Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ter-Petrosyan ölkəsini sülhə çağırır

Ermənistanın postmüharibə sancıları davam edir. İkinci Qarabağ müharibəsində darmadağın olan erməni siyasi elitası aqoniyada vəziyyətdən çıxış yolları axtarmağa can atır. Qonşu ölkənin siyasi arenasında qarmaqarışıq və bir-birini təkzib edən, eyni zamanda, reallıqlarla zərrə qədər də əlaqəsi olmayan absurd təkliflər də səsləndirilir. Lakin vəziyyəti real qiymətləndirən erməni siyasətçilər də var. Belə siyasətçilərdən biri də Levon Ter-Petrosyandır. Ermənistanın ilk prezidenti kimi tarixə düşən bu Livan ermənisi xalqının gələcəyini ancaq Azərbaycan və Türkiyə ilə münasibətlərin normalaşdırılmasında görür. 
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan həmkarları Serj Sarkis­yan və Robert Köçəryan, həmçinin Qa­rabağ separatçılarının keçmiş liderləri Bako Saakyan və Arkadi Qukasyanla qapalı görüşdən sonra baş nazir Nikol Paşinyanı Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırıb. Ter-Petrosyan bunu Ermənistanın İctimai Televiziyası­na müsahibəsində deyib. Sabiq prezi­dent deyib ki, Ermənistanı çətin və ağ­rılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imza­lamalı olacaq: “Bu, heç kimin xoşuna gəlmir, amma elə an gələcək ki, başqa seçim olmayacaq”. Katolikos II Qare­ginin vasitəçiliyi ilə keçirilən iki saatlıq qapalı görüş Azərbaycan ̶ Ermənistan sərhədində Ermənistan ordusunun ağır məğlubiyyətinə səbəb olan son toqquşmalar fonunda təşkil edilib. Gö­rüşün təfərrüatları barədə məlumat verilməsə də, sonradan mətbuata sız­dırılıb ki, “keçmiş prezidentlərdən biri” orada Ermənistanın təslim sənədini imzalamaqdan başqa çarəsi qalma­dığını deyib. Belə bir təklifi kimin irəli sürdüyünü təxmin etmək çətin deyil. Əslində, bunu Ermənistan televiziyasına müsahibəsində Levon Ter-Petrosyan da təsdiqləyərək, ölkəsinin Azərbaycanla kapitulyasiyaya bərabər sülh sazişi im­zalamaqdan başqa çarəsinin olmadığını vurğulayıb.
Keçmiş prezidentin sözlərinə görə, Bakı və Ankara ilə problemlər həll olun­masa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək. Eyni zamanda, Ter-Petrosyan Azərbaycanla mümkün sülh müqaviləsinin imzalan­masını “İrəvanın kapitulyasiyası” kimi qiymətləndirib. O, müsahibəsində qeyd edib ki, tarixdə ağ bayraq Ermənistandan çox güclü və nüfuzlu dövlətlər tərəfindən də qaldırılıb. Sabiq prezident misal kimi Yaponiyanın adını çəkib: “Dünyada elə bir qonşu ölkə yoxdur ki, onların ara­sında sülh sazişi imzalanmasın. Bəli, Azərbaycanla sülh müqaviləsinin imza­lanması Ermənistanın kapitulyasiyası­dır”.
Keçmiş prezident onu da qeyd edib ki, konkret kimin Ermənistan üçün belə ağır qərarlar verməsindən asılı olma­yaraq, o, yenə də satqın adlandırıla­caq: “Bütün qərarlar bizim üçün pisdir”. Ter-Petrosyan daha sonra vurğulayıb: “Mən vəzifəni belə görürəm: bütün pis variantlardan ən az ağrılı olanı seçmək lazımdır və buna nail olmaq üçün bizdə yalnız Nikol Paşinyanın bildiyi məlumat olmalıdır”. Ter-Petrosyanın fikrincə, hazırda Paşinyanı əvəz edən hər kəs Ermənistan üçün daha da xoşagəlməz sənəd imzalaya bilər. 
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddəki toq­quşmalardan sonra onun “satqın” adlan­dırılacağı, hətta hakimiyyətdən uzaqlaş­dırılacağı ilə nəticələnə biləcək sənədi imzalamaq istədiyini bildirib. Amma bu sözləri deməzdən əvvəl Paşinyan əlavə edib ki, istənilən sülh sazişi erməni xal­qının maraqlarına cavab verməsə, adi kağız parçasına çevriləcək. Buna bax­mayaraq, Paşinyanın “satqın sənədi” imzalamağa hazırlaşdığı xəbəri elə həmin gün İrəvanda və Xankəndidə kortəbii kütləvi etirazlara səbəb olub. N.Paşinyan etirazçıları sakitləşdirmək üçün hətta “Facebook”da canlı yayımda açıqlama verməli olub ki, “...onun sözləri təhrif edilib və heç bir sənədə imza at­maq fikrində deyil”. 
Ter-Petrosyan onu da bəyan edib ki, Ermənistan artıq Qarabağı tərk edib və bu məsələdə söz sahibi deyil. Onun sözlərinə görə, indiki vəziyyətdə dün­yada heç kim, hətta Rusiya da bu işdə İrəvana kömək edə bilməz. Ermənistanın birinci prezidentinin sözlərinə görə, ha­zırda dünyada vəziyyət “Karib böhra­nından da pisdir”. Ter-Petrosyan onu da əlavə edib ki, hazırda İrəvanın Qa­rabağ işlərində iştirakı yalnız humanitar yardımın göstərilməsi və iqtisadiyyatın bərpası ilə məhdudlaşır: “Ermənistan artıq Qarabağ məsələsində heç bir mü­hüm rol oynamır, onun səsvermə hüqu­qu yoxdur”. 
Əlbəttə, aydındır ki, Ter-Petrosyan türklərə məhəbbət bəsləmir, onun 1990-1994-cü illərdə oynadığı çirkin rolu unutmamışıq. Bununla belə, digər erməni siyasətçilərindən fərqli ola­raq, sabiq prezident gözəl anlayır ki, Ermənistanda siyasi sabitlik və maddi rifah yalnız revanşizmə və şovinizmə rəvac vermədən əldə edilə bilər. An­caq Ermənistan hələlik məsuliyyətli davranmır, Azərbaycan və Türkiyə ilə münasibətlərini Vətən müharibəsindən sonra yaranmış reallıqlara uyğunlaşdır­mağa tələsmir. 
Xatırladaq ki, bundan əvvəl Levon Ter-Petrosyan dəfələrlə Ermənistan cəmiyyətini qisasçılıq xülyaların­dan əl çəkib, Azərbaycanla sülh əldə etməyə çağırıb. Ter-Petrosyanın dediklərinə bircə onu əlavə etmək qalır ki, indiki şəraitdə regionda sülh yalnız Azərbaycanın Ermənistana təqdim et­diyi şərtlər əsasında mümkündür. On­lardan ən əsası isə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Yəni İrəvan Azərbaycana qarşı istənilən ərazi iddialarından əl çəkməlidir. Buna cavab olaraq Ermənistan bir tərəfdən Azərbaycanın şərtlərini qəbul etdiyini, digər tərəfdən isə sülhə doğru real ad­dımlar atmaqdan imtina etdiyini, Qara­bağla bağlı iddialarını irəli sürdüyünü, bununla da bu məsələni sülh danışıqları predmetinə çevirməyə çalışdığını bildirir. 
Xüsusilə qeyd etmək yerinə düşər ki, 1997-ci ilin noyabrında Ter-Petrosyan Qarabağ məsələsi ətrafında yaranmış vəziyyətə öz yanaşmasını “Müharibə, yoxsa sülh: ciddi olmaq vaxtıdır” adlı məqaləsində açıqlamışdı. Sabiq pre­zident məqaləsində qeyd etmişdi ki, “müharibə istisna olunmalıdır” və qar­şıdurmanı “yalnız sülh danışıqları vasitəsilə” həll etmək lazımdır. Daha son­ra vurğulamışdı ki, “status-kvonu uzun müddət saxlamaq olmaz, çünki buna nə dünya birliyi, nə də Ermənistanın iq­tisadi potensialı imkan verəcək”. Sabiq prezident məsələnin həlli üçün yeganə variant kimi kompromisin olduğunu yaz­mışdı. 
İndiki kimi, o zaman da Ter-Petrosyan erməni xalqı üçün ən ciddi proble­min − Qarabağ münaqişəsinin həllinin mümkün yolları ilə bağlı mətbuatda ciddi müzakirələrə başlamağa çalış­sa da, nəticədə özü və tərəfdarları hakimiyyətdən uzaqlamağa məcbur ol­muşdu. Sonrakı erməni prezidentləri Ter-Petrosyanın dediklərinə qulaq asma­dılar, əksinə, işğalçılıq siyasətini davam etdirdilər, Azərbaycana qarşı mütəmadi hərbi təxribatlar törətdilər. Azərbaycanın da cavabı tutarlı oldu və əks-hücum nəticəsində erməni işğalına son qo­yuldu. Əgər erməni xalqı sabiq prezi­dentin təklifini vaxtında qəbul etsəydi, İkinci Qarabağ müharibəsi baş verməz, Ermənistan da 30 il tranzit təcridində qalmazdı. İndi qərar vermək ermən xal­qının ixtiyarındadır, Azərbaycan stra­teji müttəfiqi Türkiyə ilə zamanı doğru qiymətləndirir, reallıqlara uyğun addım atır.
S.ELAY,

“Xalq qəzeti”

29 Sentyabr 2022 01:16 - SİYASƏT
SİYASƏT
6 Dekabr 2022 | 02:21
Ekspert rəyi
6 Dekabr 2022 | 02:15
İrəvanın məkrli siyasəti

Köhnə versiyamızdan xəbərləri izlə