Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya azərbaycanlıları Vətən müharibəsi şəhidlərini ehtiramla yad ediblər

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 Sentyabr Anım Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirib, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən mediaya verilən məlumatda bildirilir:
Şimali İrlandiyanın Belfast şəhərində ya­şayan Azərbaycan icması 27 Sentyabr Anım Günü ilə əlaqədar məlumatlandırma akiyası keçirib. 
Parlament binasının (Stormont) önündə baş tutan aksiya Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının Şimali İrlandiya üzrə əlaqələndiricisi Pərvanə Ağazadənin təşkilatçılığı ilə gerçəkləşdirilib.
Aksiya zamanı 44 günlük Vətən müharibəsinin tarixi, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə və digər şəhərlərimizdəki yaşayış məntəqələrinin raketlərlə bombard­man etməsi, eləcə də Ermənistanın törətdiyi təxribatlar barədə məlumatı əks etdirən bukletlər yerli sakinlərə paylanılıb.
Helsinkidə fəaliyyətə başlayan Azərbaycan Evində 27 Sentyabr Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidləri yad edi­lib. 
Şəhidlərimizin xatirəsinə həsr olunmuş guşədəki monitorda 44 günlük müharibədə həlak olan şəhidlərimizin sayı göstərilib. Mərasimdə torpaqlarımızın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunma­sı, üçrəngli bayrağımızın işğaldan azad edilmiş Qarabağda yenidən ucaldılması naminə canla­rından və qanlarından keçmiş Vətən övladları anılıb.
Monitorda Vətən müharibəsinin başlanmasının birinci ildönümü ilə əlaqədar Prezident, Ali Baş Komandan İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Bakıda təşkil olunmuş “Anım yürüşü”ndən fotolar, Qarabağın azadlıq rəmzi olan “Xarı-bülbül” çiçəyinin təsviri nümayiş etdirilib. Anım guşəsində güllər düzülüb, şamlar yandırılıb.
İsveçin Höteborq şəhərində yaşayan Azərbaycan icması 27 Sentyabr Anım Günü ilə əlaqədar mərasim keçirib. 
“Azərbaycan Qarabağ Azadlıq Mərkəzi”nin və Höteborq Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan mərasimdə ölkəmizin ərazi bütöv­lüyü və sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çı­xış edən mərkəzin sədri Ülviyyə Nəcəfova və başqaları bildiriblər ki, iki il öncə Ermənistanın ölkəmizə qarşı başlatdığı hərbi təcavüzə Si­lahlı Qüvvələrimizin 44 günlük sarsıdıcı cava­bı Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə həkk olunub: “Xalqımız heç zaman Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi ilə mübariz övladlarımızın nümayiş etdirdiyi qəhrəmanlığı unutmayacaq! Azərbaycan Bayrağının işğal­dan azad edilmiş torpaqlarımızda yenidən dal­ğalandırılması xalqımıza bəxş edilmiş misilsiz səadətdir”.
Sonra şəhidlərimizə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib. Tədbir çərçivəsində təşkil edilən guşədə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş fotomateriallar nümayiş etdirilib, güllər düzülüb və şamlar yandırılıb.
Macarıstanda fəaliyyət göstərən Buda­peşt Azərbaycan Evində də 27 Sentyabr Anım Günü ilə əlaqədar mərasim keçirilib. 
Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Evi­nin rəhbəri İbrahim Səfərli xatırladıb ki, iki il öncə – sentyabrın 27-də Ermənistanın xaincəsinə Azərbaycana hücumu nəticəsində 44 günlük Vətən müharibəsi başlanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 44 gün ərzində düşmənə sarsı­dıcı zərbə vuraraq, Azərbaycanın əzəli torpaq­larının 30 ilə yaxın çəkən erməni işğalına son qoyub. Ölkəmizə parlaq qələbə qazandıran, Azərbaycanın üçrəngli bayrağının yenidən Qara­bağda ucaldılmasına səbəb olan şəhidlərimizin və qazilərimizin qəhrəmanlığının heç bir zaman unudulmayacağı vurğulanıb.
Sonra Macarıstanda yaşayan və təhsil alan soydaşlarımız Kamil Şükürov (piano), Ramil Şü­kürov, Kamal Aslan və Nazim Musabəylinin ifa­sında şəhidlərimizə həsr olunmuş şeir və mahnı­lar səsləndirilib. Tədbir çərçivəsində anım guşəsi təşkil edilib.
Niderlandın Rotterdam şəhərində 27 Sent­yabr Anım Günü ilə əlaqədar tədbir keçirilib. 
Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Qarabağ” idman klubunun ofisində baş tutan tədbirdə Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Ardınca Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və başqa­ları Ermənistanın ölkəmizə qarşı başlatdığı hərbi təcavüzə iki il öncə Silahlı Qüvvələrimizin 44 gün ərzində sarsıdıcı cavab verməsindən, bu parlaq qələbədən böyük qürur hissi keçirdiklərindən söz açıblar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli hərbçilərimizin Azərbaycan Bayrağını yenidən işğaldan azad edilmiş torpaqlarımızda ucaltması tarixi ədalətin bərpası kimi qiymətləndirilib. Şəhidlərimizin heç bir zaman unudulmayacağı bir daha vurğulanıb.
Hazırladı: T.RÜSTƏMOV,

“Xalq qəzeti”

29 Sentyabr 2022 00:59 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə