Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Multikulturalizm Azərbaycanın tarixi-mənəvi sərvətidir

Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Bir çoxumu­zun o qədər də dərindən anlaya bilmədiyi bu qavramı daha dəqiq təhlil etmək üçün dünyada baş verən proseslərə nəzər salmaq kifayətdir. Belə ki, dünyanın bir çox ölkələrində daxili çəkişmələrin yaşandığı, kütləvi etiraz aksiyalarının, müxtəlif dini birləşmələrin bərabər hüquq tələb etdiyi bir dövrdə Azərbaycan istər turistlər, istərsə də yerli əhali üçün ən təhlükəsiz ölkələrdən biridir. Lakin bu daxili sabitlik bizim üçün göydəndüşmə və yaxud kiminsə tərəfindən verilən pay deyil. Nisbətən yaşlı nəsil ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələri yaxşı xatırlayır. Həmin dövrdə Azərbaycanda vəziyyət o qədər qarışıq idi ki, insanlar hətta küçələrə belə, rahatlıqla çıxa bilmir, valideynlər övladlarını məktəbə, universitetə göndərməkdən ehtiyat edirdilər. 
Bəs bir dövlətin inkişafı, yenidən inşa edilməsi üçün o qədər də uzun olma­yan, bir qərinəyə yaxın müddət ərzində ölkəmizdə nələr baş verdi? Necə oldu ki, xarici dövlətlərlə əlaqələrini bərpa etmək bir kənara, hətta daxili sabit­liyi təmin etməkdə aciz olan, yenicə müstəqillik qazanan bir dövlət qısa za­man kəsiyində dünyanın hörmət etdiyi, böyük nüfuza sahib, ən əsası, regionu­nun lider ölkəsinə çevrildi? 
Azərbaycan nə qədər qədim dövlətçilik ənənələrinə sahib olsa da, Sovet imperiyasının tərkibində o qədər korşalmışdı ki, hətta ölkəmizdə öz dilində danışan insana rast gəlmək belə çətin idi. Ölkəmiz birdən-birə atıl­dığı qlobal siyasət meydanında təcrübəsiz olsa da, xalqın qəti tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev kifayət qədər təcrübəli, soyuqqanlı və uzagörən siyasətçi idi. Əvvəlki abzasın sonlarında verdiyimiz sualın cavabı da məhz budur: Heydər Əliyev.
Ümummilli lider ölkəmizdəki daxili sabitliyi təmin etmək üçün bir çox islahatlar həyata keçirib. Əlbəttə, bunlardan biri də, bugünkü mövzumuz olan müxtəlif dinlərə mənsub olan in­sanların Azərbaycanda bərabər hüqu­qa sahib olmaları, ibadətlərini dövlətin və digər dinlərin əleyhinə olmaya­caq şəkildə istədikləri şəkildə yerinə yetirmələrinə imkan yaradılmasıdır. Əhalisinin böyük əksəriyyəti müsəlman olan bir millətin, namaz qılmasına, quran oxuyub, məscidə getməsinə əngəl olan sovet rejimindən sonra bu humanist tövr ölkəmizi bir addımda uzun illər irəliyə, inkişafa apardı.
Tarixən multikultural dəyərlərin qo­runduğu, müxtəlif dinlərə mənsub olan insanların əmin-amanlıq şəraitində yaşa­dığı Azərbaycan həm öz tarixi ənənələri ilə, həm də müasir dövrün tələbləri ilə ayaqlaşdı ki, bu da inkişafı və daxili sa­bitliyi təmin edən ən böyük islahatlardan biri oldu. Ulu öndər həm də sübut etdi ki, ölkə daxilindəki sabitlik təkcə polis, əsgər gücü ilə təmin edilmir. Heydər Əliyevin bu yanaşması bizi təxminən altı əsr əvvələ aparır. Belə ki, bir çox tarix­çi üçün dünyanın gəlib-keçən ən böyük sərkərdələrindən, aydınlarından biri olan “Əbul Fəth” Fateh Sultan Mehmet xan 1453-cü ildə Konstantinopolu – İstanbu­lu fəth etdikdən sonra Qalata frenklərinə verdiyi əhdnamədə bunları demişdi: yerləri və göyü yaradanın adına, böyük peyğəmbərimiz Məhəmmədin adına, yüz iyirmi dörd min peyğəmbər adına, babamın, atamın adına, oğullarımın başı haqqına, qılınc haqqına and olsun ki, bu gün mənim hökumətimə təslim olduq­ları üçün, dövlətimin digər ərazilərində olduğu kimi, Qalatada da qanun və azadlıqlar qalatalıların öhdəsinə buraxı­lır”. Əhdnamənin davamında xristian və yəhudi əhaliyə dini öhdəliklərini əvvəlki kimi yerinə yetirə biləcəklərini bildirən Mehmet xan, həm də onlardan heç bir əlavə verginin alınmayacağına söz ver­mişdi. Fateh Sultan Mehmetin altı əsr əvvəl qələmə aldırdığı sətirlərin indi “Xalq qəzeti”nin səhifələrində olması qəribə görünsə də, ulu öndərin nə qədər uzaqgörən, humanist, böyük şəxsiyyət olduğunu göstərir. 
Ölkəmizdə bütün dinlərə hörmətlə yanaşılır. Dövlətin bu siyasəti insanla­rın da gündəlik yaşamına sirayət edir. Belə ki, bir neçə gün əvvəl şəxsi ma­raq səbəbindən paytaxtımızda yerləşən kilsələri ziyarət edib, ibadətə gələn in­sanlar, rahiblər və kilisə əhli ilə söhbət etmək fürsətim olmuşdu. Paytaxtımız­da yerləşən bir neçə kilsəni ziyarət et­dim. “Müqəddəs Bakirə Məryəm Ana­nın Məsum Hamiləliyi” kilsəsinə olan ziyarətim isə bazar gününə təsadüf etdi. Bildiyiniz kimi, həftənin yeddinci günü xristianlar üçün müqəddəs gün hesab edilir. Belə ki, onlar həmin günü Məsihin dirilişi günü olaraq qeyd edirlər. Bu səbəbdən orada daha çox insan­la söhbət etmək şansım oldu. Kilsədə təkcə ölkəmizdə yaşayan insanlar deyil, həm də turistlər və ya müxtəlif səbəblərdən ölkəmizdə olan insanlar var idi. Mehmet xanın əhdnaməsi də məhz onlarla söhbət edərkən ağlıma gəldi. Söhbət əsnasında bəlli oldu ki, əhalisinin böyük qismi fərqli dinlərə mənsub olan ölkələrin demək olar ki, heç birində digər dinlər üçün bu qədər rahat şərait yaradılmayıb. Bütün bunları eşidəndə istər-istəməz həm ulu öndəri, həm də Prezident İlham Əliyevi xatırla­dım. Əslində, bu iki dahi siyasətçini bö­yük fateh Mehmet xanla müqayisə edə bildiyim üçün çox qürurlandım. Çünki onların ölkəmizdə yaratdığı şərait təkcə hansısa bir dinə, siyasi ideologiyaya və ya milliyyətə mənsub olan insanları əhatə etmir. Heç kim bir digərini inandığı dinə görə üstələmir. Bu gün Azərbaycan hər kəs üçün rahat, əmin-aman şəraitdə yaşamağın mümkün olduğu müasir bir ölkədir. Kilsədən çıxanda ətrafa baxdım. “Şəhərimiz necə gözəldir...” Bəlkə bir çoxumuz gündəlik işlərin təlaşından, məişət qayğılarından və bəlkə də tələskənlikdən bir neçə saniyə durub Bakını seyr etməyi çoxdan unutmuşuq. Elə mən özüm də... 
Ölkəmizdə dinlərə qarşı bərabərlik təkcə xristianla­ra aid deyil. Heç kəs üçün sirr deyil ki, dünyanın bir çox ölkəsində fərqli dinlərə mənsub insanların yaşa­dığı toplumlarda yəhudi olmaq, rahat şəkildə dini inancını ifadə etmək müş­kül məsələdir. Lakin Azərbaycanda yəhudilərin də rahat yaşayıb işləməsi, dini ibadətlərini normal şəkildə icra etmələri üçün hər cür şərait mövcud­dur. Hətta yəhudi din adamları, dövlət rəsmiləri hər fürsətdə Azərbaycanın yəhudilərin yaşaması üçün İsraildən sonra ən rahat və əmin-aman ölkə oldu­ğunu dilə gətirirlər. 
Prezidentimizin dəfələrlə ifadə et­diyi kimi, multikulturalizmin alternativi yoxdur. Qeyd etmək yerinə düşər ki, Azərbaycanda mövcud olan multikultu­ral dəyərlərin dövlət tərəfindən mühafizə edilməsi eyni zamanda ölkəmizin xarici əlaqələrinin güclənməsinə, paralel ola­raq nüfuzunun artmasına gətirib çıxarır. Ölkəmizə bir gələn, bir də gəlmək istəyir. Hər qonaq Azərbaycanın dostuna çev­rilir. Ümid edirik ki, respublikamızda hakim olan bu müsbət aura hər zaman davam edəcək və Azərbaycan daha yüksək inkişaf dinamikası ilə böyüyüb güclənəcək. 
İmran ƏLİYEV, 
“Xalq qəzeti”

29 Sentyabr 2022 02:26 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2022 | 00:28
Ankarada muğam axşamı

Köhnə versiyamızdan xəbərləri izlə