Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) FHN işçilərinin Həmkarlar İtti­faqının dəstəyi ilə Xidmətin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman bazasında yanğın-xilasetmə idman növü üzrə respublika birinciliyinin final mərhələsini keçirib. 
Birincilik FHN-in DYMX-nin şəxsi heyətinin peşə və fiziki hazırlıq səviyyəsinin daha da yüksəldilməsi, eləcə də yanğın-xilasetmə idma­nının populyarlaşdırılma­sı və gənclər arasında təbliği məqsədilə təşkil edilib. 
Yanğınsöndürən və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası tərəfindən təsdiq olunan “Yanğın-xilasetmə idmanının Qaydaları”na uyğun ola­raq keçirilən Respublika birinciliyində ümumilikdə 120 nəfərdən ibarət 12 komanda iştirak edib. 
Komandalar yanğınların söndürülməsində tətbiq edilən müxtəlif döyüş hərəkətləri kompleksindən ibarət olmaqla hücum nərdivanı ilə təlim qülləsinin dördüncü mərtəbəsinə qalxma, 100 metrlik maneəli zolağı dəfetmə və döyüş açılışını yerinə yetirmə üzrə qüvvələrini sınayıblar. 
Komanda yarışında hər üç növ üzrə Azərbaycan Respubli­kası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin (YMİ) komandası ən yaxşı nəticə göstərərək birinci yerə layiq görülüb. 
Hücum nərdivanı ilə təlim qülləsinin dördüncü mərtəbəsinə qalxma yarışında Səbail rayon Yanğından Mühafizə Hissəsinin (YMH) komandası ikinci, Nəsimi rayon YMH-nin komandası isə üçüncü yeri tutub. 
100 metrlik maneəli zolağın dəf edilməsi növü üzrə koman­da yarışında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə YMİ-nin ikinci komandası ikinci, Sumqayıt şəhər YMİ-nin komandası isə üçüncü yerə layiq görülüb. 
Döyüş açılışı növü üzrə komanda yarışında isə Səbail rayon YMH-nin komandası ikinci, Sumqayıt şəhər YMİ-nin komandası isə üçüncü yerə layiq görülüb. 
“Xalq qəzeti”

28 Sentyabr 2022 23:28 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə