Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni dönəmin başlanğıc günü – 27 sentyabr

27 sentyabr bir dönəmin başlanğlıc günüdür. Görəsən, 44 günlük müharibə başlamaya bilərdimi? Ermənistanın Azərbaycan torpaqlarını işğalının aradan qaldırılmasının qeyri - hərbi yolu mümkün idimi? Bu istiqamətdəki bütün sualların ümumi bir cavabı var: işğalı aradan qaldırmağa heç bir ümid yaratmayan Ermənistan və onların ikili standartlar uyqulayan güclü havadarları qarşımızda ola- ola hərbi-siyasi yolun alternativi yox idi...

 

 27 sentyabradək olan 200 illik dönəm...

 

 Söhbət Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətindən gedir. Az-çox tarix bilgisi olanlar yaxşı bilir ki, ermənilərin əzəli-əbədi Azərbaycan torpağı olan Qarabağa köçürüldüyü dönəmdən etibarən xalqımıza qarşı başlamış yağı düşmənçilik siyasəti gizli və ya açıq şəkil alaraq qərinələr boyu davam edib. Ermənilər çar Rusiyasının əli ilə Qarabağda məskunlaşdırıldığı dönəmdən bəri bizim toponimləri dəyişməyə başlayıb, münbit, əlverişli əraziləri ələ keçirməyə çalışıb və çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları ən müxtəlif üsul və vasitələrlə sıxışdırıblar. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda, hətta Arazın o tayında (!) on minlərlə dinc azərbaycanlı əhali soyqırım aktına uğradılıb, yaşayış yerlərindən qovulub, işgəncələr görüb. Yəni coğrafi məkan qorxunc dərəcədə böyükdür və dünya erməniliyinin, onların himayədarlarının bu soyqırımları məqsədyönlü işlədikləri danılmaz faktdır. Bax, 27 sentyabradək olan dönəm bu qədər uzaqlardan başlayır...

 

Sovet dövründə davam edən erməni məkri və ermənitanlı siyasət

 

Təəssüf ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından didərgin salınması “beynəlmiləl” Sovet dönəmində nəinki dayandırılıb, hətta davam və inkişaf etdirilib... Sovetləşmənin ilk aylarında Azərbaycan Zəngəzuru itirib... 1948-1953-cü illərdə isə Ermənistanda – Qərbi Azərbaycandakı tarixi dədə-baba torpaqlarından 150 minə yaxın soydaşımız deportasiya olunub. Onlar Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə daha 300 minə yaxın soydaşımız öz doğma el-obasından, yurdundan zorla çıxarılıb; bununla da Ermənistan faktiki monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “Dənizdən dənizə Ermənistan” adlı boş ideyasını gerçəkləşdirmək cəhdi kəndlərin, qəsəbələrin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınması ilə nəticələnib.

 

 İlk siyasi-hüquqi qiymət

 

 Azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdiyi soyqırım siyasətinə ümummilli lider ilk dəfə 26 mart 1998-ci ildə imzaladığı fərmanla tarixi dəyər vermiş oldu. – 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Xalqımız, dövlətimiz hər il Soyqırım qurbanlarını anır, yaddaşını təzələyir, beynəlxalq ictimaiyyəti bilgiləndirir. Tariximiz – bütün uğurları və uğursuzluqları ilə, sevinci və kədəri ilə bizimdir və biz ona yiyə dururuq.

Ermənilərin araverməyən işğal siyasəti rəsmi İrəvanın hərbi cinayətləri illərlə davam edib: azalıb-artıb amma kəsilməyib... 1988 –1994-cü illər içində xarici havadarları tərəfindən açıq və gizli surətdə silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri, bədnam 366-cı motoataıcı alayın dəstəyi ilə 7 min əhalisi olan Xocalı şəhərində soyqırım həyata keçirib. Beləliklə, Ermənistanın Azərbaycan elanolunmamış müharibəsini aradan qaldırmaq, işğala son vermək üçün güc tətbiq etməkdən savayı yol qalmamış oldu. Bu işdə ikili standartlar – beynəlxalq riyakarlıqlar az rol oynamadı.

 

 Bütün acizliklərə vurulan zəruri zərbə

Müvafiq nizamlanma üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu öz fəaliyyətinin 29 ili içində məsələnin həllinə yox, tam tərsinə - dondurulmasına çalışdı. Bununla da illərlə aparılan danışıqlar sonucsuz qalmış oldu. İşə baxın ki, işğalçı (Ermənistan) ilə işğala məruz qalmış Azərbaycana eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi, Ermənistanla münasibətsizliklərə, işğala danışıqlar yolu ilə çözüm bulmağa çalışdı. Digər bir təşkilat – bu dəfə, dünyanın ən böyük təsisatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə faktiki acizlik nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi (822, 853, 874, 884) 27 il kağız üzərində qaldı və icra olunmadı... 27 sentyabrda başlayan müharibə ilə Azərbaycan Ordusu bütün acizlikləri aradan qaldırdı, BMT-nin, ATƏT-in etmədiyi, edə bilmədiyini özü 44 gündə bacardı!

 

 

 Erməni anlamazlığı

 

Uzun illər aparılan sülh danışıqları Ermənistanın qeyr-ciddi, pozucu yanaşmaları üzündən bir sonuc vermədi. Silahlar dindi və bəlli oldu ki, sülhtanımayan Ermənistan və havadarları ləyaqətli müharibəni də apara bilmir. Ermənistan hərbi-siyasi rəhbərliyi, dünya erməniliyi 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt və 2020-ci ilin Tovuz Döyüşlərindən nəticə çıxarmağı bacarmadı. Bardağı daşıran son damla 27 sentyabr 2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtəri, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq respublikamıza qarşı növbəti təcavüz aktına başladı. Hərbi qulluqçularımızla yanaşı 11 dinc sakinimiz, o cümlədən 2 uşaq həlak oldu. Sonucda, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 27 sentyabrdan etibarən 44 günlük Zəfər sürəci başlamış oldu.

 

Vətən müharibəsi və tarixi Zəfər

 

44 günlük müharibədə Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın başçılığı ilə tarixi ədaləti bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri I Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri azad etməyə başladı. 44 gün davam edən II Qarabağ müharibəsi şanlı ordumuzun gücünü, dövlət-xalq birliyinin təntənəsini göstərdi. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı sonucunda 5 şəhər, 4 qəsəbə, 286 kənd, habelə Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik işğaldan azad edildi. Bəyanata müvafiq olaraq, Ağdam, Kəlbəcər və Laçının işğalda qalan hissələri hərbi əməliyyatlarsız azad olundu. Vətən Müharibəsində 2907 hərbçimiz şəhid oldu, mindən çox əsgərimiz yaralandı; 6 nəfər isə hələ də itkin sayılır... Şəhidlərimizin əziz ruhu qarşısında dərin sayğılarla baş əyir, yaralı qazilərimizin öz sağlamlıqlarına qovuşmasını, itkinlərimizin tapılmasını Ulu Tanrıdan diləyirik.

 

II Qarabağ müharibəsi bizim şanlı tariximizdir

 

Bəli, tarixi Zəfərimiz tarixdən silinməyəcək böyük hadisədir! Azərbaycanın Şanlı Ordusu cəmi 44 gün içində düşmən ordusunun belini qırdı, 30 illik işğala son qoydu, xalqın ruhunu dirçəltdi.

Düşməndən ağır intiqam alındı, işğalçı ordu torpaqlarımızdan qovuldu, ədalət bərpa olundu. Ləyaqətli Zəfər qazanmış Azərbaycan dövləti qürurludur, alnıaçıq, üzü ağdır!

Azərbaycan Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən Müharibəsinin başlandığı günün – 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. 02.12.2020-ci ildə imzalanmış bu sərəncam şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Eyni zamanda, paytaxtımızda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunur. Ayrıca, Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində II Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. “Dəmir yumruq” abidəsi isə artıq işğaldana zad olunmuş şəhər və kəndlərimizə yaraşıq verməkdədir.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. Yüksək “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal (“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”) təsis olunub. Vətən müharibəsində Qələbə münasibətilə orden və medalların təsis olunması iştirakçılara yüksək diqqətin, eləcə də, zəfərimizin əbədiləşdirilməsinin – gələcək nəsillər üçün qiymətli irsə çevrilməsinin təcəssümüdür.

Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

 

Qənirə PAŞAYEVA,

Milli Məcıisin Mədəniyyət komitəsinin sədri

28 Sentyabr 2022 17:17 - CƏMİYYƏT
CƏMİYYƏT
6 Dekabr 2022 | 00:57
İnsan fəsillər kimidir...

Köhnə versiyamızdan xəbərləri izlə