Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Cənubi Qafqaza sülh gətirilməsində israrlıdır

Bu qənaət BMT Baş Assambleyasının 77-ci sessiyasının tribunasından da səsləndirildi


Müharibə həyatın qaçılmaz qanunu, sülh isə müharibə edənlər arasında qurulan xoşbəxtlik körpüsüdür. 
Fridrix NİTSŞE

XIX əsr alman filosofu Fridrix Nitsşenin bu ifadəsini hələ tələbəlik illərində oxumuşdum. Açığı, o zaman “Müharibə həyatın qaçılmaz qanunudur” ifadəsi ilə qətiyyən barışa bilmirdim. Çünki müharibənin törətdiyi qan-qadalar, məşəqqət və məhrumiyyətlərlə bağlı çox oxumuşdum və atamın əlində, qolunda “yaşayan” faşist silahlarından qalmış qəlpələrin ona nə qədər əzab verdiyini də görmüşdüm. Dörd-beş il od-alov arasında döyüşmüş insanın övladı “müharibə həyatın qaçılmaz qanunudur” ifadəsi ilə barışa bilməzdi. Amma…
Amma otuz il ölkəmizin ərazilərinin 20 faizini işğal altında saxlayan, həmin ərazilərdəki ev-eşiklərimizi, ictimai əmlakımızı talan edib satan, şəhər və kəndləri viranəyə çevirən, Xo­calı soyqırımını törədən, bir milyon azərbaycanlıya qaçqın-köçkün taleyi ya­şadan, beynəlxalq aləmin çağırışlarına, Azərbaycanın sülh danışıqları təkliflərinə məhəl qoymayan Ermənistanın nümayiş etdirdiyi quduzluğu görəndə inandım ki, müharibə həyatın qaçılmaz qanunudur. Biz o qanuna əməl etməsəydik, gələcək nəsillər bizi bağışlamazdı. Azərbaycan dövləti otuz illik səbir və təmkinin nəticə vermədiyini görəndə həmin “qanuna əməl etdi”. 
Biz indi alman filosofun “sülh müharibə edənlər arasında qurulan xoşbəxtlik körpüsüdür” tezisinin öz regionumuzda reallaşdırılmasına ça­lışırıq. Bunun üçün İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar kifayət etməli idi. Ancaq çox təəssüf ki, Ermənistan rəhbərliyi bütün dünyanın qəbul etdiyi həmin reallıqları tanımaq istəmir. 
Bu fikirlər Azərbaycan Respub­likasının Xarici İşlər naziri Ceyhun Bayramovun Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası­nın Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda da öz əksini tapmışdır. Ölkəmizin baş diplomatı dün­ya ictimaiyyətinə xatırlatdı ki, son ay­lar ərzində Ermənistan və Azərbaycan arasında birbaşa dialoq da daxil ol­maqla təmaslarda dinamikanın artma­sına baxmayaraq, Ermənistan tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir.
Bəli, bu gün dünyada hamı gö­rür ki, Azərbaycan qalib ölkə olsa da, Ermənistanla diktə dilində danışmaq istəmir, sülh təklifləri irəli sürür və qarşı tərəfin bu təkliflərə münasibət bildirməsini gözləyir. Xatırladaq ki, Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistanın – əsasını ərazi iddiaları, beynəlxalq hü­ququn yanlış şərhi, uydurma tarixi hekayələr və irqçi motivlər təşkil edən təcavüzündən ciddi zərər çəkib. Hələ o zaman BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxu­nulmazlığına öz dəstəyini ifadə etmiş və bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdi. Baş Assambleya da belə etdi. 
Bu zaman diqqət yetirilməli məqamlardan biri də BMT Təhlükəsizlik Şurasının mövqeyi ilə bu beynəlxalq təşkilatın təhsil, elm və mədəniyyət sahəsində xüsusi təsisatı olan UNESCO-nun mövqeyinin üst-üstə düşməməsidir. Belə ki, Təhlükəsizlik Şurası hələ münaqişənin ilk illərində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına öz dəstəyini ifadə etmiş və bütün işğal­çı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdi. UNESCO isə Azərbaycanın dəvətlərinə baxma­yaraq, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə missiya göndərməkdən imtina edir. Belə ki, ölkəmizin ərazisinin Ermənistan tərəfindən işğalı 2020-ci ildə başa çatsa da, hələ də UNESCO-nun missiyası gəlməyib və Azərbaycan dip­lomatı BMT tribunasından həmin missi­yanın göndərilməsi üçün növbəti çağırışı dilə gətirir. 
Çünki təxminən 30 il ərzində etnik təmizləmə həyata keçirən Ermənistan azərbaycanlıların geri qayıtmasının qarşısını almaq və bu ərazilərin ilhaqını təmin etmək məqsədi ilə beynəlxalq hu­manitar hüququ kobud şəkildə pozaraq, Ermənistandan və üçüncü ölkələrdən erməniləri kütləvi şəkildə ölkəmizin iş­ğal olunmuş ərazilərinə köçürməklə qanunsuz məskunlaşma siyasətini həyata keçirib. Bu isə hərbçilərin dilində hərbi cinayət, hüquqşünasların leksikonunda isə insan hüquqlarının dövlət səviyyəsində pozulması kimi qiymətləndirilir. Yəni əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların bütün hüquqlarını əlindən alandan son­ra onların ata-baba torpaqlarında da müxtəlif ölkələrdən gətirilmiş insanlar məskunlaşdırılmışdı. Azərbaycan buna imkan verə bilməzdi və vermədi. 
Ermənistan rəhbərliyi 2020-ci il no­yabrın 10-da bütün dünyanın gözü qar­şısında üçtərəfli Bəyanata imza ataraq öhdəliklər götürmüşdü. Elə dünyanın gözü qabağında da həmin öhdəliklərin heç birini yerinə yetirmir. Yəni regionda sülhün bərqərar edilməsini əngəlləməyə çalışır. Azərbaycan isə Cənubi Qafqa­za sülh gətirilməsində israrlıdır. Elə ona görə də xarici işlər nazirimiz BMT tribu­nasından xatırlatdı ki, Azərbaycan regi­onal sülh, sabitlik və inkişafa sadiqdir: “Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qu­rulması tamhüquqlu regional normallaş­ma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır”.
Mütəxəssislərin fikrincə, regionda sülhə nail olmağın əsas şərtlərindən biri də Ermənistan ilə Azərbaycan arasın­da dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən, beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılma­sı istiqamətində səylər göstərilməsidir. Təəssüf ki, bu sahədə də lazım olan təşəbbüsləri ancaq Azərbaycan tərəfi göstərir. Ermənistan isə daim bu təşəbbüsləri əngəlləməyə çalışır. Elə son aylar ərzində də rəsmi İrəvan ölkələrarası birbaşa dialoq da daxil ol­maqla təmaslarda dinamikanın artma­sına baxmayaraq, tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir. 
Bugünkü reallıqlar ondan ibarətdir ki, Azərbaycan regionda gərginliyin mövcudluğunda maraqlı deyil və ola da bilməz. Çünki işğaldan azad edil­miş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirən Azərbaycan regionda sülh və sabitlik yaradılmasına çalışır ki, ölkəyə investisi­ya cəlb edilməsi çətinləşməsin. Elə son hərbi əməliyyatlar da münaqişədən son­ra irimiqyaslı investisiya, reabilitasiya və yenidənqurma layihələrinin həyata keçi­rildiyi ərazilərə yaxın yerdə baş verib.
Bütün bunlar onu deməyə əsas ve­rir ki, Ermənistanın hansısa cəhdinə, səyinə, çalışmasına baxmayaraq, Azərbaycan regiona sülh gətirilməsinə nail olacaq. Bunu biz də istəyirik, Ermənistan istisna olmaqla region ölkələri də, elə Şimallı – Cənublu, Şərqli – Qərbli bütün dünya da. Ona görə də Ermənistanın fitnəkarlığı, riya­karlığı, terror və təxribatları ancaq bu işğalçı ölkənin özünə ziyan və peşman­lıqlar gətirəcək. 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

29 Sentyabr 2022 02:17 - SİYASƏT
SİYASƏT
6 Dekabr 2022 | 02:21
Ekspert rəyi
6 Dekabr 2022 | 02:15
İrəvanın məkrli siyasəti

Köhnə versiyamızdan xəbərləri izlə