Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Gözümü itirmişəm, torpağımı ki, itirməmişəm...”

“Xalq qəzeti” “Necəsən, qazi?” mövzusunda üçüncü “dəyirmi masa”nı Ağstafada keçirmişdir


Təsəlli vermək istədim. Dedim ki, deyirsən bir gözün daha görmür və heç vaxt da görməyəcək. Amma inan ki, heç bilinmir. Sanki bu sözləri gözləyirmiş. Düz gözlərimin içinə baxıb “lap bilinsin, gözümü itirmişəm, torpağımı ki, itirməmişəm” dedi. Qəhər məni boğdu, görməsin deyə üzümü yana çevirdim.Cəmi 20 yaşı olan, heç ailə qurmayan bir gəncin Vətən, Torpaq təəssübkeşliyinə, qüruruna baxın! Bu görüşdən bir qədər qabaq rayon icra hakimiyyətinin başçısı Seymur Orucovla söhbət edərkən dediyi sözlər yadıma düşdü:
– Bu yay Səməd Vurğun adına parkda qazilərin hamısını çay süfrəsinə dəvət etmişdim. O qədər səmimi söhbətimiz oldu ki, üç saatın necə gəlib keçdiyini hiss etmədim. Bilirsiniz daha çox yadımda nə qaldı? Onların hər birinin qüruru! Bir də ki, Vətən sevgisinin hüdudsuzluğu...
Dəyirmi masada əyləşənlər altı nəfərdi. Amma rayonda qazilərin sayı çoxdur. 44 günlük Vətən Müharibəsi zamanı Ağstafanın 52 şəhidi, 226 yaralısı olub. Yaralılardan 64 nəfərinə artıq əlillik dərəcəsi təyin olunub və bu proses hələ davam edir. Ona görə də hər ay qazi statusu daşıyan müharibə iştirakçılarının sayı dəyişir.
Söhbətə rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev başlayır. Özü müharibə iştirakçısıdır, neçə dəfə yaralanıb. Bəlkə də buna görədir ki, qazi yoldaşlarını bir kəlmədən başa düşür, onların istəklərini, niyyətlərini, arzularını çatdırır...
Ariz Qədiməliyev: - Bizim qazilərin də təbii ki, məişət qayğıları, digər problemləri var. Amma biz çalışırıq ki, onları həll edək. Özləri də görür ki, bu işlər rayon icra hakimiyyətinin tam nəzarəti altındadır. Demirəm, narazı qalanlar da olur, müvafiq iş tapmayanlar da, əlillik dərəcəsini gec alanlar da. Qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamları var. Əlillik dərəcəsi alan hər bir qazi həmin an ev növbəsinə alınır. Məsələn, Qazi Amin Musayev, Nurlan Məmmədov həm ev, həm də avtomobillə təmin olunublar. Yaşadıqları evi təmir elətdirmək üçün ehtiyacı olan qazilərə tikinti materialları alınmasında köməklik göstərilir, müalicəyə ehtiyacı olan qazilər “YAŞAT” Fondu tərəfindən və icra hakimiyyəti başçısı tərəfindən müalicə almaq üçün dövlət və özəl tibb müəssisələrinə göndərilir. Artıq 108 nəfər qazi və Vətən Müharibəsi iştirakçısı Özünüməşğulluq Proqramına cəlb edilmişdir. 
Qazilərlə tez-tez səmimi görüşlər olur. Müraciət edən, köməyə ehtiyacı olan imkanımız daxilində kənarda qalmır. Qazi Təbriz Hüseynovun yaşadığı evdə 9 min manatlıq təmir işləri aparılıb. Qazilərin bir çoxu müvafiq işlə təmin olunmuş, işləmə bacarığı olmayan qazilərin isə ailə üzvlərinə müxtəlif təşkilatlarda iş verilmişdir. 
Şahin İmamquliyev, qazi:– Oktyabrın 13-də Kəlbəcər istiqamətində yaralandım. Buna qədər iki postu ələ keçirmişdik. Amma üçüncü post uğrunda gedən şiddətli döyüşdə ağır yaralandım. Ayağımdan, çənəmdən, bədənimin müxtəlif yerlərindən ciddi zədələr aldım. Təxminən 8 saat huşsuz olmuşam. Döyüş yoldaşlarım məni necə çıxarıblar, heç xəbərim olmayıb. Sağalandan sonra yalvardım ki, məni qaytarın cəbhəyə, dedilər olmaz, yaraların ciddidir.
Sağ olsunlar, bu iki ildə yalnız dəstək görmüşəm, xoş söz eşitmişəm, kömək əllərini uzadıblar. Bu gün döyüşə çağırsalar həvəslə, uça-uça gedərəm. İlham Əliyev kimi Baş Komandanı olan hər bir əsgər mən deyəni deyir. Bunu mən görmüşəm. Gəlişi gözəl sözlər deyil.
Nurəddin Məmmədov, qazi: - Məni, necə deyərlər, ən çox, yandıran o oldu ki, Şuşaya qalxa bilmədim. Doğrudur, Xocavənd, Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdim. Lakin noyabrın 5-də yaralandım. İki gün huşsuz yatmışam. Hazırda bədənimdə 2 qəlpə var.Deyirlər tərpətmək olmaz. Zarafatla deyirəm ki, qiymətli metaldırsa, qoy qalsın. Oktyabrın 25-də könüllü getmişdim...
Gələndən qayğı görürəm. Özüm Qaçaq Kərəm adına kənd orta məktəbində hərbi hazırlıq müəllimiyəm. Həyat yoldaşıma Ağstafa Regional Mədəniyyət İdarəsində iş veriblər. Pensiya alıram, Prezidentimizin təyin etdiyi təqaüd verilir. Bizə ayrı nə lazımdır? Ona görə də bu gün burada “çağırsalar cəbhəyə uça-uça gedərəm” deyənlərin səmimiyyətinə inanın. Çünki bu dövlət göstərdi ki, şəhidinin də, qazisinin də yiyəsidir.
Vüsal Qarayev, qazi: - Sərhəd qoşunlarında xidmət etmişəm, kəşfiyyatçıyam. Vətən müharibəsinin ilk günlərindən cəbhədə olmuşam. Cəbrayıl-Zəngilan istiqamətində gedən döyüçlərin iştirakçısıyam. Oktyabrın 21-də Zəngilandakı postumuza hücum oldu. Lakin biz düşməni qova bildik, xeyli itki verib geri çəkildilər. Təəssüf ki, yaralandım, daha döyüşə bilmədim.
Sağ olsunlar, qayğıma qalırlar. Gəncədə birotaqlı mənzillə təmin olunmuşam. Akkord şirkətlər qrupunda mühafizəçi işinə götürüblər.
Qoşqar Quluzadə, qazi: –Bayaq dedim, mən bir gözümü itirdiyimə qətiyyən təəssüflənmirəm və narahat da deyiləm. Sadəcə, Xocavənd istiqamətində yaralandıqdan sonra döyüşü davam etdirə bilmədiyimə görə, həmişə özümü danlayıram: “gərək başımı yana əyəydim, ya yerə uzanaydım...” Nə isə, bunlar keçdi, arxada qaldı. Geriyə baxanda, o günləri xatırlayanda şəhid olan döyüş yoldaşlarımı görürəm və qulaqlarımda o səslər yenə eşidilir: “Vətən uğrunda, İlham uğrunda irəli!”
“YAŞAT” Fondunun rayon nümayəndəliyində işə götürüblər məni, çox məmnunam. Çünki mənim kimi qazilərin, yaralıların az da olsa köməyinə gələ bilirəm. Bu mənə əlavə stimul verir.
Namik İbrahimov, qazi: - Noyabrın 4-də Şuşa ətrafında gedən döyüşlərdə yaralandım. Hazırda bədənimdə 5 qəlpə var. Düz 20 il hərbidə olmuşam, hər bir çətinlik görmüşəm. Bəzən eşidirəm ki, kimsə intihar etmək istəyir, kimsə ağrılara dözmür və sair. Mənə belə gəlir ki, yerlərdə bu cür keçmiş döyüşçülərlə məşğul olmaq lazımdır, onların mənəvi-psixoloji dəstəyə ehtiyacı var...
“Dəyirmi masa” ətrafında söhbəti yazdı:
Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri, 
Ağstafa

29 Sentyabr 2022 02:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə