Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidlərimizi anarkən

Şəhidlər... Bu kəlmə son otuz ildə həyatımıza daxil olmuşdur. Xalqımızın milli müstəqillik uğrunda mübarizəsi, mənfur qonşularımız tərəfindən torpaqlarımızın işğalı və nəhayət, möhtəşəm Zəfər təntənəmiz, Vətənimizin azadlığa qovuşması – bütün bunları biz birlikdə yaşamışıq. Bu yolu ümummilli liderimiz Heydər Əliyevin açdığı yolla irəliləyərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinə qalxaraq keçmişik. Bu faktları şəhidlərimizin və qazilərimizin sayəsində qazanılan qələbələrə sevinərək və kədərlənərək xatırlayırıq. Təəssüf ki, Şəhidlərimiz bu gün də var. Bu gün də Vətənimizdə sülhün keşiyində duran qəhrəman əsgərlərimiz arasında itkilərimiz olur. Ancaq Vətən uğrunda ölüm şərəfli ölümdür. Şəhidlər öz ölümü ilə Vətən tarixində öz izlərini qoyurlar, qəlbimizdə öz heykəllərini ucaldırlar. Vətən öz qəhrəmanlarını unutmur, onların adını əbədiləşdirir.
2020-ci ildə başlayan və qələbə ilə nəticələnən Vətən müharibəsindən iki il ötdü və məhz sentyabrın 27-si xalqımız şəhidlərimizin Anım Gününü qeyd etdi. Bu, çox hüznlü, çox da qürurlu bir gündür. Bu, Böyük Zəfər yolunun başlanğıc günüdür. 
Təbii ki, mədəniyyət və incəsənət xadimlərimiz bütün bu illərdə xalqımızın, dövlətimizin, möhtərəm Prezidentimizin yanın­da olmuş, bəstəkarlarımız yaratdığı əsərlərlə keçdiyimiz bu şərəfli yolu, şəhidlərimizin xatirəsini öz əsərlərində əbədiləşdirmişdir. Vətənimizin tarixində baş verən kədərli və se­vincli hadisələri əks etdirən çoxsaylı əsərlər yaranmışdır: mahnıdan, balladadan, odadan tutmuş, kantata, oratoriya, simfoniya və ope­ralara qədər. Bütün bu əsərlərdə bəstəkarların qəlb çırpıntıları, düşüncə tərzi, Vətənin taleyinə görə narahatlığı və Qələbəyə inamı öz əksini tapıb. Lakin bu əsərlərdə şəhidlərin ruhuna hörmət öndə durur. Əsərlərin bir çoxunun adın­da da bunu görə bilərik. Hələ 30 il bundan öncə görkəmli bəstəkarlarımızdan Cövdət Hacıyevin “Şəhidlər”, Azər Rzayevin “Bakı-90”, Nəriman Məmmədovun “Xocalı şəhidlərinə”, Azər Da­daşovun “Şuşa”, Tofiq Bakıxanovun “Qarabağ harayı” simfoniyalarını, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasını, Məmməd Quliyevin “Simfoniya-Rekviyem”ini, Oqtay Ka­zıminin “Murovdağ nəğmələri” oratoriyasını, Sevda İbrahimovanın “Vətən şəhidlərinə” kan­tatasını və onlarca, yüzlərlə digər əsərləri qeyd edə bilərik. Bəstəkar əsərləri bu gün də yaran­maqda davam edir. Bütün bu əsərlərdə şəhidlik mövzusu, Qarabağ faciəsi, Vətənpərvərlik hissləri öz dolğun təcəssümünü tapmış­dır. Əlbəttə ki, şəhidlik kimi ali bir mövzuya müraciət edərkən, hər bir bəstəkar musiqi üs­lubuna uyğun olaraq, bu mövzunu açmağa ça­lışmışdır. Lakin bu əsərləri birləşdirən mövzu – Vətənin azadlığının, şəhidlərin ölməzliyinin, bəstəkarların vətəndaşlıq mövqeyinin əks olunmasıdır. Biz əminik ki, “Vətən” və “Şəhidlik” mövzuları musiqimizin əbədi mövzusu olaraq, mədəniyyət və incəsənət xadimlərinin daim diqqət mərkəzində olacaqdır.
Şəhidlərin ruhu qarşısında baş əyərək deyi­rik: Qarabağ Azərbaycandır! 
Fərhad BƏDƏLBƏYLİ,

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor 

 

29 Sentyabr 2022 00:47 - SİYASƏT
SİYASƏT
6 Dekabr 2022 | 02:21
Ekspert rəyi
6 Dekabr 2022 | 02:15
İrəvanın məkrli siyasəti

Köhnə versiyamızdan xəbərləri izlə