu heç za­man görmədiyi bir məkana necə çəkərmiş?!. Özü də bu yolda azmaq, dumana-çənə düşmək təhlükəsinə qalib gələrmiş?!.
Çox güman ki, bu, o quşların içindəki yurd duyğusunun itiliyindən, istiliyindən irəli gəlir...
Belə olan halda mən qəti əminəm: biz o Vətənə 2020-ci ildə dönə bilməsəydik belə, bizdən sonrakı nəsil nə vaxtsa qayıdacaqdı. Mütləq qayıdacaqdı...
Buna inanırdım!.. Çünki müvəqqəti istisnaları nəzərə almasaq, heç bir xalqı doğma torpağında həmişəlik məğlub etmək olmaz…
V.BAYRAMOV,

“Xalq qəzeti”

29 Sentyabr 2022 02:45 - İQTİSADİYYAT
İQTİSADİYYAT
6 Dekabr 2022 | 01:32
Əməkdaşlıq genişlənir
6 Dekabr 2022 | 01:29
Biznesin inkişafına dəstək
6 Dekabr 2022 | 01:20
Ekspert rəyi
5 Dekabr 2022 | 10:59
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə