Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qərb İtaliyada sağçıların qələbəsindən ciddi narahatdır

 Bu günlərdə Italiyada keçirilmiş növbədənkənar parlament seçkiləri nəticəsində sağ mərkəzçi koalisiyanın qələbə çalması beynəlxalq aləmdə geniş səs-küyə və na­rahatlığa səbəb olub. Sağ mərkəzçilər blokuna daxil olan “İtaliya qardaşları” parti­yasının sədri Corciya Meloni həm də ölkənin gələcək baş naziri olacaq. Bu isə istər Avropa ölkələri, istərsə də ABŞ-da ciddi narahatlıq doğurub. 

Meloninin qələbəsinə əvvəlcə Avropa Ko­missiyasının sədri Ursula Fon der Lyayen ABŞ-da Priston Universitetində çıxışı zamanı münasibət bildirib və seçkilərin nəticələrindən narazılığını bəyan edib. O bildirib ki, İtaliyaya qarşı da “Polşa və Macarıstana tətbiq olunan alətlərdən istifadə oluna bilər”. Həmin ölkələr Avropa İttifaqı normalarına uyğunsuzluğa görə müxtəlif sanksiyalarla hədələnirlər.
Avropalılar ona görə narahatdırlar ki, sağ­çıların ayrı-ayrı ölkələrdə hakimiyyətə gəlməsi Qərbin Rusiyaya qarşı ümumi mübarizəsini zəiflədə, eləcə də Ukraynaya yardım işinə daha az diqqət ayrılmasına səbəb ola bilər. Bununla da, həm də G-7-də yekdillik pozula bilər.
Ağ Evin mətbuat katibi Karine Jan-Pyere də İtaliya seçkilərinə münasibət bildirərək deyib ki, italyan xalqı seçkilərdə öz iradəsini ifadə edib. O, İtaliyanın ABŞ-ın NATO-da müttəfiqi, Aİ və G-7-də tərəfdaşı olduğunu vurğulayıb. Bununla belə, ABŞ KİV-inin yazdığına görə, Bayden ad­ministrasiyası təkcə İtaliyada deyil, digər Avro­pa ölkələrində, İsveç və Macarıstanda da sağçı siyasətçilərin qələbəsini narahatedici amil kimi qiymətləndirir. 
Bu günlərdə Niderlandın Baş naziri Mark Rütte də bəyan edib ki, İtaliyada parlament seçkilərində Corciya Meloninin başçılıq etdiyi sağçı koalisiyanın qalib gəlməsi narahatlıq do­ğurur. Bu barədə “Reuters” məlumat yayıb. 
Rütte bildirib: “İtaliya, əlbəttə, narahatlıq doğurur. Bu koalisiyadakı partiyaların dedikləri və etdikləri bizi ayıq-sayıq olmağa məcbur edir. Bu həm Rusiya ilə, həm də maliyyə və iqtisadi məsələlərlə bağlıdır”. 
Bununla yanaşı, o qeyd edib ki, Corciya Meloniyə şans vermək lazımdır: “Ancaq biz ona şans verməliyik. Mən onunla yaxşı münasibətlər qurmağa çalışacağam”.
Fransa Prezidenti Emmanuel Makron da İtaliya seçkiləri ilə bağ­lı narahatlığını dilə gətirib. Amma İtaliya seçkilərində qalib gələn sağ mərkəzçilər blokuna daxil olan “İta­liya qardaşları” partiyasının sədri və ölkənin gələcək baş naziri ola biləcək Corciya Meloni onu sərt şəkildə tənqid edib. O, Emmanuel Makronu ilk növbədə Liviyanı bom­balamaqda ittiham edib. Partiya lideri Makronun narahatlığını Livi­ya ilə İtaliya arasında xüsusi enerji əməkdaşlığının mövcudluğu ilə izah edib.
Meloni deyib: “Fransa Afrikada müstəmləkəçi istismarını davam etdirir. 14 ölkədə zərbxanalar işlədərək pul kəsdirir, uşaqları mədənlərdə işlədərək xammal əldə edir. Fransa nüvə re­aktorlarında istifadə etdiyi uranın 30 faizini Nigerdən əldə edir. Lakin Niger əhalisinin 90 faizi elektriksiz yaşayır. Bizə dərs verməyə çalışma, Makron! Çünki afrikalılar sənin siyasətin ucbatın­dan qitələrini tərk etməyə məcbur qalırlar. Halbu­ki həll yolu afrikalıların Avropaya köçməsi deyil, Afrikanın avropalılardan qurtulmasıdır. Sizdən dərs almağı qəbul etmirik”.
Meloninin bu çıxışı ölkədə böyük razılıqla qar­şılanıb. Ümumiyyətlə, Meloni heç də Avropanın əleyhinə gedən, Rusiyanı tamamilə dəstəkləyən siyasətçi deyil. Qərb mənbələri təsdiq edirlər ki, o, artıq İtaliyanı avro zonasından çıxarmaq istəmir və NATO-nun böyük pərəstişkarına çev­rilib. Üstəlik, əvvəllər Brüsselin İtaliya iqtisadiy­yatına müdaxiləsinə qarşı çıxış etsə də, indi büdcəni balanslaşdırmağa söz verir.
Meloninin Rusiya ilə bağlı mövqeyində də dəyişiklik olub. Italiyanın həm sağ, həm də sol yönlü siyasətçiləri tarixən Kremlə yumşaq yanaşıblar, rus turizmi və qaz müqavilələrini dəstəkləyiblər. Meloni 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra AB-nin Kremlə sanksiyalarına qarşı çıxıb. Bundan dörd il son­ra Vladimir Putinin seçkilərdə qələbəsini pafosla "Rusiya xalqının yekdil iradəsi” adlandırıb. An­caq bu yaxınlarda Meloni Rusiyanın Ukrayna­ya hücumunu sərt tənqid edib, Rusiyaya qarşı sanksiyaları dəstəkləyib və hətta Kiyevə silah göndərilməsinin lehinə çıxış edib. Ümumən, Ru­siyaya qarşı münasibətlə bağlı İtaliyada fikir ay­rılığı mövcuddur.
Xatırladaq ki, İtaliyada keçirilmiş növbədənkənar parlament seçkilərində sağ mərkəzçi koalisiya qalib gəlib. Corc Meloninin “İtaliya qardaşları”, Matteo Salvinin “Liqa”, Silvio Ber­luskoninin “İrəli” partiyalarının daxil olduğu ko­alisiya 44,5 faiz, Demokratik Partiyadan ibarət sol mərkəzçilər isə 26,5 faiz səs toplayıblar. Məlumatı “İzvestiya.ru” verib. 
Koalisiyanın daxili razılaşmasına əsasən, ən çox səs toplayan partiya ölkənin gələcək baş nazirinin namizədliyini irəli sürəcək. Odur ki, İta­liyada sağçı koalisiyanın 11 ildən sonra yenidən hakimiyyətə gələcəyi, parlamentin aşağı və yu­xarı palatalarında hökumət qurmaq üçün çoxlu­ğu əldə edəcəyi və “İtaliya qardaşları” partiyası­nın lideri Giorgia Meloninin ölkənin ilk qadın Baş naziri olacağı gözlənilir. 
Qeyd edək ki, İtaliyada İkinci Dünya müharibəsindən bəri ilk dəfə seçkilərdə ifrat sağ­çı partiya birinci yeri tuta bilir. Bu seçki ilə İta­liya parlamentinin strukturu da dəyişib. Belə ki, parlamentdəki yerlərin sayı 945-dən 600-ə endi­rilir. Senata 200 senator, Nümayəndələr Palata­sına isə 400 deputat seçiləcək.
Avropa Parlamentinin əsas narahatlığı on­dandır ki, seçkilərdə qalib gəlmiş Corc Meloni baş nazir olandan sonra ABŞ-ın sabiq preziden­ti Donald Tramp və Macarıstanın hazırkı Baş naziri Viktor Orbandan nümunə götürə bilər. Belə bir bəyanatla Almaniyanın “Welt” qəzetinə müsahibəsində Avropa Parlamentinin sədr mü­avini Katrina Barli də çıxış edib. Barli bildirib: “Corc Meloni baş nazir olacaq, onun oxşamaq istədiyi siyasi nümunələr Viktor Orban və Donald Trampdır. Ona görə də İtaliya seçkilərində sağ mərkəzçilərin qalib gəlməsi narahatlıq doğurur”. 
Avropa Parlamentinin deputatı, Avropa Ya­şıllar Partiyasının həmsədri Tomas Vaytsın sözlərinə görə, Meloni “Avropa üçün fəlakət ola bilər. Əgər Aİ-nin üçüncü böyük iqtisadiyyatına malik İtaliya postfaşist və ultrasağçıların koa­lisiyasının idarəçiliyinə keçərsə, o zaman ittifa­qın əsasları və ümumi dəyərləri təhlükə altına düşər”.
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

29 Sentyabr 2022 01:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə