Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğul Vətən üçündür

Yenə odsuz-ocaqsız yandı xalqımızın ürəyi, ataların-anaların sinəsi. İgid ərənlərimiz torpaqlarımızın müqəddəsliyi uğrunda canlarından keçdi. Analar-atalar oğul yerinə tabutlarına sarılmış üçrəngli bayrağa sığal çəkdilər. Bu acının, bu can yanğısının sadəcə bir təsəllisi oldu: “Vətən sağ olsun!” Yüzillərdir belədir, nəyisə dəyişdirmək mümkün deyil, amansız düşmən qapına dayandıqca, damarlarına qədər sənə yaxın olduqca savaşmağa məcbursan. İtirdiyimiz hər oğulla bərabər biz də ölürük, canımız yanır, nəfəsimiz tükənir. Amma yenə də təsəllimiz köməyə gəlir: “Biz bir ölür, min dirilirik”. Beləcə, dayanırıq bu təsəlliyə söykənərək. 

Bu il sentyabrın 12-də gecədən başlayaraq erməni silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatının qarşısını alarkən övladla­rımız bütün sevdiklərini geridə qoya­raq, Vətən sevgisinə təslim oldular. Zəhmətlə, min bir əziyyətlə, böyük arzularla böyüdüb boya-başa çatdır­dıqları, gələcəyinə ümid bəslədikləri gənc övladlarını çiyinlərində son ün­vana daşıdı atalar-analar. Oğul yerinə bayrağı öpüb, göz yaşları içində “Vətən sağ olsun” dedilər. Belə ata-analardan biri də Rəhimov Təbrizin valideynləridir. Ağ günlərini qara edən oğul dərdi bir ömür boyu canlarını yandırsa da, dimdik ayaq üstədilər, dərdə təslim olmurlar. Oğul Vətən üçündür, deyirlər. Rəhim ata ilə Rey­han ana bundan sonra nəvələrinə Təbriz əmisinin qəhrəmanlıqlarından danışacaq, nağıl qəhrəmanı kimi bəhs edəcəklər, Təbrizi bundan sonra belə yaşadacaqlar. 
Rəhimov Təbriz Rəhim oğlu 11 avqust 1990-cı ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşdu. Rəhimlə Reyhanın sonbeşikləri, göz nurları idi. Üç oğulun sonuncusuy­du. Təbrizin böyük qardaşı Pərviz 38 yaşındadır, ailəlidir. Pərvin də 36 yaşındadır, o da ailəlidir. Növbə 32 yaşlı Təbrizin idi. Onun da vaxtıydı, önümüzdəki ayların, günlərin birində sevib-seçdiyi bir gözəllə evlənəcək, ailə sahibi olacaqdı. Ata-anası ümidlə o günü gözləyirdi. Nə bilsinlər ki, baş­qa bir sevda var ki, ondan keçilmir. Böyük mütəfəkkir şairimiz Hüseyn Cavidin bir fikrini xatırladım: “Azadlıq, öylə nazlı afət ki, qan tökülməyincə üzə gülməz o işvəkar”. Təbrizin sev­dalısı daha işvəkardı, qurban istəyirdi, həm də Təbrizi...
Təbriz Gülövşə kənd orta məktəbini bitirdikdən sonra 2008-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xidməti borcunu Qazax rayonunda düşmənlə təmas xəttində yerinə ye­tirmişdi. Anası Reyhan xanım danışır ki, Təbriz hərbi xidmətdə olanda atası ilə yanına getmişdik. Hava dumanlı olduğundan yolu səhv salmışdıq. Du­manda irəliləyərkən sinəmə qırmızı işıq düşdüyünü gördüm, düşmənlər uzaqda deyildi. Yavaşca geriyə çəkilib istiqamətimizi dəyişdik. O gün düşmənin gülləsindən qurtara bildik, amma qədd-qamətli balam, qoçaq balam namərd gülləsindən qurtara bilmədi. Kaş mən öləydim, balam ya­şayaydı, Təbrizim yaşayaydı. 
Hərbi xidmət zamanı fərqləndiyinə görə komandirliyi tərəfindən təşəkkürnaməyə layiq görülən gənc əsgər Təbriz idmanın cüdo növü ilə məşğul olurdu. Bir çox yarışlarda işti­rak etmişdi. Xidmətini başa vurduqdan sonra kənddə yardımçı təsərrüfatda çalışmışdı. Əlindən hər iş gəlirdi. Bir müddət Rusiyada da işləyib. Ən son Bakıda ev təmir-tikinti işlərində çalı­şıb. Ancaq torpaqlarımızın düşmən tapdağında olması onu heç zaman ra­hat buraxmayıb. 
Əmisi I Qarabağ müharibəsi işti­rakçısı Qaşqay kişi deyir ki, uşaqlıq­dan çox vətənpərvər, ağıllı, qanacaqlı idi, kənddə hamı onu xeyirxah, cəsur, mərd bir gənc kimi tanıyırdı.
2020-ci ilin sentyabrında düşmən təxribatına cavab olaraq başlanan Vətən müharibəsi zamanı Təbriz Bakıdan işlərini atıb kəndə qayıdıb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gedərək könüllü döyüşlərə qatılmaq üçün müraciət edir. Anası onu göz yaşları ilə yola salmışdı. Əvvəlcə Gəncədəki hərbi hissəyə göndərilir. Bir neçə gündən sonra Gəncədən zəng edib, anasına etiraz edir: “Sevin ana, göz yaşların mənim müharibəyə gedib vuruşmaq arzumu yarıda qoy­du”. Dinə çox bağlı Təbrizin arzusu Şuşanın işğaldan azad edilməsində iştirak edib, Şuşa məscidində namaz qılmaq imiş. Reyhan xanım balası haqqında bu sözləri danışdıqca hön­kür-hönkür ağlayır, ürəyinin yanğısını göz yaşlarıyla canından çıxarır. Onun­la danışdıqca fikirləşirdim ki, sən tək deyilsən Reyhan xanım, şəhid anala­rının hamısı qan ağlayır. Yox, təkcə şəhid anaları deyil, bütün analar qan ağlayır. Deyirlər zirvədən sonra eniş başlayır. Şəhidlik enişi olmayan tək zirvədir. Reyhan ananın Təbrizi də o müqəddəs zirvədə qərar tutub. Anaya ürək-dirək verməyə çalışıram. Sənin bundan sonra müqəddəs adın var: Şəhid Anası,- deyirəm.
44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra öz istəyi ilə Təbrizi Gəncədən Goranboyda yerləşən hərbi hissəyə göndərirlər. O, burada müddətdən artıq hərbi qulluqçu kimi qalıb xidmət etmək istədiyini bildirsə də yaşına görə qəbul etmirlər. Kəndə qa­yıtdıqdan qısa müddət sonra Sərhəd Qoşunlarının Yevlaxda yerləşən “N” saylı hərbi hissəsinə müraciət edir və qəbul olunur. 3 ay burada kurs keçdikdən sonra müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Xızı rayo­nunda yerləşən hərbi hissəyə təyinat alır. Xızıda daha 3 ay kurs keçərək xüsusi təyinatlı kimi fəaliyyətini davam etdirir. Bir çox bölgələrə döyüş tapşı­rığı alan Təbriz ən son Zəngilan rayo­nunda olur. 
Həmin gün baş verən düşmən təxribatının qarşısını almaq üçün dö­yüş tapşırığı alırlar. Kəşfiyyat zama­nı çətin relyefi olan ərazidə xüsusi təyinatlı komanda düşmən mövqeyini aşkar edir. 12 sentyabr 2022-ci ildə öndə gedən Təbrizə və bir döyüş yol­daşına düşmənin sığınacağını qum­baraatanla vurmaq tapşırığı verilir. Təbriz sərrast atəşlə hədəfi məhv edir. Ancaq ürəyi soyumur, yanında­kı döyüş yoldaşı ilə əllərindəki avto­matla düşmən üzərinə hücum edirlər. Düşmən səngərdəki sığınacaqda, onlar isə açıq ərazidə idilər. İçindəki Vətən sevdası onu rahat burax­mır, ölümü düşünmədən düşmənin üstünə gedir. Təbrizlə döyüş yoldaşı xeyli düşməni məhv etsələr də, he­yif ki, özləri də düşmən gülləsinə tuş gəlirlər. 
Komandirin atasına danışdığına görə, onlar 4 saat neytral zonada atəş altında qalıblar. Nə qədər cəhd etsələr də onları götürmək mümkün olmayıb. Düşmən tam zərərsizləşdirildikdən sonra Təbrizin və döyüş dostu­nun nəşini götürmək mümkün olub. Təbrizlə döyüş dostunun vurduqları sığınacaqda 17 düşmən cəsədi aş­karlanıb. Anası danışır ki, həmişə deyirdi, ana, sən bilirsən mən harada işləyirəm. Deməli hər şeyə hazır ol­malısan. Bilirsən ki, hər şeydən öndə Vətən gəlir. “Balamın arzuları çox idi. Həmişə qardaşlarının uşaqlarını, dostlarının uşaqlarını sevərdi. Özü də nəhayət evlənmək eşqinə düşmüşdü. Balam arzusuna çatmadı”. 
Rəhimovların gözəl ailəsi var. Yüksək mədəniyyət, nizam-intizam, vətənpərvərlik, böyük-kiçiyə hörmət ilk baxışdan diqqətimi cəlb elədi. Baxdı­ğım gözlərdəki kədərdən bəhs etməyə acizəm. Bu qədər sonsuz kədərin içində bütün şəhid ailələrinə məxsus qürur, əyilməzlik, mərdlik var idi. 
İçimdən bunlar keçdi ayrılarkən, biz Təbrizə həsrət, Təbriz bizə. Nə fərqi var ya şəhidi olsun, ya şəhəri. Təbrizlər bizi Təbriz sevdamıza qo­vuşdurmaq üçün əbədi yaşayacaqlar. Məkanın və zamanın fərqi yoxdur! 
Əminə YUSİFQIZI, 
Respublikanın Əməkdar jurnalisti

29 Sentyabr 2022 01:01 - CƏMİYYƏT
CƏMİYYƏT
6 Dekabr 2022 | 00:57
İnsan fəsillər kimidir...

Köhnə versiyamızdan xəbərləri izlə