Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yarımçıq ömür olmur, yarımçıq işlər qalır, Məmməd Nazimoğlu...

Kiminsə tərcümeyi-halını oxuyarkən yadda saxlayın, həqiqət heç zaman dərc edilmək üçün yaramır. 
Bernard ŞOU

Həmişə sıramızda olduğunu sandığıma görə bu sətirləri məhz sənə xitabən qələmə alıram. Sən xalis orijinallıq nümunəsi idin, Məmməd. Özün də, həyatın da, yazıların da, qoyub getdiyin məktəbin də, atmaca və ironiyaların da orijinal idi. Bir dəfə İlham Abbasova demişdim ki, Məmmədin kostyumu da, xarakteri də, yaradıcılığı da həmişə əyninə biçilmiş kimi görünür. Qəribədir, sən jurnalistikada heç kəsə bənzəmək istəmədiyin kimi, heç kəs də sənə oxşamaq istəmədi. 
Sənin jurnalistikadan və ayrı-ayrı həmkarlarından heç bir tələbin, istəyin, tövsiyən yox idi. Halbuki, tələb etməyə haqqı olanların önündə idin. Ancaq həmkarların haqqında danı­şanda sezirdim ki, cəmi iki arzun var: Jurnalist sadə olsun, yazılar səmimi. Bir də plagiatçılıq­dan çox qorxurdun. Alllah sənə rəhmət eləsin, bu gün planetimizin qələm, yazı-pozu mövcud olan bütün guşələrində plagiatçılıq at oynadır. 
Plagiatçılıqdan söz düşmüşkən, xatırladım ki, mən də indi həmin yolu tutaraq, sənin haqqın­da nə vaxtsa ( hər halda bu əsrdə olub) qələmə aldığım bir yazının əvvəlki cümlələrini yada sal­maq istəyirəm. Çünki həmin sətirlər “Xalq qəzeti” oxucuları üçün tamamilə yenidir. Bu məqamda sənin bir ifadən köməyimə gəlir. Demişdin ki, kimsə özünün keçmiş yazısından bəhrələnirsə, bu, plagiatçılıq deyil, təkrarçılıqdır. 
Qərəz, yetmişinci illərin əvvəlləri idi. Onda hələ rayonda yaşayırdım. Atamla təsərrüfat işlərindən qayıdırdıq. Tarladan evə çatana qədər beş-altı nəfərlə salamlaşdıq və görüş­düyümüz adamların bəziləri atamla söhbət etdilər. Eşitdiklərimin bir neçəsi ürəyimcə ol­madı. Rastlaşdığımız adamların hamısı ya qo­humlarımız, ya da qonşularımız idi. Amma çox fərqli düşüncələri var idi. Bu təəssüratımı atama bildirəndə dedi: – İnsanlar da bulud kimidir. Bu­ludların biri narın yağış yağdırıb təbiəti sevin­dirir, birindən dolu yağıb yerdə şitilləri, ağacda meyvələri, quş yuvalarında körpə balaları məhv edir, biri leysan yağdırıb sel-daşqın törədir, biri də ağ bulud olur – eləcə ziyansız, xətərsiz, gözəl görünür. Sən bax, həmin ağ bulud idin, Məmməd Nazimoğlu.
Sən gedəndən sonra həmkarlarından biri “Məmməd Nazimoğlunun yarımçıq ömrü” adlı yazı qələmə almışdı. Etiraz etdim. Özü də ciddi şəkildə. Dedim, a kişi, hamı özü üçün yazılmış ömrü tam yaşayır. Məmməd 25 yaşında dünya­sını dəyişsəydi də həmin 25 il onun ömrü ola­caqdı, 95 yaşında yığışıb getsəydi, yenə də elə. Yəni yarımçıq ömür olmur, yarımçıq işlər qalır. Necə ki, sənin çoxsaylı işlərin yarımçıq qaldı. Həyatın təzyiqlərinə, yaşadığın günlərin sıxıntı­larına, “bəxtin bəxş etdiyi” məhrumiyyətlərə beş il, on il də tab gətirə bilsəydin, səni bilmirəm, mətbuatımız daha çox qazana bilərdi. 
Sən onsuz da az iş görməmişdin. Ağdaşdan – qobu üstündən düşüb gələrək, (doğulduğun kəndin adı Qobuüstü olduğunu nəzərdə tuturam) paytaxtda, ölkə mətbuatının ən ünlü simaları sırasında dayanmaq o qədər də asan məsələ deyildi. Həm də sənin kimi abırlı, ləyaqətli, şəxsiyyətli, hər cür mənfiliklərdən uzaq olan bir gənc üçün. Sənin uğura gedən bütün yollarını tale açmışdı. Elə tale də bağladı.
Yeri gəlmişkən, sən Azərbaycanın ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarından biri olmuşdun. “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “525-ci qəzet”, “Azadlıq”, “Şans” qəzetlərinin yazarı, ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən biri, Söz Azadlığını Müdafiə Fon­dunun icraçı direktoru olmuşdun. 
Bunların hamısından əvvəl isə, sən bü­tün azərbaycanlıların “Çayçı Məmmədi” idin.Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, sənin vəfatının ilk ildönümü günü keçirilən tədbirdə mənim bir reklamın adına işarə edərək dediyim “Məmməd bizi birləşdirən dəyər idi” cümləmi ölkədəki qəzetlərin bəlkə də yarısı təkrarlamışdı. Mən mat qalırdım, həsəd aparır­dım ki, iqtidarlı, müxalifətli bütün jurnalistlər, oxu­cuların hamısı, siyasətçilərin əksəriyyəti səni öz əzizi kimi qarşılayır, arayıb, axtarırdı. Bunu necə bacarmışdın, ey Nazimoğlu?
... İş otağımın pəncərəsi “Nizami” kinoteat­rı tərəfə baxır. Sən də xeyli müddət bu binanın məhz bu mərtəbəsini şərəfləndirmişdin. Hərdən, xüsusilə, yağışlı havalarda pəncərədən baxanda elə güman edirəm ki, indicə kinoteatr tərəfdən qalın gödəkçəsinin yaxasını sıx-sıx düymələmiş Mehdi Mükərrəmoğlu və nazik plaşını çıxarıb qolunun üstündə tutmuş Məmməd Nazimoğlu gələcək. Bu, xoşbəxtlikdir ki, nəinki əzizlərin, qohumların, dostların, həmkarların, hətta qəzetlərdən imzanı tanıyanlar da səni unuda bilmirlər. Sən o qədər istedadlısan ki, bizdən ay­rılmağından 14 ildən çox keçməsinə baxmaya­raq, hələ də mənim yaşda, gəlməyəcəyini dəqiq bilən ahıl jurnalisti də “aldatmağı” bacarırsan. Allah sənə rəhmət eləsin!
...Ayın əvvəlində “Facebook”da sənin haq­qında paylaşdığım yazıya belə sərlövhə ver­mişdim: “Sentyabr Məmməd Nazimoğlu ayıdır”. Mərhum dostun Fəxrəddin Cumayevin sözü idi. Ona görə də indi heç nə yazmaq fikrində deyil­dim. Bu sətirlərin qələmə alınması isə başqa bir dostunun – vaxtilə çalışdığın “Xalq qəzeti”nin in­diki baş redaktorunun təşəbbüsü oldu. Rahat yat ki, unudulmursan.
İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

29 Sentyabr 2022 00:53 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə