Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən savaşının ikinci günü...

“Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülya­sından əl çəkməyən, təcavüz siyasəti yürüdən Ermənistanın silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması ilə Vətən müharibəsi başlandı. Savaşın ilk iki günündə düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdamın Çıraqlı və Orta Qərvənd, Füzulinin Alxanlı və Şükürbəyli, Cəbrayılın Cocuq Mərcanlı kəndləri intensiv atəşə tutuldu. 
 

Tovuz təxribatında olduğu kimi, bu dəfə də düşmən mülki infrastuktur obyektlərini hədəfə aldı. Ermənistan işğal etdiyi ərazilərdən davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutdu, nəticədə bir neçə mülki şəxs həyatını itirdi, 27 nəfər yaralandı. Cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak oldu.
Tərtər istiqamətində ağır artilleriyadan açılan atəşlə rayonda xalçaçılıq fabriki dağıdıldı. Düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri, E.Səfərov küçəsində 54 mənzildən ibarət 10 saylı bina, rayonun Şıxarx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşdü. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı evləri və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqdan belə çəkinmədi. 
Əlbəttə, həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu cür təxribatının qarşısını almaq və qoşunların qar­şıdurma xəttinə yaxın zonalarda ya­şayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə başladı. Cəbhənin ən gərgin Tərtər–Ağdam və Füzuli–Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qar­şılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susduruldu və döyüş fəaliyyətinin qarşısı alındı. 
Vətən müharibəsinin ilk günlərində Ermənistan ordusunun bu vəhşiliklərinə baxmayaraq, Silahlı Qüvvələrimiz savaşı ləyaqətlə apara­raq, böyük qələbələr əldə edirdi. Belə ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olundu. Cəbhənin Füzuli–Cəbrayıl istiqamətində həyata keçirilən hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli ra­yonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri düşməndən təmizləndi. Bundan başqa, Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad edildi. 
Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vi­zual, eləcə də atıcı silahların və ar­tilleriya vasitələrinin atəş nəzarətinə götürüldü. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınma­sının qarşısını almağa imkan verdi. Hərbi mütəxəssislər tərəfindən işğal­dan azad olunan Murovdağ zirvəsinin strateji əhəmiyyətinin çox böyük oldu­ğu bildirildi. 
Təbii ki, Ermənistan qoşunlarının Azərbaycanın yaşayış məntəqələrinə və dinc sakinlərinə hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə po­zulması idi. Eyni zamanda, terroru dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan həyasızcasına ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış cinayətkar rejim vasitəsilə təhdid dolu bəyanatlar səsləndirir, yeni ərazilər iş­ğal etməyi planlaşdırırdı. Xatırladaq ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində ya­radılan separatçı rejimin “rəhbəri” Araik Arutunyan Gəncə şəhərini dağıdacağı ilə hədələyirdi. Dinc mülki əhalini və obyektləri hədəfə almaq Ermənistanın ölkəmizə qarşı təcavüzünün, nifrətinin növbəti təzahürü idi. 
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. “Hnçaq” və “Daşnaksütyun” terrorçularının Şərqi Anadolu və Azərbaycan kəndlərini ça­pıb-talamaqda bir-biri ilə rəqabət apar­maları sirr deyil. Rəsmi proqramların­da terroru qarşılarına əsas məqsəd qoyan bu partiya və cəmiyyətlərin “türkə ölüm” çağırışı ilə tarixin ən qanlı cinayətlərini törətmələri ha­mıya məlumdur. İkinci Qarabağ müharibəsinin ilk günlərində yaşanan­lar da bir daha onu göstərdi ki, terror və vandalizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan həmin xətti ardı­cıl şəkildə davam etdirir. 
Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində avqust ayında Ermənistanın Azəbaycana di­versiya qrupu göndərməsindən danışarkən bildirdi ki, əsir düşmüş erməni hərbçisinin ifadələri planlaş­dırılmış təxribatçı diversiya qrupunun Azərbaycana terror aktları törətmək üçün gəldiyini təsdiqləyir. 
Hazırda dünyanın elə bir ölkəsi yoxdur ki, erməni terrorçuları orada öz təşkilatlarını qurmasınlar. Onlar özgə torpaqları hesabına “böyük Ermənistan” dövləti yaratmaq istəyirlər. Bu bədxahlar ona görə də hər yerdə terror törədir, minlərlə günahsız insan­ların qətlinə səbəb olurlar. 
Bu gün erməni terrorizmi dünya sivilizasiyası üçün böyük təhlükədir. Onlar digər terror təşkilatları ilə əlaqə yaradır və öz məqsədlərinə nail ol­maq üçün dəridən-qabıqdan çıxırlar. Məsələn, “Daşnaksutyun”, “Asala” və digər erməni terror təşkilatları İkinci Qarabağ müharibəsində yaxından iş­tirak etmişlər. 
Ancaq bu gün Azərbaycan güclü dövlətdir və erməni terrorizminə layiq­li cavab verir. Rəsmi İrəvandan fərqli olaraq Azərbaycan heç bir təxribata əl atmır. Prezident İlham Əliyev Vətən müharibəsinin başlandığı ilk gün xal­qa müraciətində bir daha açıqladı ki, Azərbaycan sadəcə olaraq öz tor­paqlarını işğaldan azad etmək istəyir və öz siyasətini alnıaçıq aparır: “Biz dəfələrlə bəyan etmişik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və bu, həqiqətdir”.
Azərbaycan Ordusu Vətən müharibəsinin ilk günlərindən etibarən, erməni təxribatlarına və Ermənistanın işğalına son qoymaq məqsədilə tarixi missiyasını uğurla yerinə yetirdi. Ölkə başçısının dediyi kimi, 44 günlük sa­vaşda Azərbaycan Silahlı Qüvvələri öz torpağında ölkənin ərazi bütövlüyü uğrunda mübarizə apardı.
Sonda bir məqamı da xatırladaq. Vətən müharibəsinin ilk günündə-sentyabrın 27-də Türkiyə Respublika­sının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına telefonla zəng etdi. Qardaş ölkə rəhbəri Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluq­çularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verdi, onlara Al­lahdan rəhmət dilədi. Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi, yenə də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğuladı.
Qeyd edək ki, İkinci Qarabağ savaşının ilk günlərindən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün bir mesaj idi, yəni, “kənarda du­run, müdaxilə etməyin, Azərbaycana mane olmayın” anlamını ifadə edirdi. Başqa sözlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi. 
Beləliklə, qardaşlıq missiyası­nı layiqincə yerinə yetirən Türkiyə Vətən müharibəsində olduğu kimi, savaş bitəndən indiyədək daim Azərbaycanın yanında olub, hər za­man ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Savaşdan sonra Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşüb. Ümumiyyətlə, Prezident Rəcəb Tayyib Ərdoğanın həmin paradda iştirakı Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruh­landırıb. 
İkinci Qarabağ müharibəsində Türkiyənin müdafiə və xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmiləri tərəfindən də Azərbaycana birmənalı olaraq siyasi, diplomatik və mənəvi dəstək göstərildi. Bu, xalqımıza çox böyük siyasi və mənəvi güc vermək demək idi. 
Hazırda hər iki dövlət başçısının uğurla davam edən səmimi dost­luq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bu barədə deyir: “Biz müharibənin ilk günündən qar­daş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqa­nı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox bö­yük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır...”.
Dövlətimizin başçısı daha sonra bu sözlərin çox ciddi mesaj, siqnal olduğunu, Azərbaycanın əks-hücum əməliyyatını uğurla reallaşdırmağa müsbət təsir göstərdiyini, hər hansı bir kənar qüvvənin məsələyə müdaxilə etməsinə imkan vermədiyini və bütün bu dəstəyə görə qardaş Türkiyəyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürünü bildirib. 
Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

29 Sentyabr 2022 01:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə