Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəza, yoxsa təxribat?

Ukraynadakı münaqişədən sonra ilk dəfədir ki, strateji transsərhəd infrastruktura − ümumi tutumu 110 milyard kubmetr olan “Şimal axını” və “Şimal axını – 2” dəniz qaz kəmərlərinə ciddi ziyan dəyib. Qəza zamanı hər iki kəmər istifadə edilməsə də, onların içərisində yüz milyonlarla kubmetr texnoloji qaz var idi. Həm Avropa ölkələri, həm də Rusiya təxribatı ehtimal olunan səbəb hesab edir, lakin indiyədək heç kəs qabaqcıl texniki vasitələr tələb edən hücumun məsuliyyətini üzərinə götürməyib. 
Danimarka Enerji Agentliyi sent­yabrın 26-da günortadan sonra “Şimal axını” boru kəməri sistemində üç qaz sızması barədə məlumat verib. Qəza Bornholm adasının cənub-qərbindəki Danimarka iqtisadi zonasında və onun şimal-şərqindəki İsveç iqtisadi zonasın­da qeydə alınıb. Danimarka hərbçiləri Baltik dənizinin səthinə çıxan qazın təxminən 1 kilometr diametrdə dalğa­vari dairə yaratdığını əks etdirən video yayımlayıb. İsveç və Danimarka seys­moloqları da Rusiya qaz kəmərlərində qaz sızması olan ərazilərdə partlayış­lar qeydə alıblar. İsveç polisi hadisə ilə bağlı istintaqa başlayıb. Məlumatlara görə, Baltik dənizinin səthində 100 metrlik nəhəng qaz qabarcıqları yara­dan “Şimal axını-2” qaz kəmərlərində sızma təxribatın nəticəsi ola bilər. 
Həm Rusiya, həm də Avropa rəsmiləri sentyabrın 27-də verdikləri açıqlamalarda qəzanın ən məntiqli iza­hının təxribat olduğunu təsdiqləyiblər. Bu barədə, xüsusən, Rusiya Fede­rasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, Danimarkanın Baş na­ziri Mette Frederiksen və Polşanın Baş naziri Mateuş Moravetski qeyd ediblər. Polşanın Baş naziri əlavə edib ki, baş verənlər “ehtimal ki, Ukraynada baş verən vəziyyətin növbəti gərginləşməsi deməkdir”. ABŞ dövlət katibi Entoni Blinken hadisəni şərh edərkən bildi­rib ki, ilk məlumatlar bunun hücumun və ya təxribatın nəticəsi ola biləcəyini göstərir. Onun sözlərinə görə, əgər bu təsdiqlənərsə, o zaman bu, açıq-aydın heç kimin maraqlarına uyğun deyil. 
Xatırladaq ki, Rusiyadan Avropaya ildə 110 milyard kubmetrədək qaz nəql etmək üçün nəzərdə tutulan “Şimal axını” boru kəməri sisteminin tikinti­si “Qazprom”a və Rusiyanın avropalı tərəfdaşlarına təxminən 17 milyard avroya başa gəlib. “Şimal axını” və “Şimal axını-2” Rusiya ilə Avropa ara­sında enerji müharibəsinin mərkəzində idi. Ukraynada hərbi əməliyyatların başlanmasına və “Şimal axını-2”nin sertifikatının dondurulmasına görə Avropa İttifaqının tətbiq etdiyi sanksi­yalara cavab olaraq, Moskva Avropa­ya qaz tədarükünü tarixi minimuma endirib. İndi Avropaya tədarük yalnız Ukraynadan (gündə təxminən 42 mil­yon kubmetr), həmçinin “Türk axını” vasitəsilə həyata keçirilir. Avropa Ko­missiyasının nümayəndəsi sentyab­rın 27-də bildirib ki, “Şimal axını”nda baş verən qəzaların “Avropada qaz təchizatı üçün heç bir nəticəsi yoxdur”. Bunu dolayısı ilə qaz qiymətlərinin di­namikası da təsdiq edir. Belə ki, Hol­landiyanın TTF mərkəzi üzrə noyabr fyuçersləri gün ərzində çox az artım nümayiş etdirib və yalnız “Qazprom” Ukrayna vasitəsilə tədarükün mümkün dayandırılacağını elan etdikdən sonra 19,7 faiz artaraq 1 MVt üçün 207 avro­ya yüksəlib. 
“Şimal axını” sistemindəki qəza qarşıdan gələn qışda bu magist­rallar vasitəsilə Avropaya hər han­sı əlavə təchizatın mümkünlüyünü çətinləşdirir. Belə ki, mütəxəssislər bildirirlər ki, qazın borudan tam çıx­ması təxminən həftənin sonuna qədər davam edə bilər. Bundan sonra “Qazprom” boru kəmərlərini yoxla­maq üçün gəmi seçməli, Danimarka və İsveç hakimiyyət orqanlarından bu iş üçün icazə almalıdır. Yalnız sorğu­ların həftələr, təmirin özünün isə aylar çəkəcəyi güman edilir. Mütəxəssislərin sözlərinə görə, qəzanın nəticələrinin aradan qaldırılmasının dəyəri 200-300 milyon avro ola bilər. Lakin çox şey “Qazprom”un bu işə nə qədər tez başlaya biləcəyindən və Danimarka və İsveçin bu barədə razılaşıb-razılaşma­masından asılı olacaq. Qaz kəmərinin hər qolunu doldurmaq üçün 177 mil­yon kubmetr texnoloji qazın lazım ol­duğu da bildirilir.
Avropada boru kəmərinə ilk reak­siyalarda, demək olar, ciddi fərqlər müşahidə edilməyib. Məsələn, Al­maniyada boru kəməri insidentlərinə reaksiya kifayət qədər təmkinli olub. Bütün aparıcı KİV hadisə ilə bağlı xəbərlər yayıb, lakin bu xəbər günün əsas mövzusu olmayıb. Alman polito­loq Hanna Notte bunu üç amillə izah edir. Birincisi, ətraf mühitin mühafizəsi orqanları hadisənin ətraf mühitə təsiri baxımından ciddi narahatlığa əsas olmadığını bildiriblər. İkincisi, “Şimal axını” bir neçə həftədir qazsız qalıb, “Şimal axını-2” isə işə salınmayıb. Buna görə də, Almaniyada belə bir fi­kir geniş yayılıb ki, bu kəmərlər artıq əhəmiyyətsizdir. Üçüncüsü, indi medi­anın diqqəti Ukraynadakı hadisələrə yönəlib. Ekspertin fikrincə, Ukrayna münaqiçəsindən əvvəl onların başına belə bir şey gəlsəydi, Almaniyada re­aksiya tamamilə fərqli olardı. Almaniya rəsmiləri də hadisəyə təmkinlə yana­şırlar.
Bəs “Şimal axını” boru kəmərlərindəki son qəza Avropanın enerji bazarına necə təsir göstərə bilər? Bu suala birmənalı cavab vermək hələlik tezdir. Bununla belə, Avropa Komissiyası (AK) qəzaların mümkün nəticələrini və onların regi­ondakı ekoloji vəziyyətə və dəniz na­viqasiyasına təsirini yoxlamağa baş­layıb. AK-nin mətbuat xidməti izah edib ki, ətraf mühit üçün ən böyük təhlükə iqlim dəyişikliyinə və havanın çirklənməsinə təsir edən metan sızma­sıdır. Bundan əlavə, AK-nin mətbuat xidmətinin nümayəndəsi Tim Mak­fi bildirib ki, “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərindəki qəzalar Avropanın yanacaq təchizatının təhlükəsizliyinə təsir göstərmir. Ancaq bəzi ekspertlərin fikrincə, “Şimal axını” qaz kəmərlərində fövqəladə vəziyyət Avropa İttifaqını enerji təhlükəsizliyini gücləndirmək və iqtisadi böhrana tab gətirmək istiqamətində atdığı addımla­rı çətinləşdirə bilər. Bununla belə, bəzi mütəxəssislər düşünürlər ki, Avropa ölkələri “Şimal axını” qaz borularının perspekrivinə inanmamağa başlayıb­lar, məhz buna görə də, alternativ qaz mənbələrinin “Köhnə dünya”ya daşın­ması üzərində işləyirlər. Odur ki, son qəza və ya təxribatın Avropa qitəsinin enerji təhlükəsizliyinə təsiri ciddi olma­yacağı iddia edilir. Tam dolğun cavabı isə, əlbəttə ki, zaman verəcək.
Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

29 Sentyabr 2022 02:05 - SİYASƏT
SİYASƏT
6 Dekabr 2022 | 02:21
Ekspert rəyi
6 Dekabr 2022 | 02:15
İrəvanın məkrli siyasəti

Köhnə versiyamızdan xəbərləri izlə